Düşmənin öz başında çatlayan növbəti təxribatı
Digər xəbərlər

Düşmənin öz başında çatlayan növbəti təxribatı

Bədnam qonşumuz puç olan hərbi avantüralarının nəticələrindən dərs almalı, bu cəhdlərinə son qoymalıdır

Azərbaycanın təşəbbüsü ilə başlanan iki ölkə arasında sülhyaratma prosesinə Ermənistanın təxribatla cavab verməsi hələ də davam edir. Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü 5 təklifdən ibarət sülh şərtlərini qəbul etdiyini elan etməsinə baxmayaraq, aparılan danışıqlarda destruktiv mövqe tutması, sülh gündəliyinə qarşılıq verməməsi təəssüf doğurur. Üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə edilmiş razılıqlara zidd olaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması Ermənistanın sülh prosesində maraqlı olmadığını nümayiş etdirir. Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

12 sentyabr 2022-ci ildə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ordumuzun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Rəsmi məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınakən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə 50 hərbi qulluqçu şəhid olub. Lakin şəhidlərimizin qanı yerdə qalmadı. Təxribata cavab nəticəsində Ermənistan tərəfi 150-200 hərbçi itirib. Ordumuzun mövqelərini hədəfə alan Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edilib, ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələr nəzarətə götürülüb. Sentyabrın 12-si gecə saatlarında və 13-ü baş verənlər Ermənistanın ardıcıl xarakter daşıyan təxribatlarının nəticəsidir. Əslində Vladivostokda keçirilən 7-ci Şərq İqtisadi Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında, faktiki olaraq, bu avantüranı anons etmişdi. Belə ki, Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokdakı erməni icmasının nümayəndələri ilə görüşüb, icma üzvlərinin suallarını cavablandırıb, Qarabağ probleminin həlli və Azərbaycanla sərhədin demarkasiyası imkanları haqqında danışıb. Baş nazir deyib ki, rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb. Söhbət artıq tarixin arxivinə atılmış keçmiş Dağlıq Qarabağ problemindən gedir. Bu barədə informasiya vasitələrində verilən məlumatlara görə, Paşinyan deyib ki, bəzi qüvvələr Ermənistan hakimiyyətini həddən artıq qərbpərəst, ya da rusyönümlü kimi təqdim etməyə çalışırlar. O qüvvələr bu hərəkətləri ilə regionumuzda vəziyyəti gərginləşdirmək istəyirlər. Bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edirlər. Əslində Paşinyan bu ifadə ilə özünü, siyasətini, ikili oyununu təmizə çıxarmağa, addımlarına, qərarlarına haqq qazandırmağa çalışıb, növbəti dəfə özünü rəzil duruma salıb.

Ermənilər işğaldan azad olunan ərazilərimizi, yaşayış məntəqələrimizi mütəmadi atəşə tutmağa, cəbhə xəttində müxtəlif təxribatlar törətməyə başlayıblar. Müdafiə Nazirliyində keçirilən brifinqdə o da qeyd olunub ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığına dəlalət edirdi. Ermənistan kütləvi informasiya vasitələrində və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil. Regionda təcavüzkar və işğalçı dövlət Ermənistandır. Məqsəd bu cür təxribatlar törətməklə sülhə zərbə vurmaqdır. Beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın icra olunması və qoşunların azad edilmiş ərazilərdən tam çıxarılması üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin olunması üçün Ermənistanla münasibətdə hər hansı bir tədbir görmür. Bu şəkildə fəaliyyət göstərməyə davam etməklə, erməni qoşunları regionda sülh prosesinə ziyan vurur. Ermənistanın təxribatları Azərbaycanı azad edilmiş ərazilərini bərpa etmək işindən yayındırmağa yönəlib. Otuz illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalini hədəfə alırdı.

Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə əldə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb. Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb və hədəflərə nail olunub. Azərbaycan Ordusu ərazidə bütün əsas nəqliyyat-kommunikasiya nöqtələrinə nəzarət edir. Azərbaycan bir daha bəyan edir ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. İlk növbədə Ermənistanın Azərbaycanla sərhəddə qurmaqda davam etdiyi və ölkəmizə qarşı təhdid yarada biləcək hərbi infrastruktur darmadağın edilib. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Ermənistan hakimiyyətinə xəbərdarlıq etmişdi ki, əgər onlar Azərbaycana qarşı hər hansı təxribata yol versələr, çox sərt şəkildə cavablarını alacaqlar. Ordumuzun ayıq-sayıqlığı nəticəsində düşmənin bütün təxribatlarının qarşısı alınıb. Ermənistanın davamlı hərbi təxribatlarına cavab vermək, harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etməklə sərhədlərinin təhlükəsizliyini təmin etmək Azərbaycanın suveren hüququdur. Ölkəmiz nəyin bahasına olur-olsun Ermənistanın revanş məqsədli təxribatlarına son qoyaraq bölgədə təhlükəsizliyə nail olacaq, davamlı sülhü və sabitliyi qoruyacaq.

Mustafa Kamal,

"Respublika".