Qlobal əməkdaşlıq yolunun önəmli hissəsi
Gündəm

Qlobal əməkdaşlıq yolunun önəmli hissəsi

"Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır". Bu sözləri dövlət başçımız İlham Əliyev Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətindən danışarkən bildirib.

İkinci Qarabağ müharibəsinin əsas diqqətçəkən nəticələrindən biri - Zəngəzur dəhlizidir. Bu dəhliz üç müstəvidə önəm kəsb edir: lokal, regional və interkontinental. Dəhliz yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafa dəstək verən amil kimi çıxış edir. Bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit xəttinə bağlayır, həmçinin Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Düşmən istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra olunacaq. Əslində Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də xeyirlidir.

Belə ki, təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan ölkəmizin bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan başlıca faktor isə Qarabağın və Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin sürətlənməsi, Zəngilanda, Füzulidə açılan beynəlxalq hava limanlarıdır.

İkinci Qarabağ müharibəsindən üç il keçməsinə baxmayaraq, Ermənistan hələ də Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmir. Dəhlizin bərpası üçün yol-infrastruktur layihələri əsasında inşa işlərini davam etdirən Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfindən texniki-iqtisadi əsaslandırma işlərinə nəinki başlanılmayıb, əksinə erməni silahlılarının mütəmadi təxribatları ilə işlərə əngəl törədilir. Zəngəzur dəhlizi iqtisadiyyatımızın inkişafı üçün əhəmiyyətli rol oynayır. Belə ki, nəqliyyat yolu kimi bu dəhliz, iki ölkə arasında hər cür malların və enerji ehtiyatlarının nəqli üçün əlverişli yol olacaq. İqtisadi əməkdaşlıq baxımından Zəngəzur dəhlizi, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın inkişafına kömək edəcək. Bu da iki ölkə arasında ticarət və enerji əlaqələrinin güclənməsinə imkan verəcək. Bu dəhliz enerji sənayesinin inkişafı üçün də əhəmiyyətli bir yoldur və tərəfdaşlar arasında enerji ticarətinin inkişafı və enerji tranziti bu dəhliz üzərində nüfuzlu bir iqtisadi məqsəd kimi nəzərdə tutulur. Bu məqamlar Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətini daha da artırır.

Zəngəzur dəhlizinin açılması bir çox mənalarda regiona yeni nizam qazandıracaq. Rəsmi Tehran bilir ki, Zəngəzur dəhlizi regional inkişafa yeni nəfəs gətirəcək və eyni zamanda, türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. Belə ki, cari il oktyabrın 6-da Bakıda Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş zamanı sənədlər imzalanıb. Tərəflər Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmir yolu xətti və körpülərin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə ediblər.

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, beynəlxalq aləm üçün də xüsusi əhəmiyyət kəsb edir. Çünki dəhliz təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Bu mənada, Ermənistanın dəhlizlə bağlı müqavimət cəhdləri əbəsdir və Azərbaycan sonda istəyinə nail olacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".