Siyasət

"Qrantizm" və ya maxinasiya - anti-Azərbaycan “qələbəliyi” davam edir

Azərbaycanın öz ərazilərində suverenliyini tam olaraq bərpa etməsi erməni lobbisinin təcili hərəkətə keçməsinə səbəb olub. Şəbəkənin ən böyük maliyyə ofisinin məhz ABŞ-da yerləşməşi ehtimal olunur. Bundan başqa, Amerika ermənilərin ən sıx məşkunlaşdığı ölkələrdən biri, bəlkə də birincisidir. Korrupsiya və erməni təəssübkeşliyi ilə ABŞ-ın agentura şəbəkələri Azərbaycana qarşı kampaniyalar başladıblar. Təxribatın kökündə isə media vasitəsilə sızma məsələsi dayanır. Belə ki, Amerikanın təxribat insitutlarının ölkəmizdə formalaşdırdığı radikal feministlər, "Abzas media", "Toplum TV", "Azadlıq radiosu" və "Amerikanın səsi" nəşrlərinin Azərbaycan filialı, "Demokratik Təşəbbüslər İnstitutu" (IDI) və digərlərinin "USAID" tərəfindən "dəstəklənməsi" maraqlı məqamları gündəmə gətirib. Ayrı-ayrılıqda hər biri müstəqil qurum kimi görünsə də, əslində ortaq mərkəzdən idarə edilən "müstəqillik təmsilçiləri" siyasi sifarişləri yüksək qrantlar əsasında yerinə yetirirlər.

"Müstəqil media ləpirçiləri” nin izi ilə

Özlərini qərəzsiz və müstəqil hesab edən, xaricdən gələn sifarişlərlə (bizim üçün xaric, onların öz "vətəni") ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan şəxsləri "ləpirçi" adlandırmaq qeyri-səmimi görünə bilər. Onları "media ofisiantları", hətta əhatə dairəsini böyütsək "media aşpazları" da adlandıra bilərik.

Noyabrın 21-də "Abzas media" xəbər saytının "direktoru" Ülvi Həsənli Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra "direktorun müavini" Məhəmməd Kekalov və "baş redaktor" Sevinc Vaqifqızı da şübhəli bilinərək istintaqa cəlb edilib. Rəhbəri erməniəsilli amerikan olan "USAID" dərhal hərəkətə keçərək öz qurduğu şəbəkəsinə "hücum" əmri verdi. Azərbaycanda gündüz, ABŞ-da isə gecə olduğu faktını da əlavə edərək qeyd etmək lazımdır ki, agentura şəbəkəsi hadisədən 1 saat belə keçmədən ilkin qarayaxma kampaniyasına başladı. "Human Rights Watch" və "Reporters without Borders" ənənəvi anti-Azərbaycan missiyasını "uğurla" yerinə yetirdi. Onlar Ülvi Həsənlinin məhz "həqiqəti yazdığına görə həbs edildiyini" bildirərək bunu "müstəqil mediaya qarşı təzyiq" olaraq qiymətləndirdilər. Əsl həqiqət isə tam fərqli idi.

Saxlanılan Ülvi Həsənlinin ofisində axtarış zamanı mənşəyi bilinməyən 40 min avro məbləğində vəsait götürülərək sənədləşdirilib. Hüquq-mühafizə orqanlarının izahat işinin aparılması ilə bağlı rəsmi açıqlama verməsinin gecikməsini fürsət bilən bəzi "ləpirçi"lər böhtan kampaniyasına başladılar. Sözügedən 40 min avronun mənşəyi barədə danışmazdan əvvəl başqa məqama diqqət yetirək: ABŞ-ın agentura şəbəkələrində çalışan jurnalistlərə və ya hər hansı bir şəxsə "media eksperti" statusunu, "redaktor", "direktor" kimi vəzifələri kim verir? Bunlar göydən düşən 3 almanın məhsuludur, yoxsa "qeyri-illeqal illüziyanın"?

"Abzas media", "Toplum TV", "Azadlıq radiosu", "Amerikanın səsi" orqanları tez-tez ekspert yazıları dərc edirlər. Bu, təbii ki, həmin media orqanlarının qərəzsiz olduğunu göstərmə metodudur. Bu yolla diqqətə çatdırılır ki, bu "həqiqətləri" təkcə biz yox, xalqın içindən çıxan şəxslər də deyir. Lakin özlərini "ekspert" adlandıran şəxslərin hansı əsasa görə özlərinə bu statusu verməsi bəlli deyil. Ölkəmizdə "hər hansı bir sahə üzrə ekspert" statusu mövcud deyil. Sadəcə müəyyən təcrübəyə malik şəxlər özlərini "ekspert" adlandırırlar. Dövlətin isə bu sahədə hər hansı bir qadağası yoxdur. Lakin Amerikanın dustaqxanalarında qanqsterlər tərəfindən oxunan "hakimiyyətin 40 qanunu" əsərindən ilham alaraq özlərinə "ekspert" statusu verən bəzi şəxslər bir növ Amerika tərəfindən maliyyələşdirildiklərini etiraf edirlər. Eyni nümunə bəzi "redaktor" və "direktorlara" da aiddir. Bəlkə də onlar nə vaxtsa "ilk həyat"larında "ekspert" olduqlarını düşünürlər. Amma bunun bugünkü reallıqla heç bir əlaqəsi yoxdur. Xəyali iradədən belə kənar olan bu proses "Mandela effekti" adlanır. Onlar özlərini "ekspert" olduqlarına inandırmağa çalışırlar, amma gerçəklik tamam fərqlidir.

ABŞ "qrantizm"i və anti-Azərbaycan “qələbəliyi”...

Bəli, sözügedən 40 min avro ətrafında müzakirələr səngimir. Bəzi yüksək səviyyəli media orqanlarının səriştəsizliyi, məsələyə səthi yanaşması isə agentura şəbəkələrinin dəyirmanına su tökür. Məhz anti-Azərbaycan qüvvələrin savadsız jurnalistlərimizin yazılarından bəhrələnərək məsələnin əsl mahiyyətinin təhrif edilməsi qəbulolunmazdır. "Peşəkar KİV qurumu"nun dəbdəbəli ofisində axtarış zamanı tapılan 40 min avronun mənbəyi tamam fərqlidir. Azərbaycanda 2014-cü ildə qrant qanunuvericiliyinin sərtləşməsindən agentura şəbəkələri həll yolunu 3-cü ölkə vasitəsilə həyata keçirməkdə gördülər. Burada isə "Gürcüstan yolu" amili öz sözünü dedi. Belə ki, "peşəkar KİV qurumları" xaricdən maliyyələşmək məqsədilə öz qrantlarını ilk olaraq Gürcüstanda qeydiyyata almağa başladılar. Daha sonra həmin vəsaiti nağdlaşdıraraq Azərbaycana, daha doğrusu, öz dəbdəbəli ofislərinə gətirməyə başladılar. Beləliklə, prosesdə yeni dövr başladı. Bu qrantlar isə təbii ki, siyasi sifarişləri üçün xərclənir. Beləcə, ABŞ ideyalarının dəstəkçisi olan USAID-ın maxinasiya siyasəti uğurla davam edir.

Donor qismində çıxış edən ABŞ institutları, o cümlədən USAID, ABŞ-ın Azərbaycandakı səfirliyi 2023-cü il üzrə böyük məbləğli qrant vəsaitləri üçün qapıları açıblar. "Peşəkar medianın inkişafı", "Vətəndaş jurnalistikasının təşviqi", "Media ehtiyaclarının qiymətləndirilməsi", "İctimai maraq kəsb edən mövzularda sosial media fəallığının artması" və digər bu kimi istiqamətlərdə təqdim edilən hər bir layihə üzrə 65 min ABŞ dolları məbləğində qrant vəsaiti qazanmaq mümkündür. Qalib olmaq istəyənlərin sayı üçün məhdudiyyət yoxdur.

Amma bütün bunlar zahiri görüntülərdir. Təcrübə göstərir ki, əksər Qərb institutları demokratik inkişafı hədəfləyən layihələr adı altında fərqli proseslər həyata keçiriblər. Cəmiyyətin demokratikləşdirilməsinə yardım göstərmək əvəzinə, məsuliyyət hissini itirmiş, milli dəyərlərə qənim kəsilmiş icmalar yetişdirilib. LGBT-nin təşviqatı aparılıb, "radikal feminizm" təşkilatlandırılaraq institutlaşdırılıb. İşğala məruz qaldığımıza rəğmən ölkəmizdə məğlubiyyət hissini həzm etdirməyə yönəlik yalançı pasifizmi, "no war" hərəkatı stimullaşdırılıb. "Korrupsiya faktlarını araşdırırıq" adı altında korrupsiyaya bulaşmış transmilli şirkətlərin maraqları ifadə edilib.

Lakin ABŞ təkcə USAID-da deyil, həm də öz marionet təşkilatları olan Avropa İttifaqı və Avropa Şurasında da "hücum" düyməsini basıb. Avropa İttifaqının Bakı nümayəndəliyi 2022-ci ildə "Dezinformasiyaya qarşı mübarizədə dayanıqlığın yaradılması" mövzusunda yeni layihənin icrasına başlayıb. Bəlli olub ki, layihənin Azərbaycan üçün nəzərdə tutulan məbləği təqribən 2,5 milyon avrodur. Məbləğin hansı təyinatlara sərf edildiyi, hansı təşkilatlarla partnyorluq şəraitində icra edildiyi indiyədək müəmmalı qalır. 2022-ci ildə yayılan məlumata əsasən Avropa Şurasının Bakı ofisi Azərbaycanda 2023-2025-ci illəri əhatə edən yeni layihənin icrasına başlayır. "Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığı" adlandırılan layihə üçün təqribən 4,5 milyon avro həcmində büdcə nəzərdə tutulub. Ötən bir il ərzində həmin layihə çərçivəsində 2 simvolik tədbirin keçirildiyi ictimailəşdirilib. Qalan vəsaitin hara xərcləndiyi, hansı tədbirlər keçirildiyi və kiminlə əməkdaşlıq edildiyi barədə heç bir məlumat yoxdur.

Qrant sahəsində müşahidə edilən aktivlik "ləpirçiləri" də şirnikləndirib. Agentura şəbəkələrinin izinə düşən yerli jurnalistlər ölkəmizə qarşı aparılan anti-Azərbaycan siyasətinin əsas dayaqlarından hesab olunurlar. "Vətənə müxaliflik olmaz" şüarını heçə sayan bəzi "ləpirçilər" maliyyələşmə hesabına bütün dəyərləri də tapdalayıblar. Həmin şəbəkələrin Azərbaycan və Ermənistana münasibətdə isə eyni yanaşmanı sərgiləməməsi aysberqin görünməyən digər tərəfidir. 2020-ci il noyabrın 11-də İrəvanda "Azadlıq radiosu"nun redaksiyasına basqın olub. Həmin ilin oktyabrında "TF-1" kanalının əməkdaşı Parisdə erməni icması tərəfindən ölümlə hədələnib. 3 ildən artıq vaxt keçsə də, sözügedən hadisələr barədə hələ də "Sərhədsiz reportyorlar"ın lentinə xəbər yerləşdirilməyib. "Abzas media" olayının 1 saatdan qısa müddət ərzində işıqlandırılması, tərcümə edilməsi, bəyanata çevrilərək KİV-lərdə dərc edilməsi bütün hədəflərin Azərbaycana qarşı çevrildiyinin açıq sübutudur. Missiyası bölməsində "Biz innovativ metodlardan istifadə etməklə insanlara Azərbaycan haqqında həqiqətləri çatdırır və ümumbəşəri dəyərləri təbliğ edirik" deyən "Abzas media"nın kimin maraqlarına xidmət edən "həqiqətləri" hansı formada çatdırması məlum deyil.

Kontekstdə daha bir maraqlı məqam isə hökumətə müxalif medianın hücum "qələbəliyi"nin müharibədən əvvəlki dövrə nisbətən daha da artmasıdır. Ölkəmiz sürətlə inkişaf edir. Ötən 20 ildə qazandığı nailiyyətlər Azərbaycanı 2040-cı ilədək İnkişaf Etmiş Ölkələr statusuna yüksəlməsi hədəfinə yaxınlaşdırır. Təbii ki, sürətli inkişaf bəzi problemlərin də yaranmasına səbəb olur. Ölkə başçısı isə məhz bu tip problemlərin həlli üçün demək olar ki, hər gün Fərman, Sərəncam və qanunlar imzalayır. Zaman-zaman bəzi dövlət məmurları, nazirlər və icra başçıları tərəfindən korrupsiya meyilləri aşkarlanır. Özbaşınalıqlar, vəzifə və səlahiyyətlərdən sui-istifadə halları baş verir. Lakin bu proseslər də Prezident İlham Əliyevin daim diqqətindədir. Dövlət başçısı mütəmadi olaraq şəhər və rayonlara səfər edir, xalqın güzəranı və problemləri ilə maraqlanır. Aşkarlanan faktlar üzrə lazımi cəzanın verilməsi üzrə dərhal göstərişlər verir. Lakin bəzi müxalif media orqanları bu prosesdən öz maraqları üçün istifadə edir və ölkəni "aclıq və səfalət, həmçinin özbaşınalıq yurdu" kimi təsvir edirlər. Həqiqətdə isə öz prinsiplərindən uzaqlaşan bu qurumlar bəzi xarici ünsürlərin qarayaxma kampaniyalarına rəvac verir. Məsələn, son "Abzas media" hadisəsində Norveç Helsinki Komitəsi Azərbaycanı tutulan "media işçilərini" dərhal azad etməyə çağırması tamamilə absurddur. Sözügedən qurumun indiyədək Azərbaycanın Qarabağın işğal altında olması və ya Ermənistanda həbs olunan jurnalistlər barədə hər hansı bir bəyanat verməməsi, ümumiyyətlə, bu komitənin hansı səlahiyyətlə özünə aid olmayan işə qarışması, Skandinaviya yarımadasının Cənubi Qafqazda gedən proseslərə nə dərəcədə bələd olması şübhə altındadır. Bütün bunların kökündə isə müxalif media orqanları dayanır. Ölkənin sabitliyinə xələl gətirən bu "peşəkar KİV qurumları" bir daha anlamalıdırlar ki, Vətənə müxaliflik olmaz.

Tacir SADIQOV,

"Respublika".