23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
“Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan “Kitabi-Dədə Qorqud” 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən öncə “Kitabi-Dədə Qorqud” dastanlarının yaranması üçün xalqlarımızın nə qədər səylər qoyduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqlarımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır”. Yazımıza ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirdiyi bu fikirlərlə başlamağımız heç də təsadüfi deyil. Çünki Ümumdünya Kitab Gününün qeyd edildiyi bir gündə dünya mədəniyyətinin xəzinəsi sayılan kitablardan söz açmaq təbiidir. Əgər dünyanın müxtəlif nöqtələrində, ayrı-ayrı zamanlarda bütün insanlığı düşündürən, təəccübləndirən kitab nümunələri yaranmasaydı, onlar dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmasaydı, heç belə bir günün təsis edilməsinə də ehtiyac olmazdı.
UNESCO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında aprelin 23-nün Ümumdünya Kitab və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilməsi barədə qərar qəbul olunub. Dünyanın müxtəlif ölkələrində bu günün keçirilməsilə bağlı maraqlı məlumatlar var. Məsələn, İspaniyada Kitab Günü 1926-cı ildən hər il oktyabrın 7-də, Migel de Servantesin anadan olduğu güman edilən tarixdə qeyd olunmağa başlayıb. Lakin bu günü açıq havada gəzinti və kitabları vərəqləmək üçün daha mülayim mövsümdə qeyd etmək məqsədəuyğun hesab edilib. Beləliklə, 1930-cu ildə Kral XIII Alfonso, Servantesin ehtimal edilən ölüm tarixi olan 23 apreldə Kitab Gününün qeyd edilməsini qərara alıb.
İsveçdə bu gün Ümumdünya Kitab Günü kimi tanınır və müəllif hüququ aspekti nadir hallarda qeyd olunur. Adətən, aprelin 23-də qeyd olunan Kitab Gününün Pasxa bayramı ilə toqquşmaması üçün 2000 və 2011-ci illərdə aprelin 13-nə çəkilib.
Böyük Britaniya və İrlandiyada Ümumdünya Kitab Günü mart ayında hər il ilk cümə axşamı keçirilən və xüsusi nəşrlərin buraxılışı ilə üst-üstə düşən xeyriyyə tədbiridir. Hər il aprelin 23-də qeyd olunan Ümumdünya Kitab Gecəsi müstəqil xeyriyyə təşkilatı The Reading Agency tərəfindən təşkil edilir.
Amerika Birləşmiş Ştatlarının Merilend ştatının Kensinqton şəhərində Beynəlxalq Kitab Günü 26 apreldə ən yaxın bazar günü küçə festivalı ilə qeyd olunur. 2020-ci ildə 15-ci İllik Kensinqton Kitab Festivalı Günü COVID-19 pandemiyası səbəbindən ləğv edilib.
Azərbaycanda Ümumdünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd olunmağa başlayıb.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Bu münasibətlə UNESCO və kitab sənayesinin üç əsas sektorunu – naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən beynəlxalq təşkilatlar hər il şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.
Hər il UNESCO-nun Baş qərargahında böyük bayram tədbiri keçirilir. Kitab ticarətçiləri, nəşriyyat şirkətləri və rəssamlar kitablara və mütaliəyə olan sevgilərini gənclərlə praktik seminarlar keçirmək vasitəsilə (mətbəə, illüstrasiya, kitab cildlənməsi və s.) bölüşmək üçün dəvət olunurlar.
Kitab və mütaliə ilə bağlı rekordlar mütəmadi olaraq yenilənir. Dünyanın ən böyük kitabxana fondu Britaniyada yerləşir. Maddi dəyəri 170 milyonu keçən Britaniya Milli Kitabxanası özündə 5 kitabxana sistemini birləşdirir. Hətta İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun da qəbul edib. Hazırda Britaniya Milli Kitabxanasında 150 milyona yaxın kitab saxlanılır.
Dünyanın ən kiçik kitabı nominasiyası üzrə rekord isə Omsk şəhərində yaşayan mikrominiatür ustaları Anatoli və Stanislav Konanko tərəfindən yenilənib. Ən kiçik kitabxana İngiltərənin Uestberi – sab – Mendip şəhərində telefon köşkündə yerləşir. Şəhər sakinləri simvolik qiymətə (1 funt) telefon köşkünü alaraq, onu dünyanın ən kiçik kitabxanası düzəldiblər. Açıq havada yerləşən kitabxana ilin 365 günü, sutkanın 24 saatı açıq olur.
Dünyanın ən böyük kitabı isə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində qeydə alınıb. Müqəddəs Ramazan ayı münasibətilə Məhəmməd Peyğəmbərin həyatına həsr olunan kitabın çəkisi 1,5 tondur. 30 alimin əsərinin daxil edildiyi kitabı ərsəyə gətirmək üçün 300 işçi dörd il ərzində onun üzərində çalışıb. Kitab 22 beynəlxalq və yerli mükafata layiq görülüb, habelə “Ginnesin rekordlar kitabı”nda fəxri yer tutub. Ən bahalı kitab isə Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq dəyərləndirilən bu kitab Bill Qeytsə məxsusdur.
Ənənəvi olaraq hər il UNESCO Kitab Gününü müxtəlif mövzulara həsr edir. UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatanlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
Zümrüd QURBANQIZI,
“Respublika”.