Qərbin Kiyevə xəyanəti
Siyasət

Qərbin Kiyevə xəyanəti

Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi artıq çoxlarında müəyyən fikirlər formalaşdırıb. Bəzi siyasətçilər hesab edirlər ki, Ukrayna bu savaşdan məğlub çıxacaq. Bu cür fikirlərin formalaşmasında Qərbin, xüsusilə də ABŞ-ın məsələyə müdaxiləsi kimi nüanslar yer alır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı təhlillərin əksəriyyəti Qərb ölkələrinin Ukraynanı müharibəyə sürükləməsi, Avropanın öz mənfəətini hər şeydən üstün tutması, hətta bəzi Qərb qüvvələrinin Rusiya ilə separatçı danışıqlara getməsi istiqamətindədir. Bu kimi fikirlər nəinki Qərb beyin mərkəzlərinin, eləcə də medianın əsas tezisinə çevrilib. Əvvəllər Ukraynanı Rusiyaya qarşı qızışdıran Qərb ölkələri bu gün ona dəstək göstərmək əvəzinə, qarşı tərəfi işğala sövq edirlər. Acınacaqlı hal ondan ibarətdir ki, heç kim minlərlə insanın ölümünə səbəb olan bu müharibəni dayandırmaq barədə düşünmür. Rəsmi Moskva müharibəyə başlayarkən qarşısına qoyduğu hədəflərə nail ola bilməsə də, əməliyyatları dayandırmaqda maraqlı deyil. Bu gün Qərb mediası və siyasilərinin "Rusiya çökür", "əhali müharibəyə qarşı çıxır" tezisləri də heç bir nəticə verməyib.

Bundan əlavə, Qərbin xüsusən də ABŞ-ın Koreya modeli əsasında Ukraynanın bölünməsi prosesinin həyata keçirilməsi planları da özünü göstərir. Yeri gəlmişkən, Koreya yarımadasının ikiyə bölünməsi prosesində də Qərbin izləri aydın görünürdü. Başqa bir məqam isə bölünmə prosesindən sonra Ukraynanın bir hissəsinə Polşanın iddiası olacağına dair fikirlər səslənir. Ukraynanın qərb ərazilərinin Polşaya qatılması üzərində müəyyən müzakirələr də aparılır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Qərb rəsmi Kiyevi çətin, hətta çıxılmaz vəziyyətə salıb. Bu gün müharibə nəticəsində Ukrayna onsuz da ərazisinin bir hissəsini itirmiş vəziyyətdədir. Bütün bunların bölünmə məsələsinin gündəmə gətirilməsi Qərbin iç üzünü ifşa edir.

Ukraynaya gəldikdə isə ölkə hələ də müharibənin fəsadlarından və şokundan çıxa bilməyib. Qərbin "güdazına gedib" müharibəyə sövq edilən Ukraynada vəziyyət getdikcə pisləşir. "Pozucu" fəaliyyəti ilə Ukraynanı viran qoyan Qərb vəd etdiyi hərbi və maliyyə dəstəyini göstərmir. Beynəlxalq güclərin təhriki ilə müharibəyə cəlb olunan Zelenski Qərb dövlətlərini ittiham edir. Çünki Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketi də rəsmi Kremli çökdürə bilmədi. Əksinə, bu gün Qərbin Moskva ilə gizli danışıqlara getdiyi barədə tutarlı faktlar ortaya çıxır. Bundan əlavə, Ukraynanın silahlandırılmasında da bir sıra problemlər müşahidə olunur. Belə ki, ABŞ və Avropa bu gün Ukraynaya lazım olan hərbi texnikanı çatdırmaqda xəsislik edir, prosesi ləngitməyə çalışır. Xüsusi vurğulamaq lazımdır ki, Qərb hətta Ukraynaya uzaqmənzilli silahların verilməsindən də bəzi hallarda imtina edir. Məsələn, Qərbin rəsmi Kiyevə vəd etdiyi "Patriot" hava hücumundan müdafiə sistemləri də Ukraynaya verilmədi.

Bu gün Ukraynadan insan axını günbəgün güclənir. Savaş başlamazdan əvvəl ölkə əhalisinin sayı 45 milyon idisə, indi bu rəqəm 20 milyona düşüb. Qərb ölkələri, xüsusən də ABŞ və Avropa İttifaqı bütün günahı Zelenski hakimiyyətinin üzərinə atır. Ukraynanın düşdüyü indiki durumun qonşu Gürcüstana bənzəməsi ilə bağlı fikirlərdə mövcuddur. Rəsmi Vaşinqton 2008-ci ildə Gürcüstanı, indi də Ukraynanı meydanda tək qoyub. Xatırladaq ki, vaxtilə ölkənin prezidenti Mixail Saakaşvilinin avantürası nəticəsində Rusiya ordusu Tbilisinin bir neçə kilometrliyinə qədər gəlib çıxmışdı. Bunun nəticəsində Abxaziya və Cənubi Osetiya Rusiyaya birləşdirildi. Bu gün eyni ssenari Ukrayna ilə bağlı həyata keçirilir. O zaman prosesin arxasında ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays dururdusa, indi bu siyasət bir neçə nəfərin əli ilə davam etdirilir.

Bu gün Qərb Gürcüstanda olduğu kimi, Ukraynada da xain planlarının icrasına çalışır. Əfsuslar olsun ki, Qərb bunu Azərbaycana qarşı da həyata keçirirdi. Belə ki, Avropa və ABŞ Ermənistanın otuz illik işğalına göz yumub, erməni lobbisinin mövqeyindən çıxış edib. Bundan başqa, Qərb işğala məruz qalan ölkə ilə işğalçı dövlət arasında da heç bir fərq qoymamışdı. Onlar münaqişənin nizamlanması istiqamətində əməli addım atmamışlar. Əksinə, Qərb "münaqişənin hərbi həll yolu yoxdur" deməklə və boş sülh vədləri verməklə prosesi 30 il uzatmışdı. Qərb hesab edirdi ki, Azərbaycan bu işğalla barışacaq. Amma Prezident İlham Əliyevin uğurlu siyasəti və qətiyyətli addımları Qərbin bu planlarını fiaskoya uğratdı. Ölkəmiz bütün dünyaya nümayiş etdirdi ki, onun ərazi bütövlüyü, suverenliyi müzakirə, mübahisə mövzusu ola bilməz. Rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində, qəbul olunan prinsiplər əsasında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla Azərbaycan Cənubi Qafqazda münaqişə vəziyyətindən istifadə edib, planlar quranların oyunlarını da pozdu.

Nəzrin ELDARQIZI,

"Respublika".