Ordunun gücləndirilməsi əsas vəzifələrdəndir
Digər xəbərlər

Ordunun gücləndirilməsi əsas vəzifələrdəndir

Regionda baş verən geosiyasi proseslər ölkəmizdə ordu quruculuğunun inkişafına zəmin yaradan əsas səbəblərdən biridir. Azərbaycana qarşı ərazi iddialarının olması Ordumuzun daim yüksək döyüş peşəkarlığına və müasir maddi-texniki bazaya malik olmasını vacib edir. Ona görə də dövlətimizin hərbi-siyasi rəhbərliyi Vətənin müdafiəsini təşkil edən Silahlı Qüvvələrin günü-gündən güclənməsi üçün hər cür dəstək göstərir.

90-cı illərdə xaos və böhran içində olan Azərbaycan Ordusu çox qısa bir müddətdə dünyanın ən güclü ordularından birinə çevrilə bildi. Bu məqamda Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamaq lazımdır. 2003-cü ildən ölkəyə rəhbərlik edən Ali Baş Komandan İlham Əliyev Ordumuzun güclənməsini əsas vəzifə olaraq qarşıya qoyub və bu istiqamətdə səmərəli addımlar atıb. Zəngin beynəlxalq təcrübəyə malik olan dövlətimizin başçısı hadisələri öncədən dərk edərək anlayırdı ki, torpaqlarımızı işğal edən mənfur qüvvələr heç bir zaman suveren ərazilərimizi xoşluqla tərk etməyəcək. Belə olan halda Azərbaycanın Ali Baş Komandanı, Ordusu və xalqı erməni qəsbkarlarının torpaqlarımızda əbədi qalmasına razı ola bilməzdi. 2020-ci ildə Silahlı Qüvvələrimiz tarixi qələbə qazanaraq illərdən bəri hərbi təlimlərdə topladığı döyüş bacarıqlarını praktik müstəvidə tətbiq edərək düşməni ağır məğlubiyyətə uğratdı.

Bu Şanlı Zəfərdən sonra düşüncələrdə belə bir fikir formalaşmışdı ki, Ordumuz artıq öz missiyasını yerinə yetirib və bu sahə bir qədər geri planda qala bilər. Lakin Ali Baş Komandan müharibə bitdikdən dərhal sonra Ordumuzun əvvəlkindən də qüdrətli olması üçün xüsusi tapşırıqlar verdi. İlk növbədə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatının əsas qəhrəmanları olan xüsusi təyinatlıların say tərkibinin artırılması istiqamətində işlər aparıldı. Daha sonra isə Ali Baş Komandan tərəfindən komando birliklərinin yaradılması haqqında göstəriş verdi. Aparılan islahatlar nəticəsində Silahlı Qüvvələrimiz qarşıya qoyulan hər bir tapşırığı daha çevik və peşəkar şəkildə yerinə yetirməyə qadir olacaq. Hərb sahəsində islahatların aparılmasında dost və qardaş ölkələrin də təcrübəsindən istifadə olunur. Azərbaycan qardaş Türkiyənin bu sahədəki zəngin potensialından yararlanır və intensiv olaraq birlikdə hərbi təlimlər keçirir. Müdafiə və müdafiə sənayesi sahəsində Türkiyə modelinin tətbiq olunması ordu quruculuğunun inkişafında əsas yer tutur. İyunun 13-də Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi mətbuat konfransında Türkiyə-Azərbaycan birliyindən söhbət açaraq qeyd etmişdi ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir ki, onlardan 6-sı artıq keçirilmişdir. "...Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük...".

Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olması və qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirməsi hələ 2016-cı ildə amerikalı ekspertlər tərəfindən qeyd edilib. Davos İqtisadi Forumu zamanı Amerika nəşri olan "U.S. News and World Report"un "Dünyanın ən güclü orduları: güc amili" reytinq cədvəlində Azərbaycan 38-ci yerə layiq görülmüşdü. Burada diqqət olunası digər bir məqam isə ondan ibarətdir ki, həmin siyahıda NATO-ya üzv olan bəzi ölkələr sıralamada Azərbaycandan geridə qalıb. Ermənistan isə ümumiyyətlə, bu cədvələ daxil edilməyib. Nəşrin yaydığı məlumatda Azərbaycan Ordusu Cənubi Qafqazda döyüş qabiliyyətinə görə lider, postsovet məkanında isə 4-cü yerdə göstərilib.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə davam edib. Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərməsi nəzərə alınaraq Komando Qüvvələrinin yaradılması haqqında Ali Baş Komandan göstəriş vermişdi. İlk komando hərbi hissəsi 2021-ci il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsində, ikinci komando hərbi hissə isə 2022-ci il iyunun 26-da Kəlbəcərdə hərbçilərin istifadəsinə verildi. Burada xüsusilə diqqət olunası məqam ondan ibarətdir ki, açılan hərbi hissələr Ermənistan ərazisinə yaxın məsafədə yerləşir. Bunun da əsas məqsədi odur ki, gələcəkdə Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, komando qüvvələri tez bir zamanda düşmən təxribatının qarşısını almaq üçün hərəkətə keçəcək.

İyunun 23-də dövlət başçısının tapşırığına əsasən daha bir komando hərbi hissəsi açılıb. Hərbi hissəyə Döyüş bayrağını təqdim edən Ali Baş Komandan Ordumuzun daha da gücləndirilməsi vəzifəsinin bir nömrəli vəzifə olaraq qaldığını qeyd edib: "…Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir…". Dövlət başçısı həmçinin bildirdi ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Ordusunun inkişafı və qüdrətlənməsi heç bir zaman hücum xarakterli olmayıb. Əksinə olaraq tək məqsəd regionda sülhü təmin etməkdir. Lakin sülh içində yaşamaq üçün müharibəyə hazır olmaq prinsipi də yaddan çıxmamalıdır.

Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf edir və hər ötən gün gücünə güc qatır. Hər kəs də təsdiq edir ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə olan ordudan qat-qat güclüdür. Ordumuzun yeni silahlarla təchiz olunması və xüsusi biliklərə yiyələnməsini düşmən də müşahidə edir. Bir vaxtlar "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistanın baş naziri indi Ali Baş Komandanın sözlərini təkrar edib "Qarabağ Azərbaycandır!", - deyir. Bunun başlıca səbəbi isə "Dəmir yumruq" əməliyyatından sonra ermənilərin aldığı yaraların hələ də sağalmamasıdır.

Musa BAĞIRLI,

"Respublika".