Bu il anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev təkcə müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixə öz adını yazmayıb. Ulu Öndər hələ keçmiş Sovet İttifaqı dövründə yüksək vəzifələrdə çalışarkən də Azərbaycanın gələcəyi və inkişafı üçün misilsiz işlər görmüşdür.
Bu gün ölkəmizdə bir çox sahələr kimi, seysmologiya elminin inkişaf etməsi də dahi rəhbərin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyev həm keçmiş sovet dövründə, həm də Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə seysmologiya sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərmiş və qayğısını əsirgəməmişdir. Onu da qeyd etmək lazımdır ki, keçmiş sovet dövründə bu İttifaqa daxil olan respublikalarda, eləcə də Azərbaycanda ayrıca seysmoloji mərkəzlər yox idi. Bu sahələrə də nəzarət ümumittifaq səviyyəsində idi.
Azərbaycanda sistemli seysmoloji tədqiqatların başlanğıcını 1978-ci ildən hesab etmək olar. Bununla bağlı o zamankı Azərbaycan SSR Mərkəzi Komitəsi Nazirlər Sovetinin müvafiq qərarı var idi. Həmin Qərara əsasən 1979-cu ildə AMEA-nın "Geofizika" Elm Mərkəzində Təcrübi-Metodiki Seysmoloji Partiya yaradılmışdı. Bu partiyanın tərkibinə on seysmik stansiya daxil idi (Bakı, Gəncə, Şamaxı, Pirqulu, Mingəçevir, Şəki, Lənkəran, Naxçıvan, Çilov adası və Lökbatan).
Düzdür, ona qədər də ayrı-ayrı qurumların tərkibində geofiziki partiyalar, ekspedisiyalar olmuşdur. Çünki Azərbaycanda instrumental müşahidələrin tarixi daha böyükdür və bu tarix 1902-ci ildən başlanır. 1899-cu il dekabrın 31-də Axalkalakidə baş vermiş güclü zəlzələ Gürcüstanda böyük dağıntılar yaratmışdı. Ona görə də çar hökuməti Qafqaz ölkələrində seysmik müşahidələrin aparılması ilə bağlı qərar vermişdi. Həmin qərara əsasən 1902-ci ildə çar hökumətinin göstərişi ilə Azərbaycanda üç yerdə seysmik cihazlar quraşdırıldı.
1980-ci ildə Təcrübi-Metodiki Geofizika Ekspedisiyasının tərkibində yeni təcrübi-metodiki partiyalar fəaliyyətə başladı. Bu partiyaların əsas fəaliyyət istiqamətləri kimi geofiziki və geokimyəvi sahələrin xarakteristikası, zaman və məkana görə zəlzələ prioritetlərinin keyfiyyət və kəmiyyətlə əlaqələrinin üzə çıxarılması götürülmüşdü.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gələndən sonra, baxmayaraq ki, o vaxt Qarabağda müharibə davam edirdi, 90-cı illərin əvvəllərində cəbhə hakimiyyəti ölkədə xaos vəziyyət yaratmışdı, belə bir çətin dövrdə ilk olaraq diqqət göstərdiyi sahələrdən biri də məhz seysmologiya sahəsi oldu. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində faktiki olaraq, bu sahədə işlər dayanmaq üzrə idi. Köhnə cihazların çoxunun istismar müddəti bitmişdi. Qarabağda olan üç seysmik stansiyamızı - Ağdam, Kəlbəcər və Cəbrayıl rayonlarının işğalı zamanı ermənilər vəhşicəsinə məhv etmişdilər. Ulu Öndərin göstərişinə əsasən 1994-cü ildən yenidən dövlət tərəfindən bizə bəzi cihazlar alındı və bu istiqamətdə tədqiqatlar davam etdirildi. Həmçinin təşkilatın statusu dəyişdirildi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 1999-cu il tarixli 46 nömrəli Qərarı ilə Təcrübi - Metodiki Geofizika Ekspedisiyasının bazası əsasında AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yaradıldı və mərkəzin Əsasnaməsi təsdiq olundu.
2000-ci il noyabr ayının 25-də Bakıda baş verən zəlzələdən sonra Ulu Öndər Heydər Əliyev ölkəmizdə seysmoloji tədqiqatların müasir səviyyədə aparılmasını təmin etmək üçün Nazirlər Kabinetinə ən yeni cihaz və avadanlıqların alınması barədə göstəriş vermişdi.
Həmin göstərişə əsasən tender keçirildi və ilkin olaraq ABŞ-ın "Kinemetrics" şirkətinin istehsalı olan 14 dəst seysmik stansiya alınıb ölkəmizə gətirildi. Beləliklə, 2003-cü ildən etibarən ölkəmizdə peyk rabitəsi ilə işləyən seysmik stansiyalar işə salındı. Daha sonra əlavə 9 dəst seysmik stansiya alınaraq respublikanın ayrı-ayrı ərazisində quraşdırıldı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin dəstəyi ilə Mərkəzin seysmik stansiyalar şəbəkəsi sonradan bir az da genişləndirildi. Hazırda RSXM-nin respublika ərazisində 84 seysmik stansiyası fəaliyyət göstərir. Bundan başqa, 24 ədəd GPS stansiyalar var ki, bunlardan biri 8324 metr dərinlikdə olan quyu üzərində quraşdırılmışdır və dünyada bu, bir ilkdir. Bundan başqa, mərkəz tərəfindən beynəlxalq qrant layihəsi çərçivəsində alınıb ölkəmizə gətirilmiş və artıq quraşdırılma prosesi tam başa çatmış 22 ədəd seysmik stansiyanın 12 ədədi dünyada ilk dəfə olaraq palçıq vulkanlarının ətrafında quraşdırılıb. Həmin stansiyalar vasitəsilə palçıq vulkanlarının dinamikası öyrənilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamına əsasən bu il ölkəmizdə Ulu Öndərimizin anadan olmasının 100 illiyinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir. Azərbaycan seysmoloqları olaraq biz də Ulu Öndərin 100 illik yubileyinə öz töhfəmizi vermək istədik və 6-9 iyun 2023-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Seysmologiya və mühəndisi seysmologiya" mövzusunda VII Beynəlxalq Konfrans təşkil etdik.
Konfransda doqquz xarici ölkədən (ABŞ, Böyük Britaniya, Qazaxıstan, Cənubi Afrika Respublikası, Rusiya, Gürcüstan, Türkiyə, Qətər) olan seysmoloq alim və mütəxəsisslər, Türkiyə Elm və Texnoloji Tədqiqat Şurasının (TUBİTAK) prezidenti, professor Hasan Mandal, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, eləcə də elmi institut və təşkilatların rəhbərləri, ali məktəb rektorları iştirak edirdilər.
On beş xarici ölkədən olan seysmoloq alim və mütəxəssislər konfransa öz elmi məqalələrini təqdim etmişdilər ki, həmin məqalələr də toplu şəklində kitab halında nəşr edilərək iştirakçılara təqdim olundu. Müvafiq bölmələr üzrə iki gün davam edən konfransda yerli və xarici ölkələrdən olan seysmoloq alimlər və mütəxəssislər zəlzələlərin baş vermə səbəbləri, qırılmalar, zəlzələlərdən sonra Yerin geoloji quruluşunda baş verən dəyişikliklər, binaların zəlzələyə davamlılığı, palçıq vulkanları ilə zəlzələlər arasındakı əlaqə, zəlzələlərin ocaq mexanizmlərinin hesablanması, seysmik təhlükələr və risklərə dair məruzələrini təqdim etdilər.
Beynəlxalq konfransda iştirak edən xarici ölkələrdən olan qonaqların işğaldan azad olunmuş ərazilərimizə və Şuşa şəhərinə səfərini təşkil etdik. Xarici qonaqlar Füzuli rayonunda olarkən orada ermənilərin hansı vandallıq aktları törətdiklərini əyani şəkildə gördülər. Həmçinin qonaqlara Şuşada ermənilərin törətdiyi vəhşiliklər də təqdim olundu. Qonaqlar Şuşadakı tarixi məkanlarla tanış oldular. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq işləri haqqında da onlara ətraflı məlumatlar verildi və özləri də bunu əyani şəkildə gördülər.
Bu gün dünya ölkələri arasında Azərbaycanın öz çəkisi və yeri var. Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas həlledici ölkəsidir. Biz bütün bunlara görə müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ulu Öndər Heydər Əliyevə minnətdarıq. Bu gün Ulu Öndərin qoyduğu siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz müstəqil dövləti, Prezidenti ilə fəxr edir.
Hazırda biz seysmoloqların qarşısında duran əsas vəzifələrdən biri də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda həm əvvəlki seysmik stansiyalarımızın bərpa olunması, həm də yeni seysmik stansiyaların quraşdırılması işləridir. Onu da demək istəyirəm ki, qardaş Türkiyənin DİN-in Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) tərəfindən Azərbaycana bir ədəd quyudibi seysmik stansiya hədiyyə olunub. Hazırda həmin stansiyanın Şuşa şəhəri yaxınlığında quraşdırılması istiqamətində texniki işlər davam etdirilir. Bu stansiyanın açılması təkcə biz seysmoloqlar üçün Qarabağda aparılacaq kompleks geofiziki-seysmoloji tədqiqatlar baxımından əhəmiyyətli deyil. Bu stansiya həm də Şuşada iki qardaş ölkənin dövlət başçılarının - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Şuşa Bəyannaməsi"ni imzaladıqları Şuşa şəhərində Azərbaycan-Türkiyə qardaşlığının simvollarından biri olacaq. Həmçinin işğaldan azad olunmuş digər rayonlarımızda da yeni seysmik stansiyaların açılması prioritetlərimiz sırasındadır və ümumilikdə Qarabağda 10 seysmik stansiya quraşdırılacaq ki, bu da ərazinin öyrənilməsi və yeni istiqamətdə elmi-tədqiqatların aparılması baxımından vacib və əhəmiyyətli olacaq. Təbii ki, Azərbaycan inkişaf etdikcə zamanın tələbinə uyğun olaraq, seysmologiya sahəsi üzrə də yeni tədqiqat sahələri və prioritetləri olacaq. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və dövlətimizin inkişafı naminə tarixi xidmətləri isə heç zaman unudulmayacaq.
Dünyanın düzəni, həyatın qanunu belədir. İllər ötdükcə əsrlər əsrləri, nəsillər nəsilləri əvəz edir. Tarixdə isə tarixi yazanlar və tarixə öz adını qızıl hərflərlə yazdıranlar əbədiyaşardırlar. Ulu Öndər Heydər Əliyevin adı hər zaman Azərbaycan tarixində günəş kimi parlayacaq. Nə qədər ki, Azərbaycan xalqı var Azərbaycan xalqının Böyük oğlu Heydər Əliyevin xatirəsi hər zaman xalqımız tərəfindən böyük ehtiramla anılacaq.
Qurban YETİRMİŞLİ,
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru,
AMEA-nın müxbir üzvü, professor.