Keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Heydər Əliyev siyasətinin əsasını təşkil edirdi
Digər xəbərlər

Keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Heydər Əliyev siyasətinin əsasını təşkil edirdi

Ulu öndər 2001-ci il avqustun 22-də "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Fərman imzalamışdır

Ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı, xalqı və dövləti labüd fəlakətdən xilas etdi.

Müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın vəziyyəti son dərəcə mürəkkəb və ümidsiz idi. Həmin dövrlərdə xalqımız erməni faşizminin növbəti hücumuna məruz qalmış, ölkə ərazisinin 20 faizi işğal olunmuşdu. Respublika daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən ermənilər "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq xəyalı ilə daha geniş əraziləri zəbt etməyi planlaşdırırdılar. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz idi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də ağırlaşdırır, xalqla dövlət arasındakı uçurumu daha da dərinləşdirirdi. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin dünya birliyində mövqeyinin güclənməsinə imkan verdi. Bütün bunlarla yanaşı, ümummilli lider 1988-1992-ci illərdə öz tarixi yurd yerlərindən didərgin salınan azərbaycanlıların respublikamızın müxtəlif bölgələrində yerləşdirilməsini, onların problemlərinin həllini xüsusi olaraq nəzarətində saxlayırdı. Ulu öndərin müdrikliklə həyata keçirdiyi uzaqgörən siyasətində əsas məsələlərdən biri yurd-yuvalarından didərgin düşmüş insanların həyat səviyyəsini yaxşılaşdırmaq, müvəqqəti yerləşdikləri yerlərdə onları maksimum şəraitlə təmin etmək idi. Bu məqsədlə, ölkə başçısının göstərişilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza yaradılmış, ulu öndər Heydər Əliyev tərəfindən çox sayda fərman və sərəncamlar imzalanmışdır. "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq olunmuş, "Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu" yaradılmış, bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Ulu öndərin 2001-ci il 22 avqust tarixli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Fərmanı bu istiqamətdə atılmış mühüm addımlardandır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanda son iki yüz il ərzində xalqımızın başına gətirilən müsibətlər - zorla köçürülmə, mütəmadi olaraq etnik təmizləmə siyasətinin həyata keçirilməsi, soyqırımları, Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi öz əksini tapır. Tarixi ərazimiz olan İrəvanda erməni dövlətinin yaradılması, sonrakı proseslərdə minlərlə azərbaycanlının yurd yerlərindən didərgin salınması, ermənilərin Zəngəzur dəhlizini ələ keçirməsi gerçəklikləri qeyd olunur. Həmçinin Azərbaycan SSR və Ermənistan SSR-in yaradılması dövründə sərhədlərin dəqiqləşdirilməsi adı ilə Azərbaycan kəndlərinin Ermənistan ərazisinə daxil edilməsi, yerli əhalinin isə məcburi şəkildə tarixi torpaqlarından çıxarılması və yalnız ermənilərdən ibarət bir dövlətin qurulması faktları göstərilir. SSRİ Nazirlər Soveti tərəfindən 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarın qəbul edilməsini, 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" ikinci qərar əsasında 150 minə yaxın azərbaycanlının yaşadıqları yerlərdən didərgin salınmasını vurğulayan ulu öndər 1987-ci ildən etibarən qədim Azərbaycan torpağı olan İrəvandan azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə prosesinin misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildiyini qeyd etmişdir. Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmanda ötən əsrdə ümumilikdə iki milyona yaxın azərbaycanlının doğma torpaqlarından zorla çıxarılması, ermənilərin etnik təmizləmə siyasətinə məruz qalması bildirilmişdir.

Ulu öndərin 1988-1992-ci illərdə Ermənistanda həyata keçirilən  etnik təmizləmə nəticəsində öz yurd-yuvasından qovulmuş azərbaycanlıların məskunlaşması problemlərinə müvafiq olaraq imzaladığı Fərmana əsasən soydaşlarımıza verilən "qaçqın" statusunun qüvvədə saxlanılması, qaçqınların məskunlaşdıqları - Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və respublikanın digər rayonlarının ərazilərində məcburi köçkünlərin yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsi məqsədilə torpaq sahələrinin ayrılması nəzərdə tutulmuşdur. Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpa edilməsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun hesabından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qaçqınların daimi məskunlaşması üçün ayrılacaq torpaq sahələrində yaşayış evlərinin və qəsəbələrin, mühəndis xətlərinin tikintisi üçün 20 milyard, Goranboy rayonunun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndlərində dağıdılmış 1400 yaşayış evinin bərpası üçün 53 milyard, 1995-ci ildən tikintisi yarımçıq qalmış 322 evin tikintisinin başa çatdırılması üçün 10 milyard manat məbləğində vəsait ayrılması və s. məsələlər öz əksini tapmışdır.

Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən olan XX əsrin əvvəllərində xalqımız öz müstəqilliyini əldə etsə də, rus imperiyasının müstəmləkəçilik əsarətindən yaxa qurtara bilmədi. Tarixən məruz qaldığı müsibətlər, soyqırımları, ayrı-seçkilik, deportasiyalar daha da gücləndirildi. Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilər ötən əsrin sonlarında soydaşlarımızı əzəli yurd yerlərindən didərgin saldılar, dövlət səviyyəsində etnik təmizləmə siyasəti apardılar. Müstəqilliyimizin bərpasının ilk illərində respublikamıza ikinci dəfə rəhbərliyə gələn ümummilli lider Heydər Əliyev müstəqil dövlətimizin ərazi bütövlüyünün qorunması, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, atəşkəsə nail olunması istiqamətində kompleks tədbirlər həyata keçirdi. Eyni zamanda, öz doğma torpaqlarından qovulmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Heydər Əliyev siyasətinin əsasını təşkil edirdi.

Mehparə ƏLİYEVA,

"Respublika".