ICAP prezidenti: Azərbaycan ilə Pakistan arasında əlaqələrinin genişləndirilməsini yüksək qiymətləndiririk
Gündəm

ICAP prezidenti: Azərbaycan ilə Pakistan arasında əlaqələrinin genişləndirilməsini yüksək qiymətləndiririk

Mən fəxr edirəm ki, bu gün həm Azərbaycanın, həm də Pakistanın peşəkar institutları mənim prezidentliyim dönəmində münasibətlərin əsasını qoyurlar və əminəm ki, zaman keçdikcə bu, bir-birimizə olan qardaşlıq sevgimizdən irəli gələn strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək.

"Respublika" xəbər verir ki, bu sözləri Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun (ICAP) prezidenti Əli Lətif Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

ICAP prezidenti qarşılıqlı etimad və maraqlar əsasında real addımların atılması üçün əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

“Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu İngiltərə və Uels İmtiyazlı Mühasiblər İnstitutu, Avstraliya və Yeni Zelandiya İmtiyazlı Mühasiblər İnstitutu və Kanadanın İmtiyazlı Peşəkar Mühasibləri kimi çox məhdud sayda qurumlarla memorandum imzalanıb. Biz hazırda Azərbaycanın Auditorlar Palatası ilə memorandum imzalamaqdan çox şadıq. Bu isə öz növbəsində Auditorlar Palatasının peşəkarlığından bəhs edir. Bizim komandamız Azərbaycan Auditorlar Palatasının komandası ilə məsləhətləşdikdən sonra konkret sahələr üzrə qarşılıqlı razılaşdırılmış fəaliyyət planını hazırlamaq niyyətindəyik. Biz artıq ilkin məsləhətləşmələrdən sonra müvafiq təlim və dəstək sahələrini, daha dəqiq desək Çirkli Pulların Yuyulması və Keyfiyyətin yüksəldilməsi məsələləri üzrə əməkdaşlıq edilməsini müəyyən etmişik”, - deyə Əli Lətif diqqətə çatdırıb.

ICAP prezidenti bildirib ki, Azərbaycan qabaqcıl beynəlxalq brend şirkətlərin üzvü olan peşəkar təşkilatların zəngin təcrübəsindən yararlana bilər: “Hər iki tərəfdə Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini dəstəkləyəcək siyasi iradənin mövcudluğunu yüksək qiymətləndiririk. Əminəm ki, CAAR və ICAP hökumətlərarası əlaqələrimizdən və səmərəli ikitərəfli və çoxtərəfli əməkdaşlığımızdan uğurla bəhrələnəcək”.