Münasibətlərin normallaşmasında Türkiyənin konstruktivliyi göz önündədir
Siyasət

Münasibətlərin normallaşmasında Türkiyənin konstruktivliyi göz önündədir

Tarix boyu Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələri qorunub saxlanılıb. Hər iki ölkə həm yaxşı, həm də çətin gündə həmrəylik göstərib. Xalqlarımız öz keçmişinə, torpağına bağlılığını hər addımda nümayiş etdirib. Milli-mənəvi dəyərlərimizin tarixinin, mədəniyyətinin, incəsənətinin, musiqisinin, ümumilikdə ənənələrinin bir-biri ilə bu qədər yaxın olmasını Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisi təsdiq edir.

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri tarixi hadisə olaraq mühüm əhəmiyyət kəsb edir. Bu səfər əsl qardaşlıq və dostluq nümunəsinin təzahürüdür. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlnin qoyulması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nun imzalanması iki qardaş ölkə arasında əlaqələrdə yeni səhifə açır.

Azərbaycan və Türkiyə daim bir-birilərini dəstəkləyib və yan-yana mübarizə aparıb. İkinci Qarabağ müharibəsi dövründə və sonra da qardaş ölkənin göstərdiyi dəstək danılmazdır. Türkiyənin Bayraktar TB2 - operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarələri qələbənin təmin olunmasında böyük rol oynayıb. Rəcəb Tayyib Ərdoğan Qarabağın azad olunması ilə bağlı sevincini belə ifadə edib: "Qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, başqa bir həyəcan var idi. Altı ay sonra qədim Şuşa şəhərində onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram". 30 illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi və siyasi dəstəyini millətimiz və xalqımız heç vaxt unutmayacaq.

2010-cu ildə Ankara şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş"ə imza atılıb. Daha sonra 2021-ci ildə iki ölkə arasında Şuşada "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb.

Azərbaycan beynəlxalq qanunlarla tanınmış sərhədlərini düşmən işğalından azad edib. Türkiyə quruculuq işlərində fəal iştirak edir. 44 günlük müharibədəki zəfərdən sonra da, bölgədə əsas söz haqqı ölkəmizə məxsusdur. Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin ən yüksək həddə çatması sevinc və qürur hissi ilə vurğulanmalıdır.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki: "Haqlı mübarizəsində Azərbaycanın yanındayıq". O əlavə olaraq deyib ki, Türkiyə beynəlxalq ictimaiyyətdən regionda sülh və sabitliyin təmin olunması məqsədilə dost və qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində atdığı addımları, o cümlədən Bakının humanitar yardım səylərini dəstəkləməsini gözləyir: "Məsələni Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən ayrı qiymətləndirərək ərazidə humanitar böhran varmış kimi göstərmək doğru deyil. Bu addımlar sülh prosesinin ləngiməsinə səbəb olur".

Həmçinin may ayında keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib gəldikdən sonra Prezident İlham Əliyev Türkiyəyə dəvət edilən ilk rəsmi şəxs olub və Ərdoğan da ilk səfəri Azərbaycana edib. Siyasi yaxınlıqdan əlavə, bu iki qardaş ölkə hər situasiyada bir-birinə dəstək olmağı bacarıb.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq üçün gəlib, canla-başla işləyən xarici media qurumları sırasında ilk yerdə Türkiyə mediasını göstərmək olar. Həmçinin erməni tərəfinin törətdiyi təxribatlara və verdiyi yalan açıqlamalara ən operativ reaksiya bildirən də məhz qardaş ölkə olub. Bundan əlavə, Türkiyəyə 2021-ci il meşə yanğınlarında və 2023-cü il fevralın 6-da baş verən zəlzələdə ilk yardım göndərən Azərbaycan olub. İki qardaş arasında belə yardımsevər münasibətlər hələ də davam edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə 3000 məktəbli dəsti göndərib.

Eyni zamanda, istər enerji, mədəni, istərsə də humanitar sahələrdə böyük səylə öhdəyə götürdüyümüz, birlikdə başladığımız işlər bizim bağlarımızı dərinləşdirir. Dövlətlər arasında iqdisadi əlaqələr də möhkəmlənməyə davam edir. Sentyabrın 28-29-da Naxçıvan Muxtar Respublikasında Energetika Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək.

Keçmişdən bəri dostluq, qardaşlıq əlaqələri davam edən bu iki ölkə hər zaman və hər sahədə bir-birinin yanındadır. Bütün bunlar göstərir ki, bir millət, iki dövlətin qardaşlığı bölünməz və sarsılmazdır.

 

 Nurcan SÜLEYMANOVA,

"Respublika".