Region

"Təbiət muzeyi"

2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Artıq 3 ildir ki, doğma yurdumuz Kəlbəcər bizə azadlığın gözü ilə baxır. Kəlbəcər Azərbaycanın ən çətin relyefli ərazilərindəndir. Elə buna görə də həm Birinci, həm də İkinci Qarabağ müharibələrində ən əlçatmaz mövqelərdən  sayılırdı. Təsəvvür etmək belə çox çətindir, illər əvvəl Kəlbəcər sakinləri bu əraziləri ayaqyalın tərk etmək məcburiyyətində qalmışdılar. Lakin hər şey bu cür bitə bilməzdi...

1993-cü ilin aprelindən 2020-ci ilin noyabrına qədər olan illərdə Kəlbəcərin və kəlbəcərlilərin başına gələn hadisələrə qısa nəzər salsaq həmin ağrı-acıları hiss edərik. Kəlbəcərlilər Murovu piyada, ayaqyalın, ac-yalavac keçərək qaçqın düşdülər. Qarlı Murovu keçə bilməyənlər yollarda, şaxtanın, güllənin qurbanı oldular. Əsir düşənlərin həyatı cəhənnəmə döndü. Əsir düşməmək üçün özünü sıldırım qayalardan daşqın çaylara atanlar da oldu. Bir günün içində o qədər dəhşətli hadisələr yaşandı ki, saymaqla bitməz. Viran qalan yurdumuza ermənilər sahib çıxdı, evlərimizə yiyələndilər, mal-mülkümüzü qarət etdilər, taladılar. Qəbiristanlıqları dağıdıb, izimizi silməyə çalışdılar. Tarixi abidələrimizi saxtalaşdırdılar, kəndlərimizin adlarını dəyişdirdilər. Hətta beynəlxalq xəritələrdə belə kəndlərimizin adı ermənicə yazıldı.

İstisu, Turşsu kimi mineral sularımıza yiyələnib oralarda özlərinə istirahət mərkəzləri inşa etdilər. Kəlbəcərin qızılını, qızıl balığını talan etdilər, nadir ağaclarını, zəngin meşələrini qırdılar. Erməni vandalları, tarixi torpağımızda əks-qütblü ideya ilə yaşayırdılar. "Kəlbəcər bizimdir" deyib işğal edir, həm də maddi, mənəvi bütün dəyərlərimizi talayırdılar.

Hər kəsin son ümidi tükənən anda Ali Baş Komandanın rəhbərliyi ilə  Azərbaycan əsgəri 44 günlük zəfər yürüşünə başladı. Dünya Azərbaycan əsgərinin simasında şücaəti, qorxmazlığı, vətən sevgisini, hərb sənətinin nümunəsini gördü. Ali Baş Komandanımızın timsalında isə uzaqgörən siyasəti, keçmişinə və gələcəyinə sahib çıxdı. Hər kəsə öz həddini bildirdi. Neçə-neçə qəhrəman oğullarımız şəhid oldu. Nəhayət, mənfur düşmən təslim oldu. İşğal vaxtı ayaqyalın qaçan xalqımıza aman verməyən ermənilərə Kəlbəcəri tərk etmələri üçün vaxt verildi. Bu vaxt düşmən meşələri qırdı, yandırdı, tarixi abidələrimizi oğurlayıb Ermənistana daşıdı. İllərlə yaşadıqları evlərimizi yandırdılar. Həmişəki kimi dünya bu mənzərə qarşısında kar, kor və lal oldu. Yeni reallıqla hesablaşan ermənilər yurdumuzu tərk etdilər. Şanlı ordumuz Kəlbəcərə ayaq basdı. Yurdum sevindi, o dağlarda üçrəngli bayrağımız dalğalandı. İndi hər kəs Böyük Qayıdış gününü səbirsizliklə gözləyir. Müharibənin bitməsindən 3 ildən çox vaxt keçməsinə, qış mövsümünə baxmayaraq, bu gün Kəlbəcərdə sürətlə quruculuq işləri gedir. Az bir vaxtda xarabazara çevrilmiş yurdlarımızı abadlaşdırmaqla dünyaya bu torpaqların əsl sahibinin kim olduğunu bir daha sübut edirik. Bu gün Kəlbəcərdə rahatlıqla yenidənqurma işlərinin aparılması Vətənin keşiyində duran hərbçilərimizin sayəsindədir.

Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə, şaxtada və düşmənlə üz-üzə. Bu təfərrüatı qəhrəman Azərbaycan əsgəri hər gün yaşayır. Onların dayandığı yüksəklik çox böyük strateji əhəmiyyətə malikdir. Buradan nəinki düşmən mövqeyinə, onların postlarına gedən yola da Azərbaycan Ordusu tam  nəzarət edir. Ermənistanın şərti dövlət sərhədində yerləşən Söyüdlü Zod qızıl mədəni buna nümunə ola bilər. Bununla da ümumi ehtiyatları 112 tondan çox, dəyəri isə 8 milyard dollar olan qızıl yatağı qanunsuz istismardan xilas edildi.

Kəlbəcər torpağından təkcə qızıl yox, şəfalı sular da çıxır. 1928-ci ildən işğal dövrünədək İstisu sanatoriyası təkcə yerləşdiyimiz coğrafiyada deyil, dünyanın bir çox yerlərində məşhur olub. Təməlinin yenidən atılmasında məqsəd bu sanatoriyanı əvvəlki kimi canlandırmaqdır. Bərpa işlərindən sonra İstisu istirahət müalicə kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kəlbəcər müalicəvi suları ilə yanaşı, çaylarının bolluğu ilə də məşhurdur. Bu da Kəlbəcərin elektrik enerjisi ilə  təminatına təkandır.

Dağıdılmış Kəlbəcər neçə-neçə faciələrə şahidlik edib. Onlardan biri də tunel faciəsidir. O vaxt rayonu işğal edən ermənilər tunelin qarşısında pusqu qurmuşdular. Bundan xəbərsiz tuneldən keçərək təhlükəsiz yerlərə getməyə çalışan insanlar yolun sonuna çatmamış atəşə tutulurdular. Sanki bu yol insanları xilasa yox, qaranlığa aparırdı. Lakin hər yolun sonunda bir işıq var. İşğaldan azad edilən digər ərazilərimiz kimi Kəlbəcər də o işıqlı günlərini yaşayır. Gedənlərin rahatlıqla geri dönməsi üçün yollar salınır, tunellər tikilir, sürətli infrastruktur işləri aparılır. Murovdağ tunelinin tikintisi gedir. Uzunluğu 11,6 kilometr olan tunel strateji əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa edilən tunel Murovdağ silsiləsinin içindən keçir.

Zaman bütün yaraları sağaltdığı kimi gələcəyə ümid də yaradır. Kəlbəcər də xoş gələcəyə hazırlaşır. Kəlbəcər Şəhər Günümüz mübarək!

Tacir SADIQOV,

"Respublika".