Ermənistan Cənubi Qafqaz regionunda sülhə və rifaha təhdiddir
Digər xəbərlər

Ermənistan Cənubi Qafqaz regionunda sülhə və rifaha təhdiddir

Qlobal güclərin maraqlarının toqquşduğu Cənubi Qafqaz regionu zaman-zaman çoxsaylı qarşıdurmaların, siyasi və hərbi çəkişmələrin mərkəzi olmuşdur. Tarixdən günümüzədək müəyyən dönəmlərdə, xüsusən də Sovet İttifaqının mövcud olduğu və regiona nəzarəti bilavasitə öz əlində saxladığı vaxtlarda da, bu bölgə bir çox ölkələrin diqqətini cəlb etmişdir. Beynəlxalq arenada qlobal güclər arasında balansın pozulduğu bir dövrdə yaşanan hadisələr Cənubi Qafqaz regionuna təsirsiz ötüşmür. Müasir dövrümüzdə isə destabil vəziyyət artıq Qafqazın digər ərazilərində də müşahidə edilir. Xüsusən də Ermənistanın heç bir məntiqə sığmayan xarici və daxili siyasi gedişi regionu sözün əsl mənasında hərbi poliqona çevirə bilər. Əsas məqam isə belə bir vəziyyətin yaranmasında maraqlı olan tərəflərin və konkret dairələrin olmasıdır. Bu güclərin kim olduğunu, ssenarinin kim və ya kimlər tərəfindən hazırlandığını aydınlaşdırmaq üçün uzaq coğrafiyaya, yaxud okeanın o tayına nəzər salmağa ehtiyac yoxdur.

Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidərək beynəlxalq səylərlə aparılan danışıqlarda qeyri-səlist addımlar atmaqla regionu təhlükə altında qoyur. Regional tərəfdaşlığa birmənalı olaraq yox deyən hayların siyasi prinsipi sadəcə təxribatlar törətməyə əsaslanır.

Daha dəqiq desək, regionda anti-Azərbaycan siyasətinin icracıları, xüsusən də İranla birgə Qarabağa qeyri-qanuni olaraq silah-surat daşıyan, 30 ilə yaxın işğal dövründə ərazilərimizdən narkotik alveri, təbii sərvətlərimizin daşınması kimi beynəlxalq hüquqa zidd aktlar həyata keçirən Ermənistanın Cənubi Qafqazı münaqişə ocağına çevirməsi sirr deyil. Bununla yanaşı, üçtərəfli Bəyanat və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə əməl etməyərək, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən hələ də çıxarmaması, ərazilərin minalanmasının davam etdirilməsi, yeni şərtlərin irəli sürülməsi və prosesə üçüncü tərəfləri cəlb etmək üçün müxtəlif təxribatlar törətməsi bir daha göstərir ki, Ermənistan regional rifaha önəm vermir.

Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan tərəfindən beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə iki ölkə arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulması normallaşma və sülh prosesini ləngidir. Ermənistan digər tərəfdən işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə də mane olur. Yaxın günlərdə təsərrüfat texnikalarının Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulması bunun əyani sübutudur.

Mənfur düşmən hərbi yardımlar üçün KTMT və Rusiyaya müraciət edir, eləcə də yeni himayədarlar axtarışına çıxaraq geosiyasi balansı pozmaq üçün adekvat addımlar atır. Belə ki, Avropa Şurası ermənipərəst mövqeyini hər fürsətdə göstərir, Amerika Azərbaycan üçün sadəcə kağız parçasından ibarət olan sanksiyalar qəbul edir, Fransa keçmişə nisbətdə himayədarlıq "vəzifəsini" canla-başla yerinə yetirir. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan artıq rusfob çıxışlarla tanınmağa başlayır. Belə ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı qütbləşmə nəticəsində Ermənistan qərb dairələrin siyasi oyuncağına çevrilərək öz ərazilərindəki Rusiya hərbi bazaları önündə mitinqlər keçirir, müxtəlif şüarlarla ölkədəki ruslara qarşı təzyiq göstərilir.

Bu isə belə deməyə əsas verir ki, nə ABŞ-ın, nə də Fransanın ipi ilə quyuya enmək olmaz. Əfqanıstanda on minlərlə insanı "Taliban" silahlılarının gülləsi qabağına qoyan ABŞ üçün Ermənistan kimi ölkələr sadəcə "piyada" rolu oynayır. Belə bir məqamda isə bu hal Ermənistana sərf edir. Haylar manipulyasiya, təxribat və siyasi avantüralarının reallaşması üçün bu güclərin onlara ehtiyacları olduğunu yaxşı bilir. Məhz bu yolla ermənilər sülh prosesini ləngitmək, hətta iflasa uğratmaq istəyirlər. Buna görə də qlobal güclər İrəvanın yürütdüyü təhlükəli siyasətin mahiyyətini görməli və beynəlxalq fikir formalaşdıraraq təcavüzkara qarşı tədbirlər planı hazırlamalıdırlar. Ermənistanı bu iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər.

Paşinyan rejimi Ermənistandakı reallığı, dövlətin gücünü, ordunun potensialını, xalqın psixoloji durumunu çox yaxşı bilir. Ona görə də revanşist qüvvələrin çətirinin altına sığınaraq Azərbaycana qarşı silahlanmağa və sərhədyanı ərazilərimizdə təxribatlar törətməyə davam edir. O səbəbdən yenidən aktiv olmayan müharibə fazasına keçmək, sərhəddə gərginliyi saxlamaq niyyəti güdərək qeyri-sabit vəziyyətin hökm sürməsinə rəvac verirlər. Müharibənin davam edəcəyi təqdirdə isə Ermənistanın öz mövcudluğunun təhlükə altına düşməsi təbiidir. Ermənistan o qədər zəifləyib ki, Azərbaycan onu lazımi yerə qədər geri çəkilməyə vadar edə bilər. Bu baxımdan, bu ölkənin siyasi xadimləri ermənilərin sülh şəraitində yaşamasını istəyirlərsə, onlara öz qonşuları ilə dinc, yanaşı yaşamağı tövsiyə etməlidirlər.

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasının həyata keçirilməsi və baş vermiş hadisə sərhədyanı hərbi insidentdir. Digər tərəfdən bu təxribatın əsas məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfi isə bu təxribatlara cavab verir, öz suveren hüquqlarını müdafiə edir. Digər tərəfdən, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və inkişafı üzrə irimiqyaslı layihələr həyata keçirir. Ermənistan isə həmişə olduğu kimi, Cənubi Qafqazda sülh və təhlükəsizliyə müxtəlif yollarla əngəl yaradır.

Ermənistanın Cənubi Qafqazda sülhü təhdid etməyə yönəlmiş siyasətinə qarşı region dövlətləri eyni cəbhədə birləşməlidir. Çünki dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər müstəvisində arzuolunmaz siyasi cəbhənin təməlini qoyur.

Nurlan ABDALOV,

"Respublika".