Sülhü ləngidən maneələr
Siyasət

Sülhü ləngidən maneələr

  Uzun müddət davam edən işğal Azərbaycan əhalisi üçün humanitar böhranla nəticələnib. Soydaşlarımızonilliklər boyu evlərindən, torpaqlarındanməskunlaşma hüquqlarından məhrum ediliblər.

  Qazaxın anklav olmayan 4 kəndinin - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin Ermənistan tərəfindən Azərbaycana qaytarılması məsələsi xeyli müddətdir müzakirə olunur. Cənubi Qafqazda marağı olan ölkələrin siyasi gündəmində də yer alan bu problemin öz həllini tapacağı gözlənilir.   Azərbaycan kəndlərinin işğalına qarşı əsas arqumentlərdən biri beynəlxalq hüquqdan qaynaqlanır.

ABŞ Dövlət katibi Antoni Blinken aprelin 3-də Prezident İlham Əliyevə zəng edib. Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş və Alma-Ata bəyanatlarına sadiq olduğunu bir daha vurğulayıb. Ermənistan da Alma-Ata bəyannaməsinə sadiq olduğunu qeyd edib. Bu belədirsə, o ərazilər beynəlxalq hüquqla bizim ərazilərimiz olaraq təsdiq olunub. Deməli, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və işğal olunmuş ərazilərdən çıxmalıdır. Ermənistan bu kəndləri işğal altında saxlamaqla Azərbaycanın suverenliyini pozur.

  Azərbaycan kəndlərinin işğalının davam etməsi Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəmaneədir. İrəvanın bu ərazilərdən geri çəkilməkdən imtina etməsi münaqişənin sülh yolu ilə həllinə mane olur və regionda qeyri-sabitliyi artırır. 1975-ci il və digər müxtəlif xəritələrin xatırladılması Ermənistanın razılaşmalara və beynəlxalq normalara uyğun olmayan əməllərini göstərir.

  2023-cü il oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının prezidenti  Şarl Mişel ilə telefon danışığında qeyd edib ki, Azərbaycanın səkkiz kəndi hələ də Ermənistanın işğalı altındadır. Həmçinin bu kəndlərin azad edilməsinin vacibliyi vurğulanıb. Ölkə başçısı 2024-cü ilin yanvar ayında verdiyi müsahibədə isə, anklav və qeyri-anklav kəndlərarasında fərq qoyaraq deyib ki, qeyri-anklav dörd kənd heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. Anklav kəndlər məsələsi isə ayrıca ekspert qrupu tərəfindən müzakirə olunmalıdır. 

  Azərbaycan qalib tərəf kimi öz ərazisindəki kəndlərlə bağlı tələblərini irəli sürür, dövlət başçısı münaqişə ilə bağlı beynəlxalq hüquq normalarına riayət etməklə danışıqların aparılmasını vurğulayır. Sərhədlərin delimitasiyası komissiyası məsələnin danışıqlar yolu ilə həll yolu üzərində işləyir. Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox vacibdir.Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra beynəlxalq hüquqa əsaslanan sülhün zəruriliyini dəfələrlə vurğulayıb. Ermənistanın baş naziri Paşinyan bu kəndlərin Azərbaycana məxsus olduğunu etiraf edərək, geri qaytarılmadığı təqdirdə potensial münaqişə ilə bağlı xəbərdarlıq edib. Erməni müxalifəti isə kəndlərin qaytarılmasını istəmir, hökumətə qarşı müqavimətə və potensial hərbi əməliyyatlara çağırır.

  İşğal edilmiş kəndlərlə bağlı həll edilməmiş münaqişə regional qeyri-sabitliyə rəvac verir. Cənubi Qafqaz geosiyasi baxımdan həssas regiondur və Ermənistanla Azərbaycan arasındakı gərginliyin regional təhlükəsizliyə geniş təsirləri var. Bu baxımdan qonşu ölkələr arasında sabitliyin və əməkdaşlığın gücləndirilməsi üçün münaqişənin sülh yolu ilə həlli vacibdir. Baş nazir Paşinyanın kəndlərin statusunu etiraf etməsi məsələyə  aydınlıq gətirilməsi kimi görünsə də, Azərbaycan ərazilərinin işğalı ilə bağlı ciddi narahatlıqlar və problemlər qalmaqdadır. Münaqişənin həlli beynəlxalq hüquqa, humanitar prinsiplərə sadiqlik və bütün iştirakçı tərəflərdən dialoq və kompromis üçün səmimi səylər tələb edir.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.