Arif Əsədov: Albaniya və Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacağıq
Gündəm

Arif Əsədov: Albaniya və Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacağıq

“Hər iki qarşılaşmada məqsədimiz qələbədir”.

"Respublika" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Arif Əsədov təlim-məşq toplanışı və komandanın qarşıdakı beynəlxalq yoldaşlıq görüşlərinə hazırlıq barədə danışarkən deyib.

O, komandanın bu gündən tam heyətlə taktiki planda hazırlaşdığını bildirib: “Hazırlığın birinci mərhələsini başa vurmuşuq. İlk mərhələdə mövsümü nisbətən erkən başa vuran klubların oyunçularını heyətə cəlb etmişdik. Əsasən fiziki çalışmalara önəm verdik. Dünəndən komanda tam heyətlə bir araya gəlib. Artıq qarşıdakı oyuna taktiki hazırlıq gedir. Hamıya məlumdur ki, iyunun 2-də keçirilən Azərbaycan Kubokunun final oyununda milli komandanın 8 üzvü iştirak etmişdi. Həmin görüşdə meydana çıxanlar üçün dünən bərpa məşqi oldu. Bu gündən etibarən Albaniya ilə qarşılaşmaya tam heyətlə hazırlaşırıq”.

Məşqçi liqalarda mövsüm yeni başa çatdığından, futbolçuların yorğun olduqlarını bildirib: “Elə bir dönəmdir ki, oyunçuların durumunda disbalans var. Bəziləri zədədən yeni qayıdıb, bəziləri son matçlarını 15-20 gün əvvəl keçiriblər. Biz də qarşıdakı görüşlərdə bu durumu nəzərə alacağıq”.

Mütəxəssis həm Albaniya, həm də Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacaqlarını vurğulayıb: “Albaniya komandası Avropa çempionatına vəsiqə qazanıb. Əsas heyətlərində daxili çempionatda oynayan futbolçu, demək olar ki, yoxdur. Futbolçuları İtaliya, İngiltərə və digər tanınmış futbol ölkələrinin klublarında çıxış edirlər. Bu da Albaniyanın güclü komanda olduğunu göstərir. Həmçinin sonrakı rəqib Qazaxıstan da güclü kollektivdir. Onlar da Avropa çempionatına vəsiqə qazanmağa çox yaxın idilər. Bu baxımdan hər iki qarşılaşma bizim üçün yaxşı sınaq olacaq. Yoldaşlıq görüşləri olduğundan, bütün futbolçulara şans verməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya, iyunun 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.