Qərbin “xoşməramlı missiyası”
Siyasət

Qərbin “xoşməramlı missiyası”

İkinci Qarabağ müharibəsindən bu yana məramı bəlli olmayan missiyalar peyda olmağa başlayıblar. Normal qaydada müzakirələr aparıb, razılığa gəlməyə imkan verməyən bu "xoşniyyətlilər"in məqsədi isə bizə çoxdan bəllidir. Nə vaxt ki, söhbət sülhə və razılaşmağa gəlir, o zaman ortaya yeni bir məsələ atıb, sözün əsl mənasında həngamə qoparırlar. Erməniləri Ermənistandan çox düşünən bu missiyalar bölgədə guya vəziyyətə nəzarət edirlər. Hələ bu azmış kimi, ötən gün Fransa Milli Jandarmının briqada generalı Uilyam De Meyer mülki missiyanın (Aİ-nin) yerləşdiyi yerə öz binoklu ilə baş çəkib. Bərk-bərk öz sevimli oyuncağına sarılan generalın niyyəti isə sən demə, vəziyyəti müşahidə etmək və yaranacaq hər hansı problemi aradan qaldırmaq imiş. Uşaq başı aldatdıqlarını düşünənlər heç əməllərindən utanmırlar. Aydındır ki, əlində binoklla ortalıqda dolaşan fransalı generalın niyyəti heç də sülhü təmin etmək deyil. Kəşfiyyat məqsədilə bölgəyə göndərilən Meyer ermənilər tərəfindən "vəziyyətlə" bağlı məlumatlandırılıb. Bəs "xoşməramlı" general niyə əlində durbinlə Azərbaycana tərəf boylanmalıdır? Səbəb nədir? Ona bu haqqı kim verir? Ümumiyyətlə, bir hərbçinin mülki missiya ilə əlaqəsi nədir?

Bütün bu suallara Müsyö Jordanın həmyerliləri elə gözəl don geyindirirlər ki, elə bil belə də olmalıdır. Generalın keçmişinə nəzər salmazdan öncə qeyd etməliyik ki, mülki adla bölgədə yerləşən həmin bu missiyaların maskasının altında əsl casuslar dayanır. Hələ ötən aylarda saylarını təqribi ikiqata çıxarıblar. Adını "mülki" qoysalar da, burada kəşfiyyat xidmətinin əməkdaşları, hərbiyə bağlı olanlar cəmlənib. Fransanın davamlı olaraq Ermənistanı silahlandırması isə bu məqsədə xidmət edir. Günün birində "təhlükəsizlik" adı altında onlara silahlar paylansa, heç də təəccüblü görünməz. Yaxud "mülki" missiya üçün xüsusi zirehli maşın və hərbi texnika göndərsələr, yenə də heyrətlənmərik. Bəhanələri isə bu olar ki, sərhəd dağlıq bölgədə yerləşir və oraya "mülki" missiyanın getməsi üçün tək əlac həmin maşınlardır. Donu öz həqiqətlərinə uyğun biçənlər buna da bir çarə tapar. Ermənilərin addım-addım hərbləşməyə doğru getmələri isə göz önündədir. Əvvəl bir taqım böyüklüyündə idilər, indi isə get-gedə ordu olublar. Belə ki, ötən aylarda casus şəbəkənin heyət üzvlərinin sayı 138-dən 209-a qədər artırılıb. Bundan başqa, Qərb qonşumuza silah-sursat axını hələ də davam edir. Bir neçə gün öncə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, Hindistan və Fransa ölkəsinin müdafiə sektorunda əsas tərəfdaşlarına çevrilib: "Silah əldə edilməsinin şaxələndirilməsi prosesində biz yeni tərəfdaşlar əldə etdik və bir çox supergüclərlə əlaqələr qurduq. Xüsusilə, Hindistan və Fransa müdafiə sahəsində bizim əsas tərəfdaşlarımıza çevrildilər". Xatırladaq ki, oktyabrın 23-də Papikyan fransalı həmkarı Sebastien Lekörnü ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200" (GM200) radar sistemi alacaq. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. "Ground Master 200" müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini müəyyən edə bilir.  Fransa və Hindistanla yanaşı, Qərb qüvvələri Ermənistanı silahlandırmaqla, sadəcə alovlanan oda yanacaq tökürlər. Ermənistan isə buna dünəndən razıdır.

Fransalı general isə şübhəsiz ki, oraya əbəs yerə göndərilməyib. Uilyam De Meyer təkcə Fransa Milli Jandarmeriyasının briqada generalı deyil, həm də Fransanın Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq üzrə idarəsinin direktor müavinidir. Bununla paralel olaraq isə o, Brüsseldə Avropa Xarici Əlaqələr Xidmətində təhlükəsizlik və müdafiə məsələləri üzrə fəaliyyət göstərib. Ötən ilin martından isə Meyer, hazırkı vəzifəsinə təyin olunub. O, Fransanın Xarici Missiyalar üzrə Jandarma Komandanlığının (CGMEx) rəhbəridir. Belə ki, bu komandanlığın əsas missiyası müttəfiq ölkələrin milli jandarm sisteminin ahəngdarlığını gücləndirmək, Fransa jandarması üçün maraq kəsb edən ölkələrdən və ya ərazilərdən xüsusi mövzularda məlumat toplamaq və yaymaqdır. Bundan başqa, Avropada beynəlxalq maraq və təsir mövqelərinin müəyyən edilməsində əməkdaşlıq edərək strategiyanın xaricdə həyata keçirilməsinə töhfə vermək, kadrların formalaşmasında birbaşa iştirak etməkdir. Xüsusi qeyd etmək lazımdır ki, qurumun Fransa ilə müttəfiqlik edən ölkələrdəki əməkdaşlarının demək olar ki, hamısı peşəkar hərbçilərdir. Hər biri xüsusi təlimlərdən keçib, döyüşlərdə və ya dövlət xarakterli əməliyyatlarda iştirak edib. Yəni Uilyam De Meyer heç də sadə general, onun əlində tutduğu durbin isə  xoşniyyətliliklə, sadəcə ətrafı seyr etmək üçün nəzərdə tutulmuş bir alət deyil. Bu qurumun üzvləri fəaliyyət göstərdikləri ölkələrin hətta daxili işlərinə müdaxilə edə biləcək qədər geniş səlahiyyətlərə malikdir. Çünki CGMEX-in prinsiplərindən biri də məhz müttəfiq dövlətlərdə sabitləşdirməyə "kömək etməkdir". Buradan da o nəticəyə gələ bilərik ki, fransalı generalın Azərbaycan-Ermənistan sərhədinə gəlişinin əsas məqsədi Aİ-nin "mülki missiyasının üzvləri" adı altında fəaliyyət göstərən öz zabitlərinin işi ilə əyani tanış olmaq və onlara praktik tapşırıqlar vermək olub.

Bütün bu faktları qarşılaşdırdıqda ortaya belə bir sual çıxır: Fransanın Xarici Missiyalar üzrə Jandarma Komandanlığının rəhbəri, təcrübəli generalın Aİ-nin bayrağı altında Ermənistan-Azərbaycan sərhədində nə işi var? Nəyə əsasən heç bir açıqlama gətirmədən bölgədə istədiyi kimi gəzib-dolaşır?

Gözləyək görək, mötəbər qurum budəfəki addımına hansı formada yalan uydurub, özünü "təmizə" çıxaracaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".