Humanizm, xeyirxahlıq missiyası
Digər xəbərlər

Humanizm, xeyirxahlıq missiyası

1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə naziri general-leytenant Əliağa Şıxlinski və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyətinin yaradılmasında əsas məqsəd xalqa təmənnasız xidmət göstərmək, müharibədən, təbii fəlakətlərdən əziyyət çəkən, qayğıya möhtac olan insanlara yardım göstərmək, onlara dəstək vermək olmuşdur. Könüllülük, insanpərvərlik və xeyirxahlıq prinsipləri əsasında təsis edilən Qızıl Aypara Cəmiyyəti yarandığı ilk gündən öz missiyasını uğurla həyata keçirir.

1920-ci ildə Azərbaycanda sovet hökumətinin qurulması ilə Demokratik Cümhuriyyətin süquta uğraması nəticəsində ölkəmizin həyatında bir çox sosial, humanitar problemlərin həllində yaxından iştirak edən Cəmiyyətin fəaliyyətinə son qoyulmuş, iki ildən sonra isə 1922-ci ilin oktyabr ayında Azərbaycan Sovet Respublikasının Xalq Komissarları Şurasının qərarı ilə Qızıl Aypara Cəmiyyəti yenidən yaradılmışdır. 1923-cü ilin mayında Ağahüseyn Kazımov, Tağı Şahbazi, Çingiz İldırım, Bahadır Qayıbov kimi dövlət xadimləri tərəfindən qurumun Nizamnaməsi hazırlanmış, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmişdir.

Humanitar və xeyriyyəçilik dəyərlərini özündə əks etdirən təşkilatın fəaliyyətində ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yeni inkişaf dövrü başlamışdır.

Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizdə rəsmi humanitar təşkilat kimi tanınmış Qızıl Aypara Cəmiyyəti 1995-ci ildə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edilmiş və qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində maddi-texniki bazası gücləndirilmiş, humanizm, mərhəmət və xeyriyyəçilik prinsipləri əsasında yaradılmış təşkilat cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Müstəqil Azərbaycanın həyata keçirdiyi məqsədyönlü xarici siyasət Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirmiş, inkişafı üçün yeni perspektivlər açmışdır. Qurumun Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasına daxil edilməsi, Fövqəladə Hallarda Hazırlıq və Yardım Komissiyasında təmsil olunması müstəqil Azərbaycanın artan nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimizin humanizm siyasətinə dəstək verir.

Prezident İlham Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illik yubileyi münasibətilə təbrik məktubunda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarından olan və əsası 1920-ci ilin mart ayında qoyulan Qızıl Aypara Cəmiyyəti ilk günlərdən xalqa təmənnasız xidməti özünün amalına çevirmişdir... Xalqımızın tarixən çətin məqamlarında həssaslığı və operativliyi ilə seçilmiş Qızıl Aypara Cəmiyyətinin öz məramına sadiq qalaraq fədakarlığını Ermənistanın respublikamıza qarşı işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından qovulan bir milyondan çox soydaşımızın sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və sonrakı reabilitasiyasında da davam etdirməsi təqdirəlayiqdir".

Ölkəmizdə ən böyük humanitar təşkilat olan və könüllülük prinsiplərinə əsaslanan, əsas məqsədi müharibədən, təbii fəlakətlərdən ziyan görmüş insanlara yardım göstərmək, dəstək vermək olan Qızıl Aypara Cəmiyyəti bu gün də fəaliyyətini uğurla həyata keçirir. Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların ehtiyaclarını qarşılamaq üçün 40 ton un məhsullarından ibarət humanitar yardımın yola salınması təşkilatın humanizm ideyalarına sadiqliyinin göstəricisidir. Yardımın ünvana çatdırılması istiqamətində danışıqların aparıldığını bildirən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan "Əsas bu xoş niyyəti tətbiq etməkdir. İki-üç nəfərin mövqeyinin Xankəndinin erməni əsilli əhalisinə heç bir aidiyyəti yoxdur. Mən inanıram ki, oradakı əhalinin böyük hissəsi artıq bu proseslərdən yorulub və onlar bütün dünyaya humanizm prinsiplərini göstərməlidir. Qızıl Aypara Cəmiyyəti xoş niyyətlə gəlibsə, onlar da buna təmkinlə, hörmətlə, səbirlə yanaşmalıdır",- deyə vurğulayıb. Qarşı tərəfin mövqeyindən asılı olmayaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti xoş niyyət, humanizm, insanpərvərlik, xeyirxahlıq missiyasını həyata keçirir.

Mehparə ƏLİYEVA,

"Respublika".