AZƏRBAYCANIN GƏNCLƏR PAYTAXTI
Sosial həyat

AZƏRBAYCANIN GƏNCLƏR PAYTAXTI

LƏNKƏRAN

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün  gənclərimiz özlərini azad, demokratik, qalib ölkənin gəncləri kimi hiss edir və ilk dəfə sevimli bayramlarını müstəqil Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası şəraitində fəxrlə, qürurla qeyd edirlər.

Müsahibimiz Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə gənclər siyasətinin aparılan uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən, əsas hədəflərindən biri olduğunu vurğulayaraq dedi:

- Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə sağlam düşüncəli yeni nəslin yetişdirilməsinə, gənclərin problemlərinin həllinə qayğı göstərmişdir. Ulu öndərin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərin sağlam ruhda, əsl vətəndaş kimi formalaşması istiqamətində məqsədyönlü islahatlara start verilmişdir.

Ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi ulu öndərin adı ilə bağlıdır. Müdrik rəhbərin təşəbbüsü ilə 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi, gəncliyin qarşısında duran əsas vəzifələr müəyyənləşdirildi. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-nin Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Fərman imzaladı. O vaxtdan fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda gənclərin bayramı kimi qeyd edilməyə başlandı.

Gənclərin ikinci forumu 1999-cu ildə keçirildi. Ulu öndər forumda çıxışında gənclərin cəmiyyətdə mövqeyini yüksək qiymətləndirərək dedi: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq". Ulu öndərin söylədiyi fikirlər  Azərbaycan gəncliyinə yüksək etimadın, diqqətin parlaq nümunəsidir.

Hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunur. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində zəruri tədbirlər görülür.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının gənclərini birləşdirir. Yola saldığımız il regionun gəncləri üçün uğurlu olmuşdur.

İl ərzində idman sahəsində 481 tədbir keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə, şəhidlərin xatirəsinə, Zəfər Gününə həsr edilmiş idman yarışları, "İdman həftəsi", "İdman hamı üçün", "Sağlam həyat" layihələri çərçivəsində, "Biz gəlirik" devizi altında keçirilən tədbirlərdə idmanın kütləviliyi təmin edilib. İdmanın dinamikasının artırılması, qızların idmana cəlb edilməsi və maarifləndirmə istiqamətində çoxlu tədbirlər reallaşdırılıb.

Gənc nəslin vətənpərvərlik tərbiyəsi regional idarənin əsas fəaliyyət  istiqamətlərindəndir. Gənclərə Vətənə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin aşılanması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində, 2023-cü il sentyabr ayının 19-da keçirilən lokal antiterror tədbirləri zamanı çağdaş tariximizə parlaq qələbə, zəfər səhifəsi yazdı.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fəal  iştirak etmiş və vəzifə borcunu şərəflə yerinə yetirmiş gənclərin böyük bir dəstəsi orden və medallarla təltif olunub.

Şəhid ailələri, qazilər, müharibə veteranları daim diqqət mərkəzindədir. Bu qəbildən olan insanların qayğı və problemlərinin həllinə kömək göstərmək hər birimizin vətəndaşlıq və vəzifə borcudur. Şəhidlərin xatirəsi həmişə böyük ehtiramla yad edilir, məzarları ziyarət olunur, doğum və anım günləri ilə bağlı tədbirlər, müxtəlif idman yarışları keçirilir.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə regionda yay düşərgələri fəaliyyət göstərir, gənclərin Bakı şəhərində Şəhidlər xiyabanına, Zəfər parkına, Fəxri xiyabana, regionun muzeylərinə və tarixi yerlərinə müntəzəm ekskursiyalar təşkil olunur.

Regionun gəncləri özlərini müstəqil Azərbaycanın, qalib dövlətin gəncləri kimi qürurlu hiss edir. Gənclərimiz vətənpərvərdir və Vətənə xidmət etməyi özlərinin müqəddəs borcu, şərəfli vəzifəsi hesab edirlər.

Qarşıdakı növbədənkənar prezident seçkiləri ilə bağlı gənclərlə görüşlər təşkil edilir. İlk dəfə səs verəcək gənclərə hüquq və vəzifələri izah olunur, gənclərin seçkilərdə fəallığını artırmaq üçün maarifləndirici tədbirlər həyata keçirilir. Regionun səsvermə hüququ olan gəncləri fevralın 7-də hamılıqla məntəqələrə gedib seçimlərini edəcəklər.

Sevindirici haldır ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin fəaliyyəti, gördüyü işlər Gənclər və İdman Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Nazirliyin kollegiya qərarı ilə Lənkəran şəhəri 2024-cü il üçün Azərbaycanın Gənclər Paytaxtı elan edilib.

Keçən il noyabrın 8-9-da İsmayıllı rayonunun Basqal qəsəbəsində keçirilən Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin yeddinci iclasında Lənkəran şəhəri "2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı"na namizəd kimi irəli sürülüb və təklif razılaşdırılıb.

Gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətin bariz nümunəsidir. Sağlam gənclik sağlam gələcək deməkdir. Yurdumuzun cənub regionunun gəncləri dövlətimizin qayğısını daim öz üzərində hiss edir və göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar.

Söhbəti yazdı:

Əlisəfa HƏSƏNOV,

"Respublika".