Xalqımız müdrik seçimi ilə tanınır
Digər xəbərlər

Xalqımız müdrik seçimi ilə tanınır

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib və seçkinin 2024-cü il fevralın 7-də keçirilməsi üçün Seçki Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq işlər görülür. Çoxsaylı seçkilərdə iştirak etdiyimə görə demək istərdim ki, bu seçki Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici Zəfər seçkisi kimi tarixə düşəcək. Çünki 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Ölkəmiz yeni bir inkişaf mərhələsinə qədəm qoyaraq dünyada rolunu genişləndirib. 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən talan edilən torpaqlarımız yenidən qurulur və tam müasirləşir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident seçildiyi ilk gündən xalqa verdiyi sözə əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər bir vaxtlar işğal altında olan rayonlarda şərəflə dalğalandırdı. İndi həmin rayonların əhalisi ilk dəfə öz doğma yurdlarında seçkiyə qatılacaqlar. Növbədənkənar prezident seçkilərinin 2024-cü ilin fevralına təyin edilməsini şərtləndirən əsas amillər də şübhəsiz ki, ilk növbədə, Azərbaycan xalqının mənafeyinə, dövlətimizin milli maraqlarına xidmət edir. Seçki kifayət qədər ciddi, məsuliyyətli olmaqla cəmiyyətin formalaşmasında hər bir insanın seçimi üzərində qurulan bir prosesdir. Seçkinin təşkili prosesi üçün dövlətin inzibati resurslarının da cəlb edildiyini nəzərə alsaq, prezident seçkilərinin 2024-cü ilin fevralına təyin edilməsi ən doğru zamandır.

Bir vacib məsələyə də toxunmaq istərdim. Ölkəmizin son dərəcə yüksək inkişaf etdiyi bir məqamda bəzi xarici qüvvələr xalqımızın arzu və istəyinin əksinə olaraq sabitliyi pozamq üçün hərəkətə keçiblər. Lakin unutmaq olmaz ki, öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı əsassız fikirləri sadəcə demaqogiyadır.

Çünki "Siyasi partiyalar haqqında" yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində faəliyyətsizliyi ilə bütün limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Lakin belə ucuz demaqogiya bizi öz yolumuzdan döndərə biləcək gücə malik deyil. Xalqımız 1993-cü ilin oktyabr ayından başlayaraq bu günə qədər keçirilən bütün seçkilərdə öz qərarını verərək gələcəyə doğru inamla gedir.

2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın növbəti mərhələdə bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaradılması baxımdan da çox mühüm rol oynayacaq. Çünki xalqımız heç vaxt seçimində yanılmayıb və müdrikliyini qoruyub saxlayıb.

Bu səbəbdən də, xalqımızın növbədənkənar seçkilərdə azad və demokratik şəraitdə seçəcəyi prezident növbəti mərhələdə Azərbaycanı daha böyük sürətlə inkişaf etdirəcək.

Seyfəddin ABDULLAYEV,

Ağsu Rayon Ağsaqqallar Şurasının sədri.