Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
Gündəm

Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Füzuli, Laçın, Şuşa, Zəngilana növbəti infotur təşkil edib.

Komitədən "Respublika"-ya bildirilib ki, infotur iştirakçılarına I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası və Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib. Ziyarətçilərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işğalçıların şəhərdə törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılmasını təmin edəcək, uzun illər məcburi köçkünlük yaşamış yerli sakinlərinin tezliklə doğma yurda qayıdışına imkan yaradacaqdır. Dövlət Proqramında təsbit olunmuş və şəhərin dirçəldilməsi üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır: yeni yaşayış sahələrinin inşası ilə yanaşı, şəhər infrastrukturunun yenidən qurulması da sürətlə aparılır. Şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olan infotur iştirakçıları Şuşa qalasını, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü də ziyarət ediblər.

İnfotur iştirakçılarının növbəti səfəri Laçın rayonuna olub. Bildirilib ki, Laçın şəhərində və eləcə də Laçın rayonunun Zabux kəndində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən sonra keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Laçın şəhərində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı yaradılan yeni iş yerləri və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşib, Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimində iştirak ediblər. İnfotur iştirakçıları Laçın şəhərində doğma yurda qayıtmış sakinlərin qonağı olublar. Sakinlər kənddə yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

Daha sonra iştirakçılar erməni vandalizmi nəticəsində dağıdılmış, xarabalığa çevrilmiş və işğaldan azad olunduqdan sonra yenidən qurulan Füzuli şəhəri və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində olublar. Aparılan işlərlə tanışlıqdan sonra infrastruktur obyektlərində yaradılan şəraitlə tanış olublar, doğma yurdlarına yeni nəfəs gətirən sakinlərlə söhbət ediblər.

Səfərlər zamanı infotur iştirakçıları işğal dövründə törədilmiş dağıntılar və hazırda aparılan bərpa-quruculuq işləri ilə bağlı maraqlı foto çəkilişlər ediblər. Çəkilmiş şəkillər Dövlət Komitəsinin sosial media hesablarında paylaşılıb.

İnfoturda Azərbaycan Fotoqrafları Birliyinin üzvləri, müxtəlif yerli və özəl təşkilatlarda çalışan fotoqraflar iştirak ediblər.

Səfər iştirakçıları infoturun məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcək.