Milli Məclisin payız sessiyasında
Gündəm

Milli Məclisin payız sessiyasında

Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib.

İclası açan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiyanın təşkil olunduğunu, ölkəmizə qarşı böhtan üzərində qurulan qərəzli qətnamənin qəbul edildiyini deyib.

Parlamentin sədri bildirib ki, belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin görməməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir.

Müzakirələrdən sonra deputat Tural Gəncəliyev Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını oxuyub. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Gündəliyin ikinci məsələsi olan "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Mədəniyyət haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ olan Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi səsə qoyularaq qəbul edilib.

"Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra iclas Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə davam edib.

"Dövlət qulluğu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Gündəliyin altıncı məsələsi olan "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib.

"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Ovçuluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Sosial xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 15-ci məsələsi olan İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

"Poçt haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 17-ci məsələsi olan "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində və "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Mustafa KAMAL,

“Respublika”.