2024-cü ilin ilk möhtəşəm müjdəsi
Siyasət

2024-cü ilin ilk möhtəşəm müjdəsi

Dövlət başçısı bu yeni ildə də ölkəmizi böyük tarixi əhəmiyyətli hadisələr gözlədiyinin anonsunu verdi

2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar”. Bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev deyib. “Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”.

Tarixi qələbələrlə, möhtəşəm uğurlarla yaddaşımızda qalan 2023-cü il başa çatdı. 2024-cü ildən də gözləntilərimiz böyükdür. Çünki nəyi nə zaman etmək lazım olduğunu hər kəsdən yaxşı bilən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər dəfə çıxışında yeni planların, xoş gələcəyin anonsunu verir. İndiyə qədər verilən bütün anonslar artıqlaması ilə gerçək olub. Ona görə də bundan sonrakı mesajların da gerçəkləşəcəyinə xalqımız əmindir. Ötən ilin sonu, yeni təqvim ilinin başlanması münasibətilə Azərbaycan Prezidentinin xalqa ənənəvi müraciəti bu dəfə də qlobal müstəvidə baş verən hadisələr fonunda çox mühüm tarixi hadisə olaraq yadda qaldı. Müraciət həmçinin 2023-cü ildə ölkəmizin həyatında baş vermiş önəmli hadisələrin təqdimatı və 2024-cü ildə qarşıda qoyulan əsas vəzifələrimizin, prioritetlərimizin, hədəflərimizin yol xəritəsi idi. Prezident İlham Əliyevin xalqımıza müraciətinin əsas leytmotivi isə ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası, güclü ordu, hərbi sənayenin inkişafı və iqtisadi inkişaf oldu. Bu həm də Azərbaycan tarixində bir ilk idi, çünki dövlət başçısı ilk dəfə ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkənin xalqına müraciət edirdi. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa edibdir.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. Ermənistan üzərində qazanılan tarixi qələbədən, müvəffəqiyyətlə həyata keçirilən antiterror tədbirlərindən sonra bu proses yeni vüsət alıb. Bu gün azad ərazilərdə görülən möhtəşəm işlər, xüsusən də müasir yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, beynəlxalq hava limanlrının istifadəyə verilməsi, elektrik stansiyalarının quraşdırılması, yeni yaşayış, məktəb, səhiyyə binalarının tikilməsi, uşaq bağçalarının, mədəni-məişət obyektlərinin istifadəyə verilməsi, əhalinin Laçına, Füzuliyə, Zəngilana köçürülməsi, yeni ağıllı kənd və şəhər layihələrinin reallaşdırılması da qeyd edilənlərin təsdiqidir. Təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir.

Beləliklə, Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerlə-yeksan edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir. Azad olunmuş ərazilərdə bütün lazımi təminat işlərinin görülməsi, sosial infrastruktur qurulması fonunda keçmiş məcburi köçkünlər Böyük “Böyük Qayıdış” Proqramı çərçivəsində mərhələlərlə öz dədə-baba yurdlarına qayıdırlar. İlkin mərhələdə 100 yaşayış məntəqəsi, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpası nəzərdə tutulub. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün artıq öz doğma torpaqlarına qayıdıb. Xankəndi sakinlərinin da bu il öz evlərinə qayıdışına start verilməsi Ermənistandakı revanşist qüvvələrin və Fransa kimi qızışdırıcıların spekulyasiyalarına da son qoyacaq. Artıq beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. İşğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, obyektlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. Həyata keçirilən bütün bu tədbirlər işğaldan azad edilmiş ərazilərimizin milli iqtisadiyyata sürətli inteqrasiyası, müasir infrastrukturla təmin olunması və layiqli yaşayış şəraitinin, sosial rifahın yaradılması istiqamətində genişmiqyaslı tədbirlərə mühüm töhfələr verəcək.

Prezident İlham Əliyevin müraciətində milli birlik, həmrəylik amili də qabarıq vurğulandı. Dövlətimizin başçısı tarixi Zəfərimizin - İkinci Qarabağ müharibəsindəki Zəfərin, habelə lokal antiterror əməliyyatının nəticələrini, torpaqlarımızın işğalçılardan azad olunmasının, separatçı rejimin çökdürülməsinin yaratdığı yeni reallıqları xalqımızda, bütün dünya azərbaycanlılarında müşahidə olunan həmrəylik ovqatı ilə əlaqələndirdi. Belə ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidentinin bayram müraciəti, eyni zamanda, milli maraqların təmin olunması baxımdan həm də mühüm əhəmiyyət  daşıyır. Xüsusən ikili standartlarla yaşayan Qərbə və Ermənistan rəhbərliyinə ünvanlanan xəbərdarlıq fonunda Azərbaycanın güc və imkanları bir daha ön plana çıxmış oldu. Ölkə Prezidentinin dediyi kimi, adıçəkilən subyektlər, xüsusən Ermənistan rəhbərliyi bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib ki, “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. “Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.” Bir sözlə, yeni ildə bizi böyük tarixi əhəmiyyətli hadisələr gözləyir.

Mustafa KAMAL,

“Respublika”.