Azərbaycan və Pakistan arasında təyyarələrin əldə edilməsi barədə də danışıqlar aparılır - Ekspert
Gündəm

Azərbaycan və Pakistan arasında təyyarələrin əldə edilməsi barədə də danışıqlar aparılır - Ekspert

Hər ilin bu günü Pakistanda “Müdafiə Günü” kimi qeyd olunur. 1965-ci il 6 sentyabrda Pakistan əsgərləri dövrün müasir silah və texnikalarına malik Hindistan Ordusuna müqavimət göstərərək, qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək düşməni ağır itkilərə uğradıblar. Məhz, həmin qələbədə şəhid olanların xatirəsini anmaq məqsədilə bu günün qeyd olunmasına başlanıb.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Pakistanın Müdafiə Günü və Azərbaycanla hərbi əməkdaşlığı barədə “Respublika”ya öz fikirlərini bildirib: “Azərbaycanla Pakistan dost dövlətdir. Bu, özünü hərbi sahədə daha qabarıq göstərir. İki müttəfiq arasında razılaşmalar əldə olunub və müəyyən sənədlərə imza atılıb. Hərbi müttəfiqlik sahəsində ordumuzun zabitlərinin Pakistan ordusu ilə birgə təlimlərdə iştirakı iki müttəfiqi bir-birinə daha da yaxınlaşdırır. Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. 44 günlük müharibədə və postmüharibə dövründə Azərbaycanın küçələrində Pakistan bayraqları Türkiyə bayrağı və Azərbaycan bayrağı ilə yanaşı asılırdı və indi də bir çox yerdə elədir. Pakistan mütəxəssislərinin müharibə dövründə Azərbaycan ordusu ilə səmərəli əməkdaşlığı ölkəmizə düşmən və onun havadarlarına qarşı əlavə güc qazandırdı. Həmçinin müharibədən sonrakı dövrdə də müasir hərbi texnika istehsal edən ölkənin Azərbaycana dəstək olması müsbət haldır. Xatırladaq ki, Pakistan Çinlə birgə hərbi təyyarələr, qırıcılar və bombardmançı təyyarələr istehsal edir.  Azərbaycan tərəfi ilə təyyarələrin əldə edilməsi barədə də danışıqlar aparılır. Hər hansı bir razılaşma olub-olmamağı barədə hələ ki, rəsmi məlumat yoxdur. Lakin sözügedən anlaşmanın imzalanması da reallığa yaxındır. Bu təyyarələr dördüncü və beşinci nəsildir və onların Azərbaycan ordusunun arsenalında olmağı əlbəttə ki, müsbət bir haldır. Bilirsiniz ki, Cənubi Qafqazda vəziyyət getdikcə ağırlaşır və bu vəziyyətin hələ bir müddət davam edəcəyi şübhəsizdir. Buna görə də, iki müsəlman dövlətinin hərbi əməkdaşlığının bu qədər sıx olması Azərbaycanın regionda təsirini artırır.

Ekspert qeyd edib ki, oxşar münaqişəli iki İslam dövlətinin öz ərazilirini bərpa etməsi yolunda əməkdaşlığı zəruridir: “Bilirsiniz ki, Pakistanla Hindistan arasında müəyyən münaqişə var. Bu münaqişədə Azərbaycan daim Pakistanın yanında olub və onu dəstəkləyib. Bunun müqabilində, Hindistan da Ermənistanla silah ticarəti ilə məşğuldur. Azərbaycan dəfələrlə haqqın tərəfində olduğunu qeyd etsə də, Hindistan öz missiyası ilə eyni siyasəti yürüdən işğalçı Ermənistana silah satmağa davam edir.

Pakistan ordusu bu gün dünyanın ən inkişaf etmiş ordularından biridir və bu inkişaf, əlbəttə ki, Azərbaycanın xeyrinədir: "Azərbaycanın dostunun güclü olması Azərbaycanın da güclənməsi deməkdir. Gələcəkdə dövlətimiz Pakistanın ordusunun təcrübəsindən də istifadə etməyi planlaşdıra bilər. Hal-hazırki dövrdə Azərbaycanın Türkiyə, İsrail və Pakistan kimi güclü orduya və müasir hərbi texnikalara malik dövlətlərlə əməkdaşlığı inkişaf etdirməsi Azərbaycan Ordusunun güclənməsi yolunda mühüm amildir.”

Tacir SADIQOV,

“RESPUBLİKA”.