COP29 Könülülük Proqramına qeydiyyat bu gün başa çatır
Gündəm

COP29 Könülülük Proqramına qeydiyyat bu gün başa çatır

11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün nəzərdə tutulan Könüllülük Proqramına qeydiyyat bu gün saat 23:00-da başa çatır.

Ölkəmizin ev sahibliyi edəcəyi bu nüfuzlu  tədbirin təşkili üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli və xarici vətəndaşlar olmaqla 3000-dən çox könüllünü prosesə cəlb edəcək. Könüllülük proqramına qeydiyyatdan keçmək və bu qlobal tədbirin bir parçası olmaq üçün artıq son saatlar qalıb. COP29 Əməliyyat Şirkəti bildirir ki, Proqrama qeydiyyat prosesi zamanı 16000-ə yaxın namizədin müraciəti daxil olub.

Könüllülük proqramı könüllülərin layihəyə rahat və sistemli şəkildə qoşulmaları üçün volunteers.cop29.az portalı üzərindən icra edilir. Bu proqram həvəsli və məqsədli şəxslərə iqlim dəyişmələri üzrə  mühüm qlobal konfranslardan birinin uğuruna töhfə vermək üçün əvəzolunmaz şans təqdim edir. Könüllülər logistika və media xidmətlərindən tutmuş kommunikasiya və protokol işlərinə qədər  müxtəlif aspektlərdə iştirak edəcəklər.

"Respublika" xəbər verir ki, COP29 Əməliyyat Şirkətinin Mətbuat xidmətindən verilən məlumata görə, könüllülər auditoriyasında yüksək aktivlik müşahidə olunmuş və 16000-ə yaxın  namizəd qeydiyyatdan keçmişdir. Bu son saatlar hələ də qeydiyyatdan keçməyən şəxslərə bizə qoşulmaq üçün bir fürsətdir.

COP29 Könüllülük Proqramı çərçivəsində qeydiyyat ərizələrini tamamlayan namizədlər yenicə istifadəyə verilmiş Könüllülər Mərkəzində iyul ayının sonuna qədər davam edəcək müsahibəyə dəvət olunacaqlar. Daha sonra isə onlar informativ təlim sessiyalarınada iştirak edəcək, şəbəkələşmə imkanlarına və dayanıqlılıq istiqamətində qlobal hərəkatın bir hissəsi olmaq şansına sahib olacaqlar. Qeydiyyatınızın uğurla tamamlandığından əmin olmaq üçün portala daxil olub elektron kabinetinizi yoxlaya bilərsiniz.