Bakıda TÜRKPA-nın 13-cü plenar iclası keçirilib
Siyasət

Bakıda TÜRKPA-nın 13-cü plenar iclası keçirilib

İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) "Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu" mövzusunda 13-cü plenar iclası keçirilib

AZƏRTAC xəbər verir ki, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iclası açaraq tədbir çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

O, Milli Məclisin qarşıdakı dövrdə TÜRKPA-ya sədrliyi dövründə təşkilat çərçivəsində parlamentlərarası əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımları atacağını bildirib.

Vurğulanıb ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalacaq.

Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən S.Qafarova bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir.

Azərbaycan parlamentinin sədri deyib ki, bu gün beynəlxalq miqyasda parlamentlərin, parlament diplomatiyasının rolu getdikcə artır. Parlamentlərimizi eyni çətir altında birləşdirən Türk Dövlətləri Parlament Assambleyası da bu mənada xüsusi əhəmiyyət daşıyır. TÜRKPA, eyni zamanda, parlamentlərimizin əməkdaşlığını yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir.

Sahibə Qafarova, həmçinin təşkilatın institusional inkişafı istiqamətində səylərin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Təmiz ətraf mühit və yaşıl inkişafın Azərbaycanın da gündəliyində mühüm yer tutduğunu söyləyən Milli Məclisin sədri bunun ölkəmizin 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edildiyini deyib.

Azərbaycanın COP29-a ev sahibliyindən danışan S.Qafarova bunun ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi demək olduğunu vurğulayıb.

TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova təşkilatın 13-cü plenar iclasın işinə uğurlar arzulayıb.

Sonra iclasda TÜRKPA-ya üzv dövlətlərin parlament rəhbərləri - Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, habelə Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, təşkilatda müşahidəçi qismində təmsil olunan Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre və Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai giriş nitqləri söyləyiblər.

Plenar iclasda iştirak edən türk əməkdaşlıq təşkilatlarının, TÜRKPA-da müşahidəçi statusuna malik təşkilatların, TÜRKPA-nın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların və digər qurumların rəhbərlərinin və nümayəndələrinin də çıxışları dinlənilib.

Belə ki, tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kurbanbek Ömüraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin icraçı direktoru Kairat Sarıbay, TURKSOY Baş katibinin müavini Sait Yusuf, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Əli Əsgər Mohammadi Sicani, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (İOFS) baş direktoru Berik Arın, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Demirci, Manas Universitetinin Baş katibi Oktay Özgül fikirlərini bölüşüblər.

Çıxışlarda bildirilib ki, hazırda bütün dünyada "yaşıl enerji"yə keçid enerji siyasətinin əsas istiqamətlərdən birini təşkil edir. "Yaşıl enerji" mənbələrindən enerji istehsalı qlobal iqlim dəyişikliyi ilə bağlı problemlərin aradan qaldırılmasında, qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynayır. Habelə bərpa olunan enerji sahəsində potensial imkanlardan, ekoloji cəhətdən təmiz enerji resurslarından səmərəli istifadə edilməsinin vacibliyindən bəhs edilib. "Yaşıl enerji"nin inkişafına diqqətin artırılması, "yaşıl enerji"dən istifadənin üstünlükləri barədə danışılıb. Qeyd olunub ki, bu, ənənəvi enerji resurslarından asılılığın azalmasına, ekoloji baxımdan müsbət nəticələrin əldə edilməsinə xidmət edəcək.

İclas iştirakçıları "yaşıl enerji"nin

mahiyyəti, "yaşıl enerji"nin istehsalı üçün yeni texnologiyaların tətbiqi, "yaşıl iqtisadiyyat" konsepsiyası barədə fikirlərini açıqlayıblar.

Müzakirələr zamanı cari ildə Azərbaycanda keçiriləcək COP29-un iqlim problemlərinin qarşısının alınması baxımından mühüm əhəmiyyəti xüsusi qeyd olunub.

Sonra TÜRKPA-nın 13-cü Plenar iclasının gündəliyi təsdiq edilib və gündəlikdəki məsələlərin müzakirəsi keçirilib.

İclasda təşkilati məsələlərə baxılıb, TÜRKPA-nın komissiya sədrləri və sədr müavinləri, habelə Baş katibin müavini vəzifələrinə irəli sürülən namizədliklərə münasibət bildirilib.

Tədbirdə TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının, Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının, İqtisadi əməkdaşlıq komissiyasının, Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının hesabat məruzələri və tövsiyə qərarları qəbul edilib.

Sonra iclasda TÜRKPA tərəfindən hazırlanan bir sıra model qanunların layihələri, o cümlədən "Fərdi məlumatların qorunması haqqında", "Əmək bazarının tələbi nəzərə alınmaqla kadrların hazırlanması haqqında", "Tütün məmulatlarının istifadə edilməsinin məhdudlaşdırılması haqqında", "Ticarət nümayəndəlikləri haqqında", "Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında" sənədlər təqdim edilib.

Qanun layihələri parlamentarilər tərəfindən müzakirə edildikdən sonra qəbul olunub.

İclasda habelə TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun hesabat məruzələri və tövsiyə qərarları dinlənilib və nəzərə alınıb.

Daha sonra iclas iştirakçılarına TÜRKPA-nın seçki və referendum müşahidə missiyalarının yekunları barədə məlumat verilib. Parlamentarilər 2023-cü il aprelin 30-da Özbəkistanda Konstitusiya referendumu, 2023-cü il mayın 14-də Türkiyədə prezident seçkiləri və parlament ümumi seçkiləri, həmin il mayın 28-də prezident seçkilərinin ikinci turu, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarını qəbul ediblər.

Plenar iclasda, həmçinin 2025-ci maliyyə ili üçün TÜRKPA Katibliyinin büdcəsi təqdim edilib və qəbul olunub.

Tədbirdə Türk Dövlətləri Parlament Assambleyasının 14-cü Plenar iclasının 2025-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınıb.

TÜRKPA-nın 13-cü Plenar iclasının yekununda Bakı Bəyannaməsi qəbul edilib.