STATİSTİK OLİMPİADANIN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNUB
Sosial həyat

STATİSTİK OLİMPİADANIN QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNUB

“Heydər Əliyev İli” çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən yuxarı  sinif şagirdləri və ali məktəb tələbələri arasında respublika statistik olimpiadası keçirilib. Lənkəran şəhərində keçirilən statistik olimpiadanın final mərhələsinin qalibləri ilə görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin  müdir müavini Rəhim Rəhimov, inzibati təşkilat sektorunun müdiri Orxan Əzimov, Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayev, Masallı Rayon Statistika İdarəsinin müdiri Ramin Bəgəlizadə, olimpiada qalibləri və məktəb direktorları iştirak ediblər.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov olimpiadada ümumilikdə 3106 nəfər şagirdin, 203 nəfər tələbənin iştirak etdiyini bildirib. Şagirdlər arasında olimpiadanın nəticələrinə görə cənub bölgəsi üzrə Masallı rayonunun Fayəddin Xancanov Musaküçə kənd adına tam orta məktəbin XI sinif şagirdi Mircəlal Kazımzadə ikinci, Lənkəran rayonunun Ağaxan Quliyev adına Hirkan qəsəbə tam orta məktəbin X sinif şagirdi Cavidan Baxşiyev üçüncü yerə layiq görülüb.

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən qaliblərə, təhsil aldıqları məktəblərin direktorlarına, Lənkəran şəhər və Masallı rayon statistika idarələrinin rəislərinə qiymətli hədiyyələr təqdim olunub.

Əlisəfa Həsənov,

“Respublika”.