Prokurorluğa qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 83 namizədin icbari təliminə başlanılıb
Digər xəbərlər

Prokurorluğa qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 83 namizədin icbari təliminə başlanılıb

Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi, prokurorluq orqanlarında nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması üçün ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin ən mühüm nəticələri sırasında prokurorluğa qulluğa qəbul olunmaq üçün müvəffəqiyyət qazanmış namizədlərin icbari təliminin məhz Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin maddi-texniki, resurs bazası hesabına təşkil edilməsi xüsusi əhəmiyyət daşıyır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il dekabrın 16-da Elm-Tədris Mərkəzində 2021-ci ildə prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş 83 namizədin əyani şəkildə icbari təliminə başlanılıb.

Tədbirin keçirilməsi ilə əlaqədar Mərkəz tərəfindən aktuallığı ilə seçilən, dinləyicilərdə ilkin peşə vərdişlərinin formalaşmasına töhfə verəcək mövzuları əhatə edən təlimin tədris proqramı və tədris-tematik planı tərtib edilib.

Tədris proqramı cinayət hüququ, cinayət prosesi, inzibati hüquq, kriminalistika, prokuror nəzarətinin təşkili, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ sahələrini, habelə Baş Prokurorluqda işin təşkili məsələlərini əhatə edən 50-dən artıq mühazirə və praktiki məşğələləri özündə ehtiva edir. 

Təlimə prokurorluq, ədliyyə və səhiyyə orqanlarının təcrübəli işçiləri ilə yanaşı, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvlərinin təlimçi qismində cəlb edilməsi nəzərdə tutulub.

Pandemiya ilə əlaqədar karantin tədbirləri və istehsalat təqvimi nəzərə alınaraq təlim 2021-ci il dekabrın 16-dan 2022-ci il yanvarın 12-dək Baş Prokurorluğun yeni inzibati binalar kompleksinin konfrans zalında keçiriləcək.

Tədbirin birinci günü Milli Məclisinin deputatı, Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov namizədlər qarşısında "Dövlət qulluğunda etik dəyərlər və davranış standartları" mövzusunda məruzə ilə çıxış edib.

Eyni zamanda, Elm-Tədris Mərkəzinin əməkdaşları tərəfindən namizədlərə "Müasir Azərbaycan Prokurorluğu: islahatlar və qarşıda duran yeni vəzifələr", "Cinayət təqibi ilə bağlı azadlıq hüququnun məhdudlaşdırılması zamanı beynəlxalq standartlara əməl edilməsi metodikası" mövzularında da təqdimatlar edilib.

İcbari təlim davam etdirilir.

AZƏRTAC