Azərbaycan beynəlxalq tədbirlərə qalib ölkə kimi qatılır
Digər xəbərlər

Azərbaycan beynəlxalq tədbirlərə qalib ölkə kimi qatılır

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyasının 78-ci yüksək səviyyəli həftəsində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində keçirilmiş növbədənkənar iclasında Ermənistanın növbəti təxribat xarakterli mövqeyi onun regionda sülh tərəfdarı olmadığını bir daha nümayiş etdirdi. Bu cür qeyri-konstruktiv mövqe isə iflasa məhkum idi, belə də oldu.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman NƏsirov bildirib ki, Ermənistan Respublikasının hərbi və siyasi rəhbərliyinin bütün anti-Azərbaycan planlarının iflasa uğramağa məhkumluğu bir həqiqətdir: "2020-ci ildə döyüş cəbhəsində ağır məğlubiyyətə düçar olan və kapitulyant statusuna enmiş Ermənistanın siyasi rəhbərliyi diplomatik müstəvidə uğur qazanmağa cəhd etsə də, uğursuzluq yenə də onları müşahidə etməkdədir. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbuluna çalışan və bu istiqamətdə bütün havadarlarını səfərbər etmək istəyən Ermənistan əslində bu dəstəkdən də kənarda qaldı. Çünki Azərbaycan diplomatiyası öz sözünü dedi. Azərbaycan diplomatiyası həqiqətləri beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırdı və Ermənistan bu zaman hücum taktikasından istifadə etdi. Ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi innovativ, kreativ xarici siyasət kursu öz müsbət nəticəsini verdi və dünyanın ən böyük universal beynəlxalq təşkilatı çərçivəsində aparılan müzakirələr də Ermənistanın növbəti məğlubiyyəti ilə yekunlaşdı. Yəni həm döyüş, həm də diplomatiya cəbhəsində böyük məğlubiyyətlər seriyasını yaşayan Ermənistan bu günləri idman dili ilə - boks termini ilə desək, nakaut vəziyyətindədir. Belə olan təqdirdə ermənilər bu ağır vəziyyətin də reallığını dərk edir".

Deputatın sözlərinə görə, Ermənistanın baş naziri "Qarabağ Azərbaycandır" ifadəsini də səsləndirmiş olur, həm də Azərbaycanın ərazi bütövlüyü tanınır, onun parametrləri göstərilir: "Düzü, hələ ki, bu, sözdə baş verir. Eyni zamanda da belə vəziyyətdə Ermənistanın siyasi hakimiyyətinə təzyiqlər, daxildə iğtişaşlar güclənir. Paşinyan, onun hökuməti xəyanətdə ittiham olunur və bu reallıqlar da məcbur edir ki, o, ehtiyatlı davransın,  siyasi manipulyasiya ilə məşğul olsun, siyasi manevrlər etsin və hətta ayrı-ayrı hallarda hərbi təxribatlara imza atsın. Bu günlərdə biz Ermənistanın hərbi təxribatlarının da intensivləşdiyini görürük. Baxmayaraq ki, onun heç bir real nəticəsi olmayacaq. Onlar guya ki, Ermənistandakı siyasi hakimiyyətin öz siyasətində kompromissiz olduğunun bir görüntüsünü yaradır. Lakin Azərbaycan öz diplomatiya uğurlarını davam etdirməkdədir".

Parlamentari vurğulayıb ki, indi də BMT Baş Assambleyasının 78-ci yüksək səviyyəli həftəsi keçiriləcək və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da bu tədbirdə iştirak edəcək: "Biz bu tədbirə qalib kimi qatılırıq. Azərbaycan öz sözünü hər yerdə deyir. BMT-nin məlum dörd qətnaməsini Azərbaycan özü icra etdi - torpaqlarımız işğaldan azad olundu. Ancaq hesab edirəm ki, BMT-nin hər bir qətnaməsində qeyd olunan erməni silahlı qüvvələrinin tam dərhal və qeyd-şərtsiz çıxarılması məsələsinə diqqət yetirməyin vaxtıdır. Çünki erməni silahlı qüvvələri hələ Qarabağdan tam çıxarılmayıb. Hələ də orada təxminən on iki min nəfərlik qeyri-qanuni silahlı qruplaşma mövcuddur. Bu, həm də 10 noyabr sənədinin bəndlərinə ziddir. Biz bu məsələləri beynəlxalq aləmdə yenidən ən aktual bir məsələ kimi dilə gətirməliyik. Azərbaycan diplomatiyası da bu istiqamətdə fəaliyyətini genişləndirir və hörmətli xarici işlər nazirimizin də BMT çərçivəsindəki tədbirdə bu məsələləri bir daha dilə gətirəcəyi Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini ortaya qoyacağı heç kimdə şübhə doğurmur".

Nuranə DAXİLQIZI,

"Respublika".