Cari ilin 9 ayı ərzində əlilliyi olan şəxslərə 62,5 min reabilitasiya vasitəsi verilib
Sosial həyat

Cari ilin 9 ayı ərzində əlilliyi olan şəxslərə 62,5 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 9 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 42% çox olmaqla 62,5 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 2247-si təkərli oturacaq, 309-u mühərrikli təkərli oturacaq, 1830-u aşağı və yuxarı ətraf, habelə 363 döş protezi (süd vəzi protezi) və 1267 eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 2305 cüt protez ayaqqabı, 5174 yarım cüt ortopedik ayaqqabı, 50 səsli tonometr, 48 səsli tibbi termometr, 134 korset, 2061 qoltuqaltı və dirsəkaltı ağac, 133 hərəkətli qaldırıcı qurğu və s. reabilitasiya vasitələri təqdim edilib.

Yanvar-sentyabr aylarında ümumilikdə 8,2 min şəxs reabilitasiya vasitəsilə təmin edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı işləri bu il də davam edib.

Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 2 min şəxsə isə 44,6 min reabilitasiya vasitəsi verilib.

"Respublika".