Ölkəmizin beynəlxalq arenada nüfuzunun artması Münxen Konfransında bir daha təsdiq olundu
Siyasət

Ölkəmizin beynəlxalq arenada nüfuzunun artması Münxen Konfransında bir daha təsdiq olundu

Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində qurduğu münasibətlər dövlətimizin siyasi arenada mövqeyini getdikcə gücləndirir. Bu baxımdan, Prezident İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakı da ölkəmizin xarici siyasət kursunda önəmli yer tutur.

Dünya səviyyəli konfransa ölkə başçısının dəvət olunması Azərbaycanın artan nüfuzu və mövqeyinin göstəricisidir. İlham Əliyevin səfər çərçivəsində keçirdiyi iki və çoxtərəfli görüşlər isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmalıdır. Belə ki, Münxen Konfransında Ermənistanın sülh müqaviləsindən yayınması ifşa olundu, İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğu bir daha təsdiqini tapdı. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin təklifi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə ölkə başçımız diplomatik demarşı ilə yadda qaldı. Həmin debatda Prezident İlham Əliyev dünyanın gözü qarşısında tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi. Bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. Qalib ölkə liderinin Münxendə ortaya qoyduğu mövqe dövlətimizin beynəlxalq miqyasda siyasi, iqtisadi üstünlüklərini açıq-aydın şəkildə təsdiq etdi.

Azərbaycan elektrik enerjisi ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl enerji potensialına malikdir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirak etdiyi "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada da bu məsələyə diqqət çəkib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlət başçısı diqqətə çatdırıb ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir: "Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolu var. Ölkəmiz son dövrlər bu sahədə bir sıra vacib addımlar atır. Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi "yaşıl enerji"nin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək".

İlham Əliyev, həmçinin qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ötən il Bakıda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlət başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək. Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsini xüsusi vurğulayaraq ölkəmizlə bu sahədə əməkdaşlığı yüksək qiymətləndirib, onun davamlı olacağına əminliklərini bildiriblər. Bu etimad isə sözsüz ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və enerji sahəsində Bakıya duyulan ehtiyacla əlaqəlidir.

Jalə QASIMZADƏ,

"Respublika".