Əlicançay su anbarının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Əlicançay su anbarının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, habelə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə qərara alıram:

1. Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarı tikilsin.

2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi:

2.1. Əlicançay su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etsin;

2.2. Əlicançay su anbarının tikintisi nəticəsində içməli su ilə təmin ediləcək yaşayış məntəqələri və suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulan əkin sahələri üzrə prioritetləşdirmə aparmaqla, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini 5 (beş) ay müddətində “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya (bundan sonra – Komissiya) təqdim etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Oğuz Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Əlicançay su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

4. Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarının tikintisinin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 iyul 2023-cü il.