İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Yeniyetmə cüdoçularımız birinci yeri tutublar

Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışlarında Azərbaycan yığması medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub. Cüdoçularımız 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan idmançılarımız ikinci gün bütün rəqiblərini məğlub edərək daha 3 qızıl və bir bürünc medala sahib olublar.

 

Bədii gimnastlarımız Fransada altı medal qazanıblar

Fransanın Tiye şəhərində keçirilən bədii gimnastika üzrə 34-cü Beynəlxalq Qran-pri yarışında yığmamızın üzvü Zöhrə Ağamirova gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medallara layiq görülüb. Gimnastımız çoxnövçülük proqramında da gümüş mükafat qazanıb. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıblar.

 

 

Taekvondoçularımız Rumıniyada üç medala sahib olublar

Rumıniyanın paytaxtı Buxarestdə üçüncü Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turnirinin sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb. Həmidreza Bədriəliabadi (+87 kq) yarımfinalda italiyalı rəqibinə məğlub olaraq bürünc medala sahib olub. Dörd taekvondoçu ilə yarışa yollanan komandamız 3 mükafata layiq görülüb. Daha öncə Səyyad Dadaşov (54 kq) həm qızıl medal, həm lisenziya, Xanoğlan Kərimov (63 kq) isə bürünc medal qazanıb. Bu göstərici Azərbaycan millisini komanda hesabında ikinci edib.

 

Dünya kuboku yarışlarında çıxış edəcək bədii gimnastlarımız bəlli olub
Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.
Turnirdə 46 ölkədən idmançılar fərdi və qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Ölkəmizi turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv təmsil edəcək.
Üç gün ərzində baş tutacaq yarışlarda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Yarışlarda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına evsahibliyi edib.

 

Beynəlxalq turnirin qalibi

Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə Şirvan Şəhər Olimpiya İdman Kompleksinin yetirməsi 2007-ci il təvəllüdlü  Zidan Hümbətov  48 kiloqram çəki dərəcəsində turnirin qalibi olub. Zidanın məşqçisi Kompleksin boks müəllimi Ruslan Dadaşovdur. Qeyd edək ki, turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları mübarizə aparıblar. Turnirdə mükafatlar uğrunda ümumilikdə 100-dən artıq boksçu öz gücünü sınayıb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.