Böyük Qayıdışın ünvanları: Cocuq Mərcanlı, Ağalı, Talış...
Digər xəbərlər

Böyük Qayıdışın ünvanları: Cocuq Mərcanlı, Ağalı, Talış...

Torpaqlarımız işğaldan azad olunandan sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi bölgədə nəhəng tikinti-quruculuq işlərinin aparılması olmuşdur. Dövlətimiz Böyük Qayıdış proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin ən qısa zamanda doğma yurd-yuvalarına qayıtmaları istiqamətində bütün imkanlarını səfərbər edib. Bəllidir ki, ötən 30 illik işğal dövründə düşmən bölgədə bütün infrastrukturu, yaşayış binalarını məhv edib, dağıdıb. Bu yerlərdə, əsasən Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı Füzuli rayonlarında bir dənə olsun salamat yaşayış yaxud zəruri infrastruktur binası tapmaq mümkün deyildi.

Əlbəttə ki, minalardan təmizlənən ərazilərdə, ilkin olaraq yeni yaşayış məntəqələrinin salınması, yolların çəkilməsi, məktəb, xəstəxana digər iaşə obyektlərinin tikintisi vacib məsələ olaraq qarşıya qoyuldu. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün əsas şərtlərdən biri yolların yenidən çəkilməsi idi. Qısa zaman kəsiyində, cəmi bir ilə Zəfər yolunun tikintisi başa çatdırıldı. Bu yol keçmiş məcburi köçkünləri doğma ocaqlarına qovuşdurdu, beləcə, planlı, mərhələli şəkildə yurda qayıdış karvanları başladı. Təbii ki, məcburi köçkünlərin hamısını eyni vaxtda yurdlarına qaytarmaq mümkün deyil. Çünki işğal dövründə tamamilə dağıdılmış tikinti-quruculuq işləri mərhələli şəkildə həyata keçirilən bölgələrin bərpası yenidən qurulması zaman tələb edir. Baxmayaraq ki, dövlət büdcəsindən azad olunmuş ərazilərdə quruculuq işlərinə böyük həcmdə maliyyə vəsaiti ayrılır. Belə ki, ötən il bu istiqamətdə aparılan işlərə 4 milyard manatdan çox vəsait xərclənib. Bu il işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən külli miqdarda maliyyə vəsaiti ayrılıb.

Onu da qeyd edək ki, Böyük Qayıdışın ilk müjdəsi hələ illər öncə, 2016- il Aprel döyüşlərindən sonra olmuşdur. Belə ki, Lələtəpə yüksəkliyinin azad edilməsindən dərhal sonra ölkə başçısı İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalamışdı. Sərəncama əsasən, ilkin olaraq 50 mənzil 100 yerlik məktəb binası tikilmiş, müvafiq infrastruktur yaradılmışdı. 25 ailə Bakı şəhərindən, 25 ailə isə digər rayonlardan olmaqla, kəndə ümumilikdə 50 ailə köçürülmüşdür. Beləcə, Cocuq Mərcanlı yurda qayıdışın başlanğıcı oldu. İnsanların ümid işığı közərməyə başladı. Yurd nisgili, həsrəti, inama, ümidə döndü.

2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi cəmi 44 günə möhtəşəm Zəfərimizlə başa çatdı. Torpaqlarımız, ərazilərimiz işğaldan azad edildi. Bu yerləri keçmiş görkəminə qaytarmaq üçün böyük tikinti-quruculuq işlərinə start verildi. Bölgəyə yeni nəfəs, yeni həyat gəldi. Kəndlər, şəhərlər dirçəlməyə, canlanmağa başladı. Doğma ocaqlar öz sakinlərinin yolunu gözlədi. Həkəri çayının sol sahilində yerləşən Zəngilan rayonunun Ağalı kəndi ilk qaranquş oldu. Sürətlə aparılan tikinti işlərindən sonra kənd tam hazır vəziyyətə gətirildi. Yaşayış binaları ilə yanaşı, zəruri iaşə obyektləri, məktəb xəstəxanalar tikildi. Ötən il iyul ayının 19-da isə yerli sakinlərdən ibarət ilk qrup kəndə köçürüldü. Bu günədək üç mərhələdə 420 nəfərdən ibarət 86 ailə doğma yurduna qayıdıb. Ağalıda gözəl, müasir standartlara uyğun məktəb fəaliyyətə başlayıb.

Kənddə reallaşdırılan layihələrin icrası yaşayış, istehsal, sosial xidmətlər, "Ağıllı kənd təsərrüfatı" alternativ enerji sahələri üzrə həyata keçirilib. 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət", DOST, həmçinin Kiçik Orta Biznesin inkişafı mərkəzləri təsis olunub. Qısa müddət ərzində böyük bir yaşayış məntəqəsinin yüksək səviyyədə tikilib istifadəyə verilməsi ölkənin güclü iqtisadiyyatının uğurlu siyasətin nəticəsidir. Heç bir beynəlxalq qurumun, xarici dövlətin yardımı olmadan ölkəmizin öz hesabına böyük tikinti-quruculuq işlərini aparması dövlətimizin iqtisadi gücündən xəbər verir. Görülən işlərin siyahısına ərazilərin təhlükəsizliyinin təmin olunmasını minalardan təmizlənməsini əlavə etsək, o zaman ölkəmizin nəyə qadir olduğunu aydın şəkildə görmüş olarıq.

Günlər keçdikcə bölgənin yaşayış ünvanları da artır, çoxalır. Artıq Cocuq Mərcanlı Ağalı kəndlərinin sırasına qoşulan bir yaşayış məntəqəsi var. Bu, Novruz bayramı günlərində sevincimizə-sevinc qatan Tərtər rayonunun Talış kəndidir. Kəndə Novruz bayramı ərəfəsində 20 ailə köçürüldü. İl ərzində isə kəndə 180-ə yaxın ailənin köçürülməsi nəzərdə tutulur. Kənd sakinləri hətta yeni evlərində dövlət başçımızı qarşıladılar. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva Novruz tonqalını məhz Talış kəndində alovlandırdılar. Bu da dövlətin onun başçısının vətəndaşına verdiyi dəyərin diqqətin nəticəsidir. Kənddə eyni zamanda, 78 şagird yerlik ikimərtəbəli məktəb uşaq bağçası da fəaliyyət göstərir.

Böyük Qayıdış proqramının tezliklə reallaşması üçün Qarabağ Şərqi Zəngəzurda yenidənqurma bərpa işləri sürətlə aparılır. Sonrakı mərhələdə isə digər ərazilərimizə köç prosesi həyata keçiriləcək. Bu ilin sonuna kimi Laçın rayonunun Zabux Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulur. Növbəti ildə isə Ağdam rayonunun 3 kəndinə, həmçinin Hadrut qəsəbəsi Tuğa köç reallaşdırılacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".