Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirələrə başlanılıb
Digər xəbərlər

Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirələrə başlanılıb

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına uyğun olaraq, yanvarın 8-dən etibarən tədbirlərə - Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihə çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələrə start verilib.

AZƏRTAC xəbər verir ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə genişmiqyaslı maarifləndirmə layihələrini davam etdirir.

Bununla əlaqədar Bakıda keçirilən tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun giriş nitqləri ilə başlayıb.

Sonra gündəliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.

Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrlərinin iştirak etdiyi seminar-müşavirənin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd etmək lazımdır ki, sözügedən layihənin reallaşdırılmasında başlıca məqsəd qarşıdan gələn seçkilərin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi yönündə görülən bütün işlərlə yanaşı, seçki mübahisələrinin həlli ilə bağlı dairə seçki komissiyalarının bilik, bacarıq və məlumatlılıq səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə atılan addımların səmərəliliyinin artırılması, eləcə də vətəndaşların seçki hüquqlarının daha effektiv təmin olunmasıdır.

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirələrin növbəti mərhələsinin yanvarın 10-da Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.