Salim bin Məhəmməd əl-Malik: ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Gündəm

Salim bin Məhəmməd əl-Malik: ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Oktyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və ICESCO arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illərdən mədəniyyətlərarası dialoqun təşviqi, irqi ayrı-seçkilik, islamofobiya kimi təhdidlərlə mübarizə sahələrində ICESCO ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkəmizdə regional mərkəzinin açılmasının münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib. Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" seçildiyi məmnunluqla qeyd edilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb. Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdlərinin qəbuledilməzliyi, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermədiyi vurğulanıb.

Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Xüsusilə, görülən antiterror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərk-silah prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.

Baş direktor Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfərindən məmnunluq duyduğunu, ötən gün Prezident İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüş zamanı faydalı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. ICESCO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu, habelə bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyi qeyd edilib.

 Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.