Azərbaycanın liderliyi ilə reallaşan nəhəng beynəlxalq layihə
Siyasət

Azərbaycanın liderliyi ilə reallaşan nəhəng beynəlxalq layihə

2019-cu il noyabrın 30-da TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib

2018 -ci il mayın 29-da XXI əsrin mühüm infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin açılışı ilə ölkəmizin neft-qaz sənayesinin inkişafında yeni dövr başladı. Bu gün Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişdirməklə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında müstəsna rol oynayır. 2014-cü il sentyabrın 20-də təməli qoyulan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentləri bunlardır: "Şahdəniz layihəsinin Mərhələ-2", Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyənin şərqindən qərb sərhədinə çatan TANAP, Yunanıstan, Albaniya və Adriatik dənizini İtaliyanın cənubuna birləşdirən Trans-Adriatik Boru Kəməri (TAP).

TANAP Yunanıstan sərhədinə yaxın İpsala ərazisində Trans-Adriatik Boru Kəmərinə birləşir və bu kəmər vasitəsilə Azərbaycan təbii qazı Avropa ölkələrinə çatdırılır. Qeyd edək ki, TANAP qaz kəmərinin birinci mərhələsinin (Faza 0) işə salınması 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyunun 30-dan Türkiyəyə kommersiya qazının tədarükü başlayıb. 2019-cu ilin oktyabr ayının sonunadək TANAP vasitəsilə Türkiyəyə qaz nəqlinin həcmi 3,08 milyard kubmetrə çatıb. 2019-cu il noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Bununla da CQD layihəsinin birinci mərhələsi 2020-ci il dekabrın 31-də TAP boru kəmərinin istismara verilməsi ilə tamamlanıb və tarixdə ilk dəfə olaraq Azərbaycan qazı birbaşa Avropa bazarına nəql edilib. Xəzər bölgəsini Cənub-Şərqi Avropaya birləşdirərək həm Azərbaycanın, həm də tranzit ölkələrin iqtisadi inkişafına dəyərli töhfə olan meqalayihə 40 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

3500 kilometrlik Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın tikintisinə 2015-ci ildə Türkiyənin Qars şəhərində başlanmışdır. Xatırladaq ki, 2011-ci il dekabrın 24-də iki qardaş ölkə arasında layihənin reallaşması ilə bağlı anlaşma memorandumu imzalanmış, yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilmişdir. Azərbaycan-Gürcüstan-Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşən boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metrdir. Azərbaycan qazını Türkiyəyə, sonra isə Avropaya çatdıran TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş Türkiyənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçərək Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

2019-cu il noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev TANAP-ın Avropa sərhədinə çatmasının tarixi əhəmiyyətini vurğulayaraq demişdir: "Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür".

Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində reallaşan Cənub Qaz Dəhlizi layihəsinin ən vacib seqmentlərindən olan TANAP qaz kəmərinin istifadəyə verilməsi regionda əməkdaşlığa və tərəfdaşlığa mühüm töhfə olmaqla bərabər, həm də Avropa ilə Asiya arasında səmərəli əməkdaşlıq körpüsü funksiyasını yerinə yetirməklə bu gün Avropada enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihədir.

Cənub Qaz Dəhlizi Xəzər dənizinin Azərbaycan hissəsinin qaz resurslarını birbaşa Avropa bazarlarına çıxararaq, bütöv regionun enerji xəritəsini dəyişir. Ümumiyyətlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən CQD-nin icrasında Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya olmaqla yeddi ölkə iştirak etmiş və bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin - həm hasilatçı ölkə olan Azərbaycanın, həm tranzit, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyi məsələləri tam şəkildə təmin edilmişdir. Enerji resurslarının şaxələndirilməsində önəmli layihə olan Cənub Qaz Dəhlizi milli iqtisadiyyatın inkişafında mühüm amil olaraq Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də tranzit ölkə kimi əhəmiyyətini artırır. Avropanın enerji təchizatının şaxələndirilməsində, region ölkələrinin enerji resurslarının dünya bazarına çıxarılmasında, Cənubi Qafqazın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan, ölkələr arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verən, eyni zamanda bölgədə təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərən Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir.

Mehparə ƏLİYEVA,

"Respublika".