Vətən fədaisi
Region

Vətən fədaisi

Vətən üçün doğulmaq, vətən üçün yaşamaq və vətən uğrunda ölmək... Bu üç cəhəti özündə cəm edən kəs əsl vətən övladı, vətən fədaisidir. Onların həyatda tək bir amalı, məqsədi olur-Vətən!  

Ötən gün Gəncədə İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun 40 mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Rayon rəhbəri Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib, səbir diləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq şəhid Orxan Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

               Zabit XƏLİLOV,

             “Respublika”.