Rəngləri dilləndirən böyük azərbaycanlı
Mədəniyyət

Rəngləri dilləndirən böyük azərbaycanlı

Dünyaşöhrətli, rənglərin ahəngində sehirli bir dünya yaradan realist rəssam Tahir Salahov kətan üzərində fikrin, düşüncənin sözsüz ifadəsini fırçasının qüdrətində yaradıb. Rəssam rənglərin vasitəsilə sanki sözün, ifadənin şəklini çəkirdi. Yaratdığı əsərlər sadəcə gözəlliyi ilə göz oxşamır, həm tamaşaçısını düşündürür, diqqətini cəlb edir. Rəssamın hər bir tablosu ayrıca bir dünyadır.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Tahir Salahovun əsərləri dünyanın ən mötəbər muzey və qalareyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən parlaq nümunələrini birləşdirərək fərqli sənət əsərləri yaratmışdır. "Sərt üslub"da mükəmməl əsərlər yaradan Tahir Salahov daim yenilik axtarışında olub. Onun qrafik lövhələrində, mənzərə və natürmortlarında romantika, mənəvi gözəllik, insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapıb.

Tahir Salahov 29 noyabr 1928-ci ildə Bakıda dünyaya gəlib. Laçın rayonunun birinci katibi vəzifəsində çalışan atası Teymur Salahov 1937-ci ildə həbs edilərək xalq düşməni kimi güllələnir. Evdar qadın olan anası Sona xanım beş körpə uşaqla çarəsiz qalır. Ailə böyük çətinlik və məşəqqətlərdən keçsə də ayaqda durmağı bacarır. Uşaqlıqdan həyatın bütün əziyyətlərinə qatlaşan gənc Tahir 1945-ci ildə orta məktəbi, 1950-ci ildə isə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olan rəssamın ilk əsəri "Dalğa" və "Estakada" olub. Sonra "Səhər eşelonu", "Rezervuar parkı", "Neftçi", "Təmirçilər", "Qara Qarayevin portreti", "Abşeron qadınları", "Bəstəkar Fikrət Əmirovun portreti" və s. əsərləri işləyb.

1950-1960-cı illər Tahir Salahov yaradıcılığının ən məhsuldar və uğurlu dövrü hesab edilir. Həmin dövrlərdə "Təmirçilər" və "Qara Qarayevin portreti" əsərlərini yaratmışdır. "Xəzər üzərində" əsəri ilə karyerasının zirvəsinə uğurlu yol açmışdır. 1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetin deputatı olmuş, 1963-cü ildən 1974-cü ilə kimi isə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun professoru kimi fəaliyyət göstərmişdir. Həmçinin SSRİ Ali Sovetinin deputatı seçilmişdir. O, elm, incəsənət və dövlət xadimləri ilə görüşdən sonra onların həyatlarını dolğun şəkildə canlandıran portretlərini yaratmışdır. Ulu öndər Heydər Əliyevin, Fikrət Əmirovun, Mirzə Ələkbər Sabirin, Rəsul Rzanın portretləri bu qəbildəndir.

Rəssamı fərqləndirən əsas cəhətlərdən biri də Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa rəssamlıq məktəbinin nailiyyətləri ilə birləşdirməsidir. Böyük sənətkar haqlı olaraq təsviri incəsənətin klassiklərindən hesab edilir. Dünyaşöhrətli Tahir Salahov sadəcə böyük rəssam deyil, həm də ictimai xadim və Vətən sevdalı şəxsiyyət idi. Rusiyada yaşayıb-yaratsa da, hər zaman qəlbən dövlətinə, xalqına bağlı olmuşdur.

Rəssamın yaradıcılığında Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər önəmli yer tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, "Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam". Onun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan "Növbədən qayıdanlar" tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə "sərt üslub"un ilk nümunələrindən biridir. Ümumiyyətlə, rəssam sadə insanların əmək fəaliyyətini əks etdirən çoxsaylı əsərlər yaratmışdır. Dünya rəssamları arasında öz istedadı, dəst-xətti və nüfuzu ilə hər zaman fərqlənmiş Tahir Salahov Azərbaycan milli mədəniyyət tarixində zirvədə dayanan sənətkarlardandır.

Azərbaycan və Rusiya rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq rəssamı, 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov... Onun titul və mükafatları saymaqla bitmir. Sovet İttifaqının ən yüksək orden və medalları ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb. Rusiyanın və bir çox MDB ölkələrinin rəssamlıq akademiyaları ilə yanaşı, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olub. Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşı idi.

1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir.

2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir. Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülmüş və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunmuşdur. Həmin işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanmışdır. 2012-ci ildə rəssamın İçərişəhər tarix-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzeyi Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb.

Tahir Salahov hər bir azərbaycanlının fəxr etdiyi, qürur duyduğu görkəmli rəssamdır. Rəssam öz sehirli fırçası ilə sanki rəngləri hərəkətə gətirir, danışdırırdı. Onun yaratdığı hər bir əsəri sehirli gücə, qüvvəyə malik idi. Elə bu sehirli qüvvə də rəssama dünya şöhrəti qazandırmışdı. Uzun illər Vətəndən kənarda yaşasa da, qəlbən xalqına, dövlətinə bağlı böyük azərbaycanlı idi. Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat etmişdir. Dünyaşöhrətli rəssam Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".