Şərtləri diktə edən tərəf Azərbaycandır
Digər xəbərlər

Şərtləri diktə edən tərəf Azərbaycandır

Sentyabrın 18-də BQXK-nın yük maşınlarının Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib.  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Ağdam-Əsgəran-Xankəndi yolu açıq və funksionaldır və belə olmalıdır. Bu, Azərbaycanın prinsipial, ədalətli, legitim və dönməz mövqeyidir.

Hikmət Hacıyev onu da vurğulayıb ki, bütün beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, blokada deyilən bir şey yox idi, ancaq Ermənistan və qeyri-qanuni marionet rejim, lobbi qrupları və bəzi qərbli korrupsioner siyasətçilər və qərəzli KİV tərəfindən xalqı yanıltmaq, manipulyasiya etmək və çaşdırmaq məqsədilə humanitar məsələlərin siyasiləşdirilməsi var idi.

"Maskalar düşür, reallıq qalır", - deyən diplomat bir daha "Azərbaycanda boz zonalara yer yoxdur!" - ifadəsini təkrar edib.

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman NƏsirov Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının işə düşməsini bu cür şərh edib:

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları vasitəsilə çatdırılması barədə razılıq əldə edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin diktəsi altında Qarabağdakı separatçı rejimin tör-töküntülərinin başlatdıqları siyasi şou artıq yekunlaşmaq mərhələsindədir. Çünki onlar növbəti dəfə biabırçı məğlubiyyətlə üz-üzə qalıblar.

Erməni tərəfi bu günə qədər beynəlxalq ictimai fikrin gözünə kül üfürərək belə bir yalan məlumat yayırdılar ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı humanitar böhran siyasəti həyata keçirir və onlar  ac-yalavac bir vəziyyətə düşüblər. Azərbaycan isə dəfələrlə bunun əksini qarşı tərəfə sübut edib və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb ki, heç bir blokadadan söhbət belə gedə bilməz.  BMT Təhlükəsizlik Şurası müstəvisində Ermənistanın məğlubiyyəti ölkəmizin haqlı olmasının əyani sübutu idi. Laçın-Xankəndi yolu ona görə bağlı qalmışdı ki, Ermənistan orada həm hərbi insidentlər yaradır, həm də Azərbaycanın icazəsi olmadan onun suveren ərazisinə yüklərin daşınmasını tələb edirdi. Bu isə qəbuledilməzdir. Çünki heç bir suveren  dövlət buna imkan verməz və ona görə də Azərbaycan alternativ olaraq Ağdam-Xankəndi yolunu təklif edirdi. Həmçinin bu yolla humanitar yük də göndərdi. Lakin yola saldığımız iki yük maşınının ünvanına çatmasına separatçılar mane oldular. Belə olan vəziyyətdə Azərbaycan bir addım belə mövqeyindən geri çəkilmədi, prinsipial və qətiyyətli mövqeyini sona qədər müdafiə etdi. Baxmayaraq ki, bu halda Ermənistanın müdafiəsində Amerika Birləşmiş Ştatlarından senator və konqresmenlər, Fransanın hakimiyyətinin demək olar ki, bütün təbəqələrindən vəzifəli şəxslər ayağa qalxmışdılar. Lakin Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi var və Prezident İlham Əliyevin sözü ilə əməli üst-üstə düşür.  Dövlət başçısı  hər zaman bildirib ki,  Azərbaycan Qarabağda yaşayan ermənilərin bütün hüquqlarını təmin edəcək və reinteqrasiya prosesi  həyata keçiriləcək. Cənab Prezident onu da vurğulayıb ki, Qarabağ məsələsi bizim daxili işimizdir və heç kim bizə mane ola bilməz.

Azərbaycan dövləti dəfələrlə erməni əsilli vətəndaşlara istənilən səviyyədə humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib. Artıq onlar geri çəkilməli oldular və Ağdam-Xankəndi yolu və ona paralel şəkildə Laçın-Xankəndi yolunun işə düşməsinə razılıq verildi.  Azərbaycan tərəfi də buna hazır olduğunu ifadə edib və Ermənistan bu reallığı qəbul etmək məcburiyyətində qalıb. Ağdam-Xankəndi yolunun mövcudluğunu belə tanımayan Ermənistanın bu yolla yüklərin daşınmasına razılıq verməsi İrəvanın növbəti diplomatik məğlubiyyətidir.

Bu, bir daha onu göstərir ki, Azərbaycanla heç kim diktə dili ilə danışa bilməz. Çünki qalib bizik. Tarixi qələbəni biz qazanmışıq və  yeni reallıqlar yaratmışıq. Biz regionda təhlükəsizlik mühitinin formalaşmasına töhfələr veririk və şərtləri diktə edən tərəf də rəsmi Bakıdır. Ermənistan isə separatçılarla birgə  papaqlarını qarşılarına qoyub bütün bunları düşünsünlər və real nəticə çıxartsınlar".

Musa BAĞIRLI,

"Respublika".