Zəfərimiz əbədidir!
Siyasət

Zəfərimiz əbədidir!

Qüdrətli Azərbaycan dövlətinin daha bir Zəfəri tarixə qızıl hərflərlə həkk olundu. Hərbi-diplomatik sferada düşməni diz çökdürən müzəffər Ali Baş Komandan, ölkə başçımız İlham Əliyev xalqımıza növbəti uğuru bəxş etdi. Aprelin 19-da Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşünün nəticəsi kimi işğal altındakı 4 kəndimizin geri qaytarılması barədə razılıq əldə olundu.

Ermənistanın baş naziri Nikol Paşiyanın sülh razılaşmasından yayınma cəhdləri sonda uğursuzluğa dücar oldu. Dörd kəndimiz bir güllə belə atılmadan geri qaytarıldı. Əslində daim sülh çağırışları edən, delimitasiya və demarkasiya prosesində maraqlı olduğunu bildirən Paşinyanın verdiyi vədlər sadəcə sözlə məhdudlaşırdı. Yalnız rəsmi Bakının direktivləri fonunda daha tab gətirə bilməyən haylar diplomatik masada imperativlərimizi qəbul etməli oldular. Anti-Azərbaycan qüvvələri hər vəchlə işğal altındakı kəndlərimizin aqibətinə kölgə salmağa çalışsalar da, buna nail ola bilmədilər. Xüsusilə, Nikolun müxtəlif vədlərlə normallaşma prosesindən yayındırılması, Ermənistana havadarlığın fonunda Cənubi Qafqazda sabitlik əldə etmək olduqca çətinləşir. Rəsmi İrəvan qüdrətli Azərbaycan dövlətinin "dəmir yumruğ"una yaxşı bələd idi və qeyri-anklav kəndlərimizin geri qaytarılması məsələsində səbir kasamızın getdikcə dolduğunun fərqinə vardı. Digər tərəfdən regional müstəvidə, xüsusilə ikitərəfli görüşlərdə müsbət ab-havanın mövcudluğu danılmazdır. Məhz Azərbaycanla Ermənistan arasında əldə edilən razılıq da bu çərçivədə baş tutub. Nəzərə almaq lazımdır ki, Ermənistan Qərbin təsiri nəticəsində son zamanlar sülh prosesindən xeyli uzaqlaşmışdı. Delimitasiya və demarkasiya ilə bağlı verilən vədləri əməldə öz əksini tapmırdı. Yalnız qüdrətli Azərbaycan dövlətinin, ölkə başçımızın uğurlu diplomatik siyasəti nəticəsində olduqca mürəkkəb geosiyasi mövqedə yerləşən ölkəmiz tarixi nailiyyətlərə, Zəfərlərə, Qələbələrə imza atdığı kimi, 4 kəndimizin geri qaytarılması məsələsində də müzəffər oldu.

Xüsusi vurğulanmalıdır ki, dünya olduqca mürəkkəb və ziddiyyətli dövrünü yaşamaqdadır. Qlobal güclərlə balanslı siyasəti ilə paralel olaraq qonşuluq münasibətlərini daim ön planda tutan dövlətimiz regional lider ölkə kimi tanınır. Məlumdur ki, kollektiv Qərbin və ABŞ-ın regiona mənfi təsirləri, baş verən qlobal proseslərin fonunda Azərbaycanın öz müstəqil siyasi xəttini qoruyub saxlaması, qlobal sferada söz sahibinə çevrilməsi olduqca önəmlidir. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan siyasətin və ümumiyyətlə, tariximizin ən böyük qələbəsidir. Bu Zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində qazanılsa da, ona gedən yol uzun illərin ağır zəhməti və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə rəğmən əldə edilmişdir.

Hər günü bir tarix olan 44 gündə ərazi bütövlüyünü bərpa edən ölkəmiz 24 saatdan az bir vaxtda reallaşdırdığı antiterror tədbirləri ilə öz qətiyyətini bütün dünyaya növbəti dəfə nümaiş etdirdi. Dövlətimiz qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Azərbaycan ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Ötən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərqərar edildi. Azərbaycan dövləti postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü bərpa edən ilk dövlət kimi tarixə düşdü.

Ölkə başçımız 2021-ci il dekabrın 10-da keçirilən Azərbaycan Ordusunun Zəfər paradında deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq. Və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşməni məğlub etdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi". Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri, nitqində yer alan çağırışlar, dünyaya mesajlar azərbaycanlı olan hər bir fərdi daha da ruhlandırır, gələcəkdən gözləntisini artırır. Əzəmətli bayrağımızın dalğalandığı Şuşada, Xankəndidə və digər əzəli ərazilərimizdə bu gün bayram ab-havası var. Daha bu yerlərdən atəş səsi və barıt qoxusu gəlmir. Yurdun öz doğma sahibləri qurub-yaradır.

Ali Baş Komandanın vurğuladığı "Dəmir yumruq" daha möhkəm, ölkəmizin müstəqilliyi isə əbədidir. Məhz bunun məntiqi nəticəsidir ki, 100 ildən çox olan dövlətçilik tariximizdə ilk dəfə vahid, müstəqil, konstitusiya quruluşunu bütün ərazilərində bərpa edən Azərbaycana şahidlik edirik. Kənar təzyiqlərə rəğmən, Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi qətiyyətliyini aydın görürük. Ölkə başçısı bütün təzyiqlərə sinə gəlir və vaxtında atılan diplomatik addımlarla Qələbələrdən Qələbələrə irəliləyir.

Nurlan ABDALOV,

"Respublika".