Gün gələcək, biz doğma torpaqlarımızda yaşayacağıq
MÜSAHİBƏLƏR

Gün gələcək, biz doğma torpaqlarımızda yaşayacağıq

Azərbaycan xalqına qarşı dəfələrlə amansız divan tutmuş erməni millətçiləri dünya ictimaiyyətinin diqqətini əsl həqiqətdən yayındıraraq öz yaramaz əməllərini Azərbaycan xalqının ayağına yazmaqda davam edir.

Əlbəttə, "torpaq zəbt etmək" iddiası ilə özünü oda-közə çırpan daşnak quldurlar iki yüz ildən artıqdır ki, hardasa məskunlaşmaq üçün min bir hiyləyə əl atıblar. Ermənilər əvvəllər zavallıcasına azərbaycanlılardan sığınacaq istəyirdilər. Ancaq əsl niyyətləri ürəklərində idi: "Ayağıma yer edərəm, gör sənə neylərəm!". "Əzabkeş ermənilər" İrandan, Türkiyədən axın-axın İrəvan xanlığına toplaşdı. Göyçədə və Qərbi Azərbaycanın digər ərazilərində haylar yurd-yuva saldılar. Bu "əzabkeşlərin" məqsəd-məramı yerli azərbaycanlılara aydın deyildi.

Ermənilər Qərbi Azərbaycanda 1905, 1918-1920-ci illərdə qanlı faciələr, analoqu olmayan vəhşiliklər törətdi, qırğınların sayı yox idi... Bu azmış kimi, faşist xislətli ermənilər 1948-1953-cü illərdə 150 min azərbaycanlını Ermənistandan sürgün etdilər. Bu qırğına, deportasiyaya İ.Stalin, Molotov, A.Mikoyan və digər ermənipərəst qüvvələr dəstək verdi. Qərbi Azərbaycandakı günahsız insanların səfalətə düçar olmasına heç kəsin ürəyi yanmadı. 1965-ci ildə ermənilər Qərbi Azərbaycanda yenidən münaqişə yaratmağa cəhd etdilər. Lakin "durğunluq" dövrü buna yol vermədi. Nəhayət, 1988-ci ildə "əzabkeş" ermənilər yenidənqurmanın qanadları altına sığınaraq Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirməli oldu. 1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı azərbaycanlılar çox böyük amansızlıqlarla üzləşdi. Nəhayət, azərbaycanlılar sonuncu nəfərə qədər min illər yaşadığı İrəvan şəhərindən, Amasiyadan, Göyçədən, Zəngəzurdan, Vedibasardan, Zəngibasardan və digər qədim oğuz ellərindən qəlb yanğısı ilə ayrıldılar, ölüm-işgəncə ilə üzbəüz dayandılar.

Beləliklə, son 100 ildə Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlının qəddarlıqla qovulub çıxarılması prosesi başa çatdı. Moskva isə susdu, susdu... Göz yumdu. Qərbi azərbaycanlılar Ermənistan boyda bir torpaq, 2 minə qədər kənd və qəsəbə, yüzlərlə abidə itirdi. 1950-ci il sürgünlərindən sonra dişi qana batmış daşnak yalquzaqlar daha da həyasızlaşaraq azərbaycanlı kəndlərinin adını açıq-aşkar dəyişdirir, tarixi izləri itirməyə cəhd edirdilər.

Son deportasiyada Qərbi Azərbaycandakı soydaşlarımızdan 217 nəfərdən çox azərbaycanlı həlak olmuşdur. Bunlardan 20 nəfər yandırılmış, 35 nəfər müxtəlif işgəncələrlə öldürülmüşdür. Basarkeçər və Çəmbərək rayonlarından olan 70 nəfər uşaq, qadın və qoca dağlarda borana düşmüşdür. 18 nəfər güllə yarasından, 48 nəfər ağır döyülməkdən ölmüşdür. 10 nəfər adamın meyiti tapılmamışdır.

Ümumiyyətlə, 1988-ci ildə son deportasiyada 300 minə yaxın soydaşımız Qərbi Azərbaycandan, öz dədə-baba torpaqlarından zorla qovuldu. Azərbaycanlılar Ermənistanda 171 bütöv kənd, 89 qarışıq yaşayış məntəqəsi qoyub çıxmışlar. Minlərlə arı ailəsi, kolxoz və sovxozlarda olan 500 minə yaxın davar, 55 min baş qaramal heç bir əsası olmadan erməni quldurlarının əlinə keçmişdir. 20 mindən artıq ev talan edilmişdir. 400-dən çox köç maşını talan olunmuşdur.

Erməni vandalları XX əsrdə Qərbi Azərbaycan ərazilərində xalqımıza qarşı neçə-neçə terror hadisələri törətmişlər, qırğınların isə sayı yoxdur...

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar öz əzəli yurd yerlərindən qaçqın düşmüşlər. Ancaq hamı ümidlə yaşayır. Dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Bu mötəbər tədbirdə ölkə başçısı çıxış edərək vurğuladı ki, vaxt gəlib, zaman yetişib biz tezliklə Qərbi Azərbaycan torpaqlarına qayıdacağıq. Cəmi 44 gün ərzində qüdrətli Ordumuz 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. İndi isə əsas hədəfimiz Qərbi Azərbaycana qayıdışdır!

Qərbi azərbaycanlıların qəlbi qədim oğuz ellərindədir, ermənilər heç vaxt o yerlərə sahib ola bilməz. Haqq-ədalət bizim tərəfimizdədir!

Esmira ƏLƏSGƏROVA,

Göygöl rayonu,

Quşqara kənd orta məktəbinin müəllimi.