“Əsrin bəlası
Siyasət

“Əsrin bəlası" ilə səmərəli mübarizə

Narkomanlıq müasir dövrdə bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Əsrin probleminə çevrilmiş narkomaniya ölkəmizdən də yan keçməyib. Statistika göstərir ki, gənclər arasında narkoman və toksikomanların sayı sürətlə artır.

Narkotiklərə aludə olanlar arasında yeniyetmə və qadınların sayının artması, narkomaniya ilə əlaqədar baş vermiş cinayətlərin dinamikası ciddi narahatlıq doğurur. Yaranmış sosial bəla artıq cəmiyyətin və dövlətin qarşısında həllini gözləyən vacib problemlərdən birinə çevrilib. Narkomaniya sərhəd tanımır. Ölkəmizə narkotik vasitələrin müəyyən hissəsi qonşu ölkələrdən keçib gəlir. Dövlətimiz, ölkəmizin hüquq-mühafizə orqanları bu ağrılı bəlanın kökünün kəsilməsi istiqamətində aparılan mübarizəyə fəal şəkildə qoşulub.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin mərkəzində insan amili, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi prioritet istiqamət kimi dururdu.

Prezident Heydər Əliyev 1996-cı il 26 avqust tarixli "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Fərmanı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində çox mühüm əhəmiyyət kəsb edir. Bu fərman əsasında narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlətin strateji kursunun əsasları müəyyənləşdirildi, 2000-ci ilə qədər olan dövr üçün ümummilli proqram hazırlandı. Dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı.

1999-cu il iyunun 18-də Milli Məclisdə "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Qanun qəbul olundu. Dünyanı cənginə alan "ağ ölüm"ə qarşı mübarizəni gücləndirmək məqsədilə ulu öndərin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Milli Proqram (2000-2006-cı illər)" təsdiq edildi.

Azərbaycan beynəlxalq birliyin fəal üzvü kimi Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşuldu. Ölkəmizdə beynəlxalq standartlara uyğun milli normativ-hüquqi baza yaradıldı, qanunvericilik sistemi təkmilləşdirildi. Qlobal bəla ilə mübarizə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının narkomanlığa qarşı mübarizədə birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizənin aparılmasını zəruri edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə narkotizmin bütün təzahürlərinə qarşı dövlət səviyyəsində prinsipial və barışmaz mübarizə aparılır, dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb edilir. Bu sahədə dövlət orqanlarının, ictimai təşkilatların və cəmiyyət üzvlərinin qətiyyətli addımları, yüksək fəallığı müsbət nəticələr verir.

Azərbaycan bu dəhşətli bəlaya qarşı mübarizədə bir sıra dövlətlər və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, birgə fəaliyyət göstərir. Bəşəri problemə çevrilmiş narkotiklərin qanunsuz yayılmasının qarşısının alınmasına həsr olunmuş beynəlxalq konfranslara Bakı ev sahibliyi edir, tədbirlərdə hər bir dövlətin bu sahədə mübarizə imkanları öyrənilir, qazanılmış təcrübələr bölüşdürülür, birgə əməkdaşlıq əlaqələri qurulur.

Prezident İlham Əliyevin "Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində deyilir: "Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, iqtisadi vəziyyətindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir".

Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilir, antinarkotik təbliğat, müalicə-bərpa sahəsindəki fəaliyyət müasir dövrün tələblərinə uyğun qurulur. Narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri uğurla həyata keçirilir, cinayətkarlardan külli miqdarda güclü təsirə malik narkotik vasitələr müsadirə edilir, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin gücləndirilməsi sistemli xarakter daşıyır.

Son illər paytaxtla yanaşı, regionlarda narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Yeniyetmə və gənclərin narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmələrinin və asılılıqlarının qarşısının alınması üçün "Narkotiklərə yox deyək!" şüarı altında kampaniya uğurla davam etdirilir.

Məhəmməd ƏSGƏROV,

Lənkəran hərbi prokurorunun

böyük köməkçisi, ədliyyə kapitanı.