İflasa uğrayan məkrli niyyət
Siyasət

İflasa uğrayan məkrli niyyət

Fransa-Ermənistan cütlüyü Frankofoniya Təşkilatı çərçivəsində məğlubiyyətlə üzləşdi

"Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Fransanın anti-Azərbaycan və sülh prosesinə zərbə vuran davranışları barədə danışarkən bildirib.

Fransa Milli Assambleyasında qəbul olunan anti-Azərbaycan qətnamələrindən daha çox Frankofoniya Təşkilatının Bakıya qarşı aqressiv mövqe nümayiş etdirməsi diqqət çəkir. Çünki Fransa hakimiyyəti ermənipərəst olduğu üçün ölkənin təşkilatları da Prezident Emmanuel Makronun diktəsi ilə Azərbaycana qarşı qərarlar qəbul edirlər. Frankofoniya Təşkilatına daxil olan dövlətlərin əksəriyyətinin isə nəinki Ermənistanla mədəni və siyasi bağları, ümumilikdə Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur.

Frankofoniya Təşkilatının məqsəd və hədəfləri nədir? Frankofoniya termini 1887-ci ildən istifadə edilməsinə baxmayaraq, Beynəlxalq Frankofoniya Təşkilatı 1970-ci ildə Mədəniyyət və Texniki Əməkdaşlıq Agentliyi adı altında yaradılıb. BFT fransız dili ana dili hesab olunan, əhalisinin əksəriyyəti fransız dilində danışan (keçmiş fransız müstəmləkələri) və fransız mədəniyyətinə böyük bağlılığı olan ölkələri özündə birləşdirən təşkilatdır. Fransız dili əsasən Afrika-Hind Okeanı və Yaxın Şərq regionu ölkələrinin təhsil dilidir. BFT-nin ümumilikdə 84 üzvü var.

Qeyd edildiyi kimi, Frankofoniya Təşkilatının Ermənistanla heç bir tarixi, siyasi və mədəni bağı yoxdur. Amma buna baxmayaraq, BFT-nin 19-20 noyabr tarixlərində Tunisin Cebra şəhərində keçirilən XVIII sammiti Fransa və Ermənistanın Azərbaycana qarşı növbəti təxribatıyla yadda qaldı. Fransa müstəqil ölkələrə siyasi təzyiq göstərərək, hətta şantaj edərək onların suverenliyini pozub, üzv dövlətlərin mövqeləri nəzərə alınmadan sənəd layihəsi zirvə görüşünə təqdim edilib. Bu isə onu göstərir ki, Fransanın nəzarəti altında olan təşkilat müstəqil qərar verə bilmir. Təşkilatın artıq fransız dili və mədəniyyəti ilə bağlı hədəfləri unudulub. Çünki Fransa və Ermənistan BFT-ni Azərbaycana qarşı platformaya çevirib. Əgər belə olmasaydı, Fransa və Ermənistan Cənubi Qafqaz regionunda sülhün olmaması üçün hər cür təxribata əl atmazdı. Frankofoniya Təşkilatının büdcəsinə bir qəpik belə xeyri dəyməyən Ermənistanın BFT tərəfindən müdafiə olunmasının arxasındakı "qüvvə" də məhz Makrondur.

Prezident İlham Əliyev konfransda çıxışı zamanı Fransa hakimiyyətinin Frankofoniya Təşkilatı vasitəsilə Azərbaycana təzyiq etmək cəhdlərindən danışarkən deyib: "Qətnamənin mətninin Fransanın Ermənistanla birgə hazırladığı, ittiham və uydurma dolu ilkin versiyası Azərbaycan tərəfində var. Lakin bizim təkcə Qoşulmama Hərəkatında deyil, Avropada da dostlarımız var. Beləliklə, bu anti-Azərbaycan qətnaməsi formallıqdan başqa bir şey deyil".

Tunis sammitində çıxış edən Ermənistanın baş naziri N.Paşinyan qlobal sistemdə dövlətlərin suverenliyinə hörmət etməyin zəruriliyini deyib. Bəzi iştirakçılar bu fikirləri istehza ilə qarşılayıb. Çünki onlar çox gözəl bilirlər ki, 30 ildən artıq müddətdə ermənilər məhz bu prinsipi pozaraq Azərbaycan ərazilərini işğal altında saxlayıb və hələ də Qarabağdan öz quldur dəstələrini çıxarmırlar.

Cebra Zirvə görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyi ilə Zirvə görüşünün yekun sənədləri olan Cebra Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli təhriflərlə dolu təhrikedici ifadələr daxil edilərək üzv dövlətlərin müzakirəsinə təqdim olunmuş, lakin sənəd layihələrinin müzakirəsi nəticəsində ölkəmizə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq layihələrdə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdir. Bununla belə, sənədin yekun layihəsində hələ də Təşkilatın mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalmaqdadır.

Onu da qeyd edək ki, 2018-ci ilin oktyabrında Ermənistanın paytaxtı İrəvanda Beynəlxalq Frankofoniya Təşkilatının XVIII Zirvə görüşü keçirilib. Hələ o zaman həmin tədbir bir sıra ziddiyyətlərlə yadda qalmış və uğursuzluqla nəticələnmişdi. Belə ki, bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə, Fransa Prezidenti E.Makronla təşkilatın Baş katibi Mişel Jan qarşıdurmasının şahidi olmuşdu. Qarşıdurma isə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü ilə bağlı olmuşdur. Təşkilatın Baş katibin Zirvə toplantısının keçirildiyi gün qurumun ölü halda olduğu barədə rəsmi tvitter hesabında açıqlama verməsi isə diplomatiya tarixində görünməyən hadisələrdən biri kimi qiymətləndirilmişdi. Baş katib, həmçinin toplantının açılışı zamanı təşkilatın ünvanına kəskin fikirlər də söyləmişdi.

Təbii ki, bu sammitin İrəvanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyinə burada səsləndirilən tənqidi sözləri eşitmək o qədər də xoş deyildi. Çünki təşkilata o vaxt yeni üzv olan Ermənistan bu qurum vasitəsilə öz nüfuzunu artırmağa və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və gözlənilən sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Buna nail ola bilmədi. Elə Tunis sammitində də Fransa-Ermənistan cütlüyü rəsmi Paris üçün ən münbit məkan sayılan Frankofoniya Təşkilatı çərçivəsində rüsvayçı məğlubiyyətlə üzləşdi. Onların Azərbaycana qarşı həyata keçirməyə cəhd etdikləri növbəti təxribat planı da iflasa uğradı. Bu isə Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Zümrüd QURBANQIZI,

"Respublika".