Türkiyə mediası: Prezident İlham Əliyev Ermənistana əsassız iddialarına görə bir daha sərt xəbərdarlıq etdi
Türk dünyası

Türkiyə mediası: Prezident İlham Əliyev Ermənistana əsassız iddialarına görə bir daha sərt xəbərdarlıq etdi

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumu Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə mediası Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində iştirakına və dövlətimizin başçısının dərin məzmunlu nitqinə ətraflı yer ayırıb.

Anadolu və İHA xəbər agentlikləri, "TRT Haber", "A Haber", "Haber Global" telekanalları, "Yeni şafak", "Sabah", "Hürriyet" və digər qəzetlər, o cümlədən əyalətlərdə fəaliyyət göstərən media qurumları məlumat veriblər ki, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya və digər ali qonaqlar forumun fəal iştirakçıları olublar.

Dövlətimizin başçısının Forumdakı də

rin məzmunlu nitqindən ayrı-ayrı hissələrə müraciət edən Anadolu Agentliyi yazır ki, çıxışında keçmiş Qarabağ münaqişəsinin süni şəkildə yaradılması və hazırkı regional proseslərə aydınlıq gətirən Prezident İlham Əliyev dedi: "Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən altı ay sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni, Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub. Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir".

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Qələbədən sonra bölgədə yaranmış yeni situasiya, normallaşma prosesindəki vəziyyətlə bağlı fikir və mülahizələrinə diqqətlə yanaşan İHA xəbər agentliyi Forumdan olan məlumatı geniş təhlil əsasında ictimaiyyətə təqdim edib. Agentlik yazır ki, bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyi dəyişməzdir.

Məlumatı "Azərbaycan Prezidenti Əliyevdən Ermənistana Qarabağ xəbərdarlığı! Qərbi Zəngəzur mesajı" sərlövhəsi ilə təqdim edən "A Haber" telekanalının rəsmi saytı diqqətə çatdırıb ki, Ermənistan hakimiyyətinin əsassız iddiaları bölgədə yeni qarşıdurma riskləri yaradır. Regionda hər kəs üçün məqbul olan vəziyyət sülh cəhdlərini düzgün dəyərləndirməkdir.

Prezident İlham Əliyevin Forumdakı nitqindən mühüm ifadələri ekran manşeti kimi təqdim edən "Haber Global" telekanalının rəsmi saytında yer alan "Əliyev: Qarabağ məsələsinin həll edilməsi bölgədə sülh üçün bir fürsətdir" sərlövhəsi məlumatda dövlətimizin başçısının qəti və dəyişməz mövqeyi geniş ictimaiyyətə çatdırılır.

"TRT Haber" telekanalı yaydığı efir və yazılı materiallarında diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Qarabağa əsassız status iddiası ilə çıxış edən Ermənistana bir daha sərt xəbərdarlıq edib.

Prezident İlham Əliyevin Ermənistana əsasız iddialarına görə bir daha sərt xəbərdarlıq etdiyini bu və ya digər formalarda diqqətə çatdıran qardaş ölkə mediasında, eləcə də mövzu ilə bağlı geniş məlumatların yayıldığı efir materiallarında, analitik təhlillərdə, eləcə də Foruma aid digər məlumatlarda Azərbaycanın böyük uğurlarına, beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə toxunulub.

AZƏRTAC