Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafı məmnunluq yaradır
İQTİSADİYYAT

Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafı məmnunluq yaradır

İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan Respublikasını Səudiyyə Ərəbistanı Krallığı ilə bir sıra amillər bağlayır. İslamın müqəddəs yerlərinin Səudiyyə Ərəbistanında yerləşməsi, hər il minlərlə azərbaycanlının bu yerləri ziyarət etməsi iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynayır. Bu proses Azərbaycan xalqının İslam dinini qəbul etdiyi orta əsrlərdən bu günə qədər davam edir və şübhəsiz ki, gələcəkdə də davam edəcəkdir. Ən azı bu tarixi faktdan çıxış etməklə Azərbaycan və İslam-Ərəb dünyasının ayrılmaz hissəsi olan Səudiyyə Ərəbistanı münasibətlərinin qədim tarixi köklərə malik olduğunu vurğulamaq olar.

Səudiyyə Ərəbistanı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 24 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. 1994-cü ilin aprel ayında Azərbaycanın Səudiyyə Ərəbistanında Səfirliyi fəaliyyətə başlayıb. 21 noyabr 1994-cü ildə Səudiyyə Ərəbistanının Türkiyədə, eyni zamanda Azərbaycanda səfiri akkreditə olunub. 1999-cu ilin iyun ayında Səudiyyə Ərəbistanının Azərbaycanda Səfirliyi açılıb. Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı münasibətlərinin genişlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. 13 iyul 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri və b. rəsmi şəxslərlə danışıqlar aparıb. Səfər zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanıb. Səfər zamanı ulu öndər  Heydər Əliyev müqəddəs Kəbəni ziyarət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına 8 mart 2005-ci ildə həyata keçirilən səfəri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi rola malikdir. Bu səfər Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı münasibətlərində yeni mərhələ olub. Azərbaycan Respublikasının Prezidenti martın 8-də İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd bin Əbdüləziz Al Səudla təkbətək görüş keçirib. Görüşdə ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycanın ali mükafatını - "İstiqlal" ordenini Kral Fəhd bin Əbdüləziz Al Səuda təqdim edib. Kral Fəhd bin Əbdüləziz Al Səud isə Prezident İlham Əliyevi Səudiyyə Ərəbistanı Krallığının ali dövlət mükafatı - "Kral Əbdüləziz" ordeni ilə təltif edib. Bu orden dünyanın ən nüfuzlu, ən görkəmli siyasi xadimlərinə təqdim olunur. Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon dollarlıq kredit sazişi, Səudiyyə Ərəbistanı Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev görüşdə nitq söyləyib. Azərbaycan dövlətinin başçısı belə tədbirlərin ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlığın yaradılması üçün faydalı olduğunu bildirib. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Ciddədən İslam dünyasının əsas müqəddəs şəhəri olan Məkkəyə ümrə ziyarətinə gediblər. Həmin gün axşam Azərbaycan Prezidenti İlham Əliyev Əl-Həram məscidinə gəlib. Kəbəni ziyarət edib. Prezident İlham Əliyev ölkənin ən kütləvi tirajlı mətbuat orqanı olan "Ər-Riyad" qəzetinə, habelə Səudiyyə Ərəbistanının hökumət televiziya xidmətinə müsahibə verib. 1 avqust 2005-ci ildə Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Ocağın Xadimi Fəhd bin Əbdüləziz Əl Səudun dəfn mərasimində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanında səfərdə olub.

Səudiyyə Ərəbistanı öz enerji ehtiyatlarına görə dünyanın öndə gedən ölkələrindən biridir. Bu ölkə dünya birliyində, xüsusilə İslam ölkələrində yüksək nüfuza malikdir. Səudiyyə Ərəbistanı Krallığı Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərar və qətnamələri dəstəklədiyini dəfələrlə bəyan edib. Səudiyyə Ərəbistanı Krallığı həmçinin münaqişə həll olunmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını da qəti şəkildə bəyan edib.

Cari ilin sentyabr ayında Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səuda təbrik məktubu ünvanlayıb. Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq elan edilməsi Günü münasibətilə təbrik məktubunda qeyd olunur ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur. Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur. Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırmışdır. Eyni zamanda Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı əsaslar yaratdığını deyib və biznes sahəsində əməkdaşlığın, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəfin qarşılıqlı maraq göstərdiyini bildirib.

Ölkə başçısı Səudiyyə Ərəbistanı Krallı

ğından nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza nəzərdə tutulan səfərini, orada aparılan yenidənqurma işlərinə göstərdikləri marağı və Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrinin ölkəmizə investisiya qoymaq istəklərini yüksək qiymətləndirib. Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük bərpa və yenidənqurma işlərinin Səudiyyə Ərəbistanı Krallığında hələ də böyük sevinclə izlənildiyini vurğulayıb. Səudiyyə Ərəbistanının Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edən qonaq deyib: "Biz çox şadıq və ümid edirik ki, yenidənqurma və bərpa işləri vasitəsilə sizin sülh mərhələsinə keçidiniz uğurlu olacaq". Qonaq bunun bölgəyə firavanlıq gətirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Dekabrın 19-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilib. Hər iki ölkədən biznes icmalarının nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, seminar, dəyirmi masa və digər tədbirlərin təşkilinə kömək edəcək, biznes dairələri arasında informasiya mübadiləsini həyata keçirəcəkdir.

Qeyd edək ki, Müştərək Komissiya öz işini Azərbaycan-Səudiyyə Ərəbistanı investisiya forumu çərçivəsində davam etdirib, əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, bir sıra sənədlər imzalanıb.

Mustafa KAMAL,

"Respublika".