“Kibergigiyena layihəsi
Digər xəbərlər

 “Kibergigiyena layihəsi"nə Naxçıvan Muxtar Respublikasının dövlət qurumları da qoşulub

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının mövcud və ya yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirlərini davam etdirir.

XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aidiyyəti əməkdaşları "Kibergigiyena layihəsi"nə qoşulublar. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyinə dair biliklərin artırılması və möhkəm kiberimmuna sahib olmaqdır.

"Kibergigiyena layihəsi"ndə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 34 əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən olunub.

Qeyd edək ki, kibergigiyena internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza biliklərinin artırılmasını özündə ehtiva edir. Buraya həm mövcud risk sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma üsulları aiddir. Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə internetdən təhlükəsiz istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaq və bu bilikləri şəxsi gigiyena qaydaları kimi vərdiş halına çevirməkdir.

Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun videoformatda görüşü olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, S.Babayev Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu bildirib, iki ölkənin həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırıb. V.D.Popesku ölkəsi ilə Azərbaycanın dostluq münasibətlərinə əsaslanan strateji əməkdaşlığının bütün sahələrdə daim inkişaf etməkdə olmasından məmnunluq ifadə edib.

Azərbaycanın DOST konsepsiyası, ölkəmizdə dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar diqqətə çatdırılıb. Bu sahədə iki ölkə arasında gələcək təcrübə mübadilələri, DOST təcrübəsinin Rumıniyada tətbiqi imkanları, Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.

Mustafa KAMAL,

"Respublika".