Digər xəbərlər

"Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar" mövzusunda konfrans keçirilib

"Heydər Əliyev İli" çərçivəsində martın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar" mövzusunda konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi Ümummilli Liderimizin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir: "Müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası da Heydər Əliyevin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə il ərzində çoxsaylı tədbirlər keçirəcək. "Heydər Əliyev İli" ilə əlaqədar YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar və digər bir sıra tədbirlər təşkil ediləcək ki, bu da Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə əvəzsiz yerinin və rolunun tədqiqinə mühüm töhfə olacaqdır".

YAP Sədrinin müavini xatırladıb ki, "Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən tədbirlərdə Ulu Öndərin "Nə qədər ki Azərbaycan var, mən də varam" kəlamından deviz kimi istifadə olunmaqdadır: "Çünki Heydər Əliyev tərəfindən müdrikcəsinə ifadə edilmiş bu dərin məzmunlu fikir Azərbaycanın müasir və zəngin dövlətçilik tarixinin dünənini, bu gününü və gələcəyini, Ulu Öndərin milli və bəşəri məzmunlu ideyalarının əbədiyaşarlığını aydın ifadə edir. Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti tarixi, coğrafi, siyasi və mənəvi nöqteyi-nəzərdən ölçüyəgəlməzdir. Çünki Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın tərəqqisinə, xalqın ali mənafeyinin, dövlət maraqlarının qorunmasına, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, Azərbaycan naminə taleyüklü uğurlara imza atmış, Azərbaycanı zirvələrə yüksəldən tərəqqi və Zəfər yolunun möhkəm təməllərini yaratmışdır".

Tahir Budaqov qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünənin, bu günün və gələcəyin - XXI əsrin, üçüncü minilliyin partiyası olan Yeni Azərbaycan Partiyasının qurucusu, Türk dünyasının böyük oğlu, müdrik dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəsna xidmətlərindən və zəngin dövlətçilik irsinin çox mühüm istiqamətlərindən biri xalqın maraqlarına, tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövrün çağırışlarına cavab verən modern dövlət quruculuğudur: "Bu kontekstdə plüralizm və bərabərlik prinsiplərinə, sivil və demokratik dəyərlərə əsaslanan müasir siyasi sistemin yaradılması və ardıcıl, məqsədyönlü ictimai-siyasi, hüquqi islahatlar vasitəsilə təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. "Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar" mövzusunda keçirilən bugünkü tədbirimiz də Ümummilli Liderin irsində plüralizmə və bərabər imkanlara, ədalət prinsipinə və demokratik dəyərlərə söykənən dövlət quruculuğu, o cümlədən müasir siyasi sistemin formalaşdırılması məsələlərinə nəzər salınması baxımından mühüm önəm daşıyır".

"Sirr deyil ki, SSRİ-nin dağılması ilə əlaqədar respublika səviyyəsində də baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə qarşılaşmasına səbəb olmuşdu. 80-ci illərin sonundan başlayaraq respublikamızda hökm sürən ictimai-siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması müstəqilliyin bərpasından sonra daha da şiddətlənmiş, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan faktiki olaraq iflic vəziyyətinə düşmüşdü", - deyən Tahir Budaqov bildirib ki, belə bir şəraitdə ölkənin xaos və böhrandan xilas olması, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi üçün ilk növbədə güclü siyasi liderə ehtiyac var idi. Xalq ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan, fəaliyyətinin bütün dövrlərində Vətənin ali mənafeyini və milli maraqları rəhbər tutan dahi şəxsiyyət Heydər Əliyevə bağlamışdı. 1992-ci il noyabrın 21-də xalqın iradəsi ilə alternativsiz Lider ətrafında Yeni Azərbaycan Partiyasının təsis edilməsi xalqımızın milli məqsədlər ətrafında təşkilatlanmasını, siyasi-ideoloji boşluqların aradan qaldırılmasını təmin edən, dövlətimizin siyasi taleyini, gələcək yolunu - perspektivlərini müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə, müasir dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi oldu. Bu, eyni zamanda, siyasi sistemin təməlinin yaradılması və müstəqil dövlət quruculuğuna doğru önəmli addım idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq".

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası fəaliyyətə başladıqdan sonra yeni siyasi dəyərlər yaratdı və siyasi mədəniyyət nümunəsi ortaya qoydu: "Dövlətçilik əxlaqını öz fəaliyyətində əsas mənəvi-siyasi norma kimi götürən Yeni Azərbaycan Partiyası göstərdi ki, siyasi fəaliyyət dövlətin və xalqın maraqlarına xidmət etmək, milli mənafeyi qorumaq prinsiplərinə əsaslanmalıdır. Qısa müddət ərzində milli maraqlara əsaslanan məqsədyönlü fəaliyyəti ilə Yeni Azərbaycan Partiyası xalqın dəstəyi, Heydər Əliyevin sarsılmaz iradəsi və uğurlu siyasəti nəticəsində dövlətin siyasi sütununa çevrildi. Heydər Əliyevin nüfuzu, xalqın ona böyük inamı, dərin etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl nailiyyətlər qazanmasını təmin etdi. Yarandıqdan bir neçə ay sonra partiyanın xalqın etimadı ilə hakimiyyətə gəlməsi isə nadir tarixi-siyasi hadisələrdən biri kimi Heydər Əliyev şəxsiyyətinə ümumxalq inamının bariz təzahürü idi. 1993-cü il oktyabrın 3-də xalqın iradəsinin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun həyata keçirdiyi strateji kursun çox mühüm istiqamətlərindən biri müasir, hüquqi dövlət quruculuğunun reallaşdırılması və siyasi sistemin təkmilləşdirilməsi oldu. İctimai-siyasi sabitliyin, vahid milli ideya - azərbaycançılıq ideologiyası əsasında vətəndaş həmrəyliyinin, milli birliyin təmin edilməsi, siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi, müstəqillik dönəminin ilk Konstitusiyasının hazırlanaraq ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması kimi addımlar siyasi plüralizmin təmin olunmasına, ictimai-siyasi və hüquqi şüurun yenilənməsinə, siyasi sistemin təkmilləşməsinə və Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət edən mühüm tədbirlər oldu. Bu kontekstdə mütərəqqi hüquq bazanın yaradılmasını isə xüsusi qeyd etmək lazımdır. 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ təsbit edilmiş, hamının qanun qarşısında bərabər olduğu, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi əksini tapmışdır. Eyni zamanda, Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi olan gender siyasəti də plüralizm və bərabərliyin təmin olunmasına, ictimai-siyasi münasibətlərin və siyasi sistemin inkişafına əhəmiyyətli töhfə olmuş, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması idarəetmənin təkmilləşdirilməsi baxımından böyük önəm kəsb etmişdir".

YAP Sədrinin müavini deyib ki, Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunda dövlətçiliyin gücləndirilməsi mühüm prioritetlərdəndir: "Prezident İlham Əliyevin milli maraqlara, modern çağırışlara və qlobal tendensiyalara adekvat islahatlar proqramı bərabər imkanlara və plüralizmə əsaslanan siyasi sistemin təkmilləşməsinə, dialoq prosesinin dərinləşdirilməsinə, çoxpartiyalı siyasi sistemin inkişafına xidmət edir. Bu gün siyasi partiyalar müstəqillik tariximizdə heç vaxt olmadığı kimi birlik və həmrəylik nümayiş etdirir, milli məsələlərdə vahid yanaşma və prinsipial mövqe ortaya qoyurlar. 44 günlük Vətən müharibəsi zamanı əksər siyasi partiyaların birgə bəyanat imzalayaraq ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinə birmənalı dəstək göstərmələri və postmünaqişə mərhələsində ümummilli məsələlərdə ortaq mövqedən çıxış etmələri bu reallığın bariz nümunəsidir".

"Azərbaycanın və Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hər zaman demokratik siyasi mühitin və plüralizmin tərəfdarı olub, bu gün də siyasi sistemin inkişafında, dialoqun dərinləşdirilməsində, rəqabət mühitinin güclənməsində maraqlıdır və bu istiqamətdə ardıcıl fəaliyyət göstərir, mühüm təşəbbüslər irəli sürür. Partiyanın Proqramında qeyd edilmişdir ki, "plüralizm, hakimiyyətlərin bölünməsi, insanların azadlığı və bərabərliyi, ictimai rəyin nəzərə alınması, qanunların aliliyinə riayət olunması YAP-ın fəaliyyətinin siyasi əsaslarıdır". Bununla yanaşı, Proqramda gender bərabərliyinin təmin edilməsinin YAP-ın diqqət mərkəzində dayanan əsas məsələlərdən biri olduğu da vurğulanmışdır. Yeni hədəflərdən və milli vəzifələrdən irəli gələrək Yeni Azərbaycan Partiyası öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir", - deyə Tahir Budaqov söyləyib.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında ictimai-siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi, Böyük Qayıdışın vaxtında və yüksək səviyyədə həyata keçirilməsi və digər mühüm vəzifələr durur: "Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətçiliyin əsaslarının gücləndirilməsi, o cümlədən plüralizm və bərabərlik prinsiplərinə əsaslanan siyasi sistemin inkişafı bəhs olunan strateji hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, Yeni Azərbaycan Partiyası da rəqabətə, plüralizmə, bərabər imkanlara əsaslanan demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək milli hədəflərin reallaşmasına öz töhfəsini verəcək.

Fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla partiyamızın bütün qadın üzvlərini, ümumilikdə bütün Azərbaycan xanımlarını qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti diləyir, siyasi həmfikirlərimizə Azərbaycanın gələcəyi naminə fədakar fəaliyyətində daha da böyük uğur və qələbələr arzulayıram".

"Bərabər inkişaf siyasəti: tarixi ənənələr və müasir çağırışlar" mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, milyonlarla insanın ehtiramla xatırladığı Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi ən böyük dühalardan biridir. Heydər Əliyev xalqımızın əsrlər boyu formalaşan milli dəyərləri, ictimai-siyasi şüuru və dövlətçilik təfəkkürü üzərində optimal dövlət modeli qurmaqla, siyasi varislik ənənələrini yaradan bir lider kimi fəlakət anında onu tarixin sınağından məharətlə çıxarmağı da bacaran xilaskardır. Bu baxımdan Heydər Əliyevin siyasi iradəsi və əzmi müstəqilliyimizin qorunub saxlanmasında müstəsna amil olmuşdusa, xalq-iqtidar-ordu birliyinin gücünə istinad edən Prezident İlham Əliyevin Ali Baş Komandan kimi bənzərsiz sərkərdəlik məharəti Ulu Öndərin vəsiyyətinə əməl olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində həlledici faktora çevrildi. Vətən müharibəsindən sonra yeni reallıqların yarandığını diqqətə çatdıran B.Muradova qarşıda duran çağırışlara adekvat reaksiyanı təmin etmək üçün cəmiyyətin bütün təbəqələrinin Prezidentin və dövlətimizin ətrafında sıx birliyinin möhkəmləndirilməsinin önəmini qeyd edib, Ulu Öndərin siyasi mirası olan YAP-ın bu vacib vəzifənin öhdəsindən uğurla gəldiyini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov "Yeni Azərbaycan: dövlət idarəçilik sistemində Heydər Əliyev nümunəsi" mövzusunda çıxış edərək Ulu Öndərin hər kəsə örnək olan mənalı həyat yolundan və zəngin idarəçilik təcrübəsindən danışıb. Qeyd edib ki, 1990-cı illərin əvvəlində respublikada iqtisadi, siyasi, sosial xaos, ölkənin xəritədən silinmə təhlükəsi olan dövrdə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ictimai-siyasi sabitliyi bərpa etdi, milli inkişaf strategiyasını müəyyənləşdirdi, bazar iqtisadiyyatına keçidə başladı, idarəetmənin qanunvericilik bazasını yaratdı, inzibati strukturu yenidən qurdu, vətəndaş həmrəyliyinə nail oldu, əsaslı iqtisadi islahatlara başladı, çoxpartiyalı siyasi sistemə keçidi təmin etdi. Zaman keçdikcə Heydər Əliyevin idarəçilik təcrübəsi daha da aktuallaşır. Xüsusən, bugünkü dünyanın Heydər Əliyevin idarəçilik təcrübəsinə daha çox ehtiyacı var.

Əli Həsənov bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi və idarəçilik irsini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin, onun xalqla birliyinin təntənəsidir.

"Müasir Azərbaycanın siyasi sisteminin əsas prinsipləri" mövzusunda məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik siyasi sistemin formalaşması və inkişafı istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə başlandı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin siyasi sisteminin əsas prinsipləri əksini tapdı. Ölkəmizdə bərqərar olan demokratik siyasi sistemin ehtiva etdiyi dəyərlər azərbaycançılıq məfkurəsinin və vətəndaş həmrəyliyinin möhkəmlənməsində, dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsində mühüm rol oynadı. Heydər Əliyevin yürütdüyü siyasət etnik mənsubiyyəti və dini baxışlarından asılı olmayaraq, ölkə vətəndaşları tərəfindən dəstəkləndi və onlar müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etdilər.

Müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycanın siyasi sisteminin daha da təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü siyasətin həyata keçirildiyini qeyd edən M.Qurbanlı bildirib ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması və partiyalararası dialoqun möhkəmləndirilməsi sahəsində mühüm addımlar atılır. Azərbaycan vətəndaşlarının dövlət siyasəti ətrafında sıx birləşməsi demokratik siyasi sistemin milli həmrəyliklə bağlı yaratdığı əlverişli şəraitdən irəli gəlir. Vətən müharibəsində ölkə vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəkləməsi siyasi və milli həmrəyliyin bariz nümunəsidir.

"Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsi" mövzusunda çıxış edən tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan tarixində mühüm mərhələ təşkil edir. Heydər Əliyevin fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və Ulu Öndər bunların hər ikisindən bacarıqla istifadə edərək respublikamızın tərəqqisini təmin edib. İradə Hüseynova müstəqilliyin bərpasından sonra ictimai-siyasi böhranla üzləşən və iflic vəziyyətinə düşən Azərbaycanın Ulu Öndərin müstəsna xidmətləri sayəsində qısa müddətdə ictimai-siyasi sabitliyin təmin edildiyi, bütün sahələrdə köklü islahatların aparıldığı, demokratik inkişaf yolunda mühüm addımlar atan, nüfuzlu, etibarlı, perspektiv imkanları olan dövlət kimi dünya birliyində layiqli yer tutan ölkəyə çevrildiyini vurğulayıb. Həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət dövlətçiliyin əsaslarını gücləndirir, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: vətəndaş cəmiyyəti quruculuğu" mövzusunda məruzəsində Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması istiqamətində həyata keçirdiyi islahatlardan söz açıb, uzaqgörənliklə atılan addımların bugünkü inkişaf üçün etibarlı zəmin yaratdığını vurğulayıb. Bu gün Azərbaycanda müstəqil, güclü, azad, peşəkar vətəndaş cəmiyyətinin formalaşdığını və inkişaf etdiyini diqqətə çatdıran Aygün Əliyeva Vətən müharibəsi və postmünaqişə dövründə gecə-gündüz davam edən informasiya müharibəsində vətəndaş cəmiyyəti nümayəndələrinin mühüm nailiyyətlərə imza atdıqlarını bildirib, bu xüsusda fədakar vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda 80 gündən artıqdır davam etdirdikləri etiraz aksiyasının önəmini qeyd edib.

Mustafa KAMAL,

“Respublika”.