Azərbaycan - Türkiyə  dostluğu dünyada sülhə xidmət edir
Digər xəbərlər

Azərbaycan - Türkiyə  dostluğu dünyada sülhə xidmət edir

“Türkiyədə keçirilən TEKNOFEST  Aerokosmik və Texnologiya Festivalında Türk dünyasının iki böyük lideri -  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  və Türkiyə  Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirak etməsi hər birimizdə böyük qürur hissi yaratdı.  Azərbaycan və Türkiyə dövlətlərinin və xalqlarının bu cür dostluq və qardaşlıq əlaqələri, eyni zamanda digər türkdilli dövlətlərin də birləşməsinə böyük örnəkdir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq əlaqələri,  bu münasibətləri Türk dövlətlərinin birliyini daha da gücləndirəcək”.

Bunu bizimlə söhbətində Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib. Deputat bildirib ki, festivalda  Prezident İlham Əliyevin çıxışı və söylədiyi fikirlər hər bir azərbaycanlının ürəyindən xəbər verirdi. Festivalda yaşananlar  ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin bir daha təsdiqi idi.

Son 20 ildə Türkiyə böyük inkişaf mərhələsindən keçib.  Türkiyənin sənayesi, iqtisadiyyatı hər il yüksəlməkdə davam edir. Hərbi sənayedə yüksək texnologiya tətbiq edilməklə böyük nailiyyətlər əldə olunub. Bu gün Türkiyə həm iqtisadi,  həm də hərbi cəhətdən dünyanın ən güclü dövlətinə və güc mərkəzinə çevrilmişdir. Türkiyənin güclü olması Azərbaycanın da güclü olmasıdır.

Qeyd olundu ki, Azərbaycan - Türkiyə  dostluğu regionla yanaşı, dünyada sülhə, əmin-amanlığa xidmət edir. Bu gün Türkiyə  və Azərbaycan  səmalarında bayrakdarlar uçur. Artıq Türkiyə  dünyanın ən qabaqcıl və üstün texnologiyaya sahib "Kızılelma" pilotsuz  təyyarə  istehsal edir. Bu, Türkiyənin hərbi gücünün daha bir nümunəsidir. Azərbaycan səmasında da "Kızılelma"nı  görəcəyimizə ümid edirik. Yaxın vaxtlarda Azərbaycanda Bayraqdar Mərkəzinin yaradılması barədə cənab İlham Əliyevin söylədikləri hər birimizi qürurlandırdı. Prezidentimizin qeyd etdiyi kimi, bu gün artıq Türkiyə və Azərbaycan bir yumruqdur.

M.NƏRİMANOĞLU,

“Respublika”.