BMU-da Ümummilli Liderin büstünün açılış mərasimi və konfrans
Sosial həyat

BMU-da Ümummilli Liderin büstünün açılış mərasimi və konfrans

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri" mövzusunda konfrans keçirilib.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, konfransdan öncə universitetin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra universitetin inzibati binasında Ümummilli Liderin büstünün təntənəli açılış mərasimi olub. Elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron Rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev, rəsmilər, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri büstün qarşısına əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Büstün müəllifi, tanınmış heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı professor Natiq Əliyev dəyərli sənət əsəri ilə bağlı məlumat verib və ürək sözlərini çatdırıb.

Ardınca "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri" mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndərin əziz xatirəsini sükutla yad ediblər və Heydər Əliyevin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetdə Ulu Öndərin büstünün qoyulmasının böyük qürur, şərəf olduğunu vurğulayaraq, bütövlükdə bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə, xüsusən professor, Xalq rəssamı Natiq Əliyevə dərin minnətdarlığını bildirib.

Dahi şəxsiyyətin ölkəmizin tərəqqisinin təmin edilməsi, gələcək inkişaf üçün güclü təməl yaratması istiqamətində gördüyü işləri diqqətə çatdıran rektor Ulu Öndərin azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnmələrindən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi kimi vacib təhsil ənənəsinin əsasını qoymasını xüsusu qeyd edib. Yaqub Piriyev bu ənənənin davamı olaraq, Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət proqramlarından da bəhs edib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun elm, təhsil və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə verdiyi böyük töhfələri vurğulayıb.

Çıxışının sonunda rektor insan kapitalının, güclü vətənpərvərlik hisslərinə malik gənc nəslin formalaşdırılmasının, intellektual potensialın milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilməsinin, peşəkar ordu quruculuğunun Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsinə, Qarabağın azadlığa qovuşmasına gətirib çıxardığını deyib.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Abşeron Rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinın sədri Ləman Şərifova çıxış ediblər.

“Respublika”.