Gizli mətləblərin əsl mahiyyəti
Digər xəbərlər

Gizli mətləblərin əsl mahiyyəti

Azərbaycan beynəlxalq aləmdə öz gücü, çəkisi olan dövlətdir. Aparılan uğurlu xarici siyasət, qarşılıqlı imzalanan sənədlər sayəsində ölkəmiz gündən-günə inkişaf edir. Lakin nüfuzumuz artdıqca bəzi ölkə qurumlar açıq şəkildə Azərbaycana qarşı çirkin əməllərini nümayiş etdirir.

Hayastanın dostları siyahısında başda gələn İran istər zəfər tariximizdən öncə, istərsə sonrakı dövrdə Azərbaycana qarşı bir sıra terror aktları törədib, Ermənistanın çirkin əməllərinə, sözün əsl mənasında, işıq tutub. Bu zaman ortaya belə bir sual çıxır, Mirzə Cəlil demişkən, bu İran marallarının niyyəti nədir? Mövzu ilə bağlı politoloq, hüquqşünas İbrahim Xəlil bu suala ətraflı şəkildə cavab verib: "Son dərəcə yerində olan sualdır. Çünki sadə insanlarımızın küçədə, evlərinin mətbəxində öz-özlərinə, bir-birlərinə İranla bağlı verdikləri suallar, anlamağa çalışdıqları mövzu elə hey bu çərçivədə dönüb-dolaşır: axı biz o İrana etmişik ki, bizə belə qənim kəsilib? Axı bizə verib ala bilmirlər? Dərin tarixi bağlarımız varmı? - Var! Ortaq dini dəyərlərimiz varmı? - Var! Minillərdən axıb gələn mədəni əlaqələrimiz varmı? - Var? Bəs o zaman onların dərdləri nədir ki, bizə qarşı hətta şeytanla da əlbir olmağa hazırdırlar.

Bu suala cavab vermək üçün ən qədim tarixi dönəmlərə qədər gedib çıxmaq, oradan başlayaraq, sadəcə türk Qacarlar sülaləsinin devrildiyi 1926- ildən bu yana ölkə ərazisində yaşayan başqa millətləri, özəlliklə türkləri görməzdən gəlib, rəsmən farspərəst siyasətin yürüdülməyə başlandığı tarixdə ilk dəfə 1934- ildən isə İran (həmin ilə qədər tarixdə heç zaman İran adında dövlət olmayıb) adlandırılan bu coğrafiyada bizlərə qarşı nifrətin səbəblərini araşdırmağa başlamaq olardı.

Bildiyimiz kimi, bu məmləkətdə 1979-cu ildən teokratik molla rejimi hakimiyyətdədir. Özlərini sözdə dünya müsəlmanlarının tək təmsilçisi kimi gözə soxmağa çalışan, əməldə isə sadəcə İslam deyil, bütövlükdə insanlığın düşməni olan bu güc hakimiyyətə gəldiyi andan ikiüzlülük nümayiş etdirib. Onlar dünyada mövcud elementar əxlaqi, hüquqi, mənəvi normalara məhəl qoymadan, din pərdəsi altında etnik fars şovinizmi siyasəti yürüdür, buna qarşı olanları fiziki baxımdan yox etmək üçün hər cür yolu məqbul görürlər. Onlar ölkədə məskunlaşan, əhalisinin çox hissəsini təşkil edən azərbaycanlılara, Xorasan türklərinə, qaşqaylara, ümumiyyətlə, bütün türklərə qarşı sırf etnik siyasəti yürüdürlər. Onların davranışının hansısa hüquqi müstəviyə, özəlliklə beynəlxalq hüquq müstəvisinə dönəcəyini ummaq yanlış olardı. Diqqət edin, dövlətin əli ilə terror aktları törədənlər, üstəlik xarici ölkələrin ərazisində bunu (məsələn, şahzadə Şəhriyar Şəfiqin, general Oveysinin, keçmiş baş nazir Şapur Bəxtiyarın öldürülməsi) edənlərin müqəddəs nəyisə ola bilərmi? Onların törətdiyi cinayətlər bəşəriyyət əleyhinə cinayətlərdir.

Onlar bu qədər qorxusuz, cəsarətlidirlərmi? Xeyr! Onların bizə düşmənçiliyinin kökündə isə etməyimiz, ya da hansısa hərəkətsizliyimiz durmur. Bizlərə qənim kəsilmələri üçün bu qaranlıq qüvvələrə sadəcə Azərbaycanın varlığı bəs edir. Azərbaycanın hər kiçik uğuru belə İranı idarə edənlərin qısqanclıq qaynağı, onların düşmənçiliyinin artmasına bir təkandır. Qısaca desək, mollakratiya Azərbaycanın yalnız varlığını özü üçün təhlükə bilir".

Türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın daha uca zirvələrə doğru yürüşünü isə İran kimi heç bir qaranlıq güc dayandıra bilməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".