Şirvanda
Səhiyyə

Şirvanda "Ürək Mərkəzi" fəaliyyətə başladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən regional "Ürək Mərkəzləri" layihəsi davam etdirilir. Növbəti belə mərkəz Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb. Mərkəz 6 şəhər və rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xəstələrə xidmət göstərəcək.

Bu günlərdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun iştirakı ilə Şirvan Ürək Mərkəzinin açılış mərasimi baş tutdu.

Mərasimdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirdi ki, regionlarda ürək mərkəzlərinin yaradılmasında məqsəd ürək-damar xəstəliklərini ilkin mərhələdə aşkarlamaq, o cümlədən yerli əhali üçün xidmətin əlçatanlığını təmin etmək, keyfiyyətli tibbi xidmət göstərməklə qabaqcıl müalicə metodları əsasında ölüm hallarını minimallaşdırmaqdan ibarətdir.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov həkimlər üçün gözəl şəraitin yaradıldığını, xəstələrin müalicə və müayinəsi üçün bütün imkanların olduğunu vurğulayaraq tibb işçilərinə uğurlar arzuladı.

Şirvan Ürək Mərkəzində Türkiyə, Rusiya və Almaniyada fəaliyyət göstərən, eləcə də ixtisasartırma kurslarında iştirak edən uzman kardioloq və ürək-damar cərrahları xidmət edəcəklər. Uzun müddət Almaniyada çalışan invaziv kardioloq Nicat İbrahimov da TƏBİB-in dəvətilə Şirvan Ürək Mərkəzində fəaliyyətə başlayıb. Şirvan Ürək Mərkəzindəki xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstəriləcək.

Tofiq HÜSEYN,

"Respublika".